Ermənistan müdafiə naziri Seyran Ohanyan bu gün Azərbaycanla sərhəddə yerləşən döyüş mövqeyinə gəlib.
Virtualaz.org saytı erməni mənbələrinə istinadən xəbər verir ki, Ohanyanın Azərbaycanla sərhəd Tavuş bölgəsində yerləşən döyüş mövqeyinə gəlməsinin səbəbi mayın 10-da həmin mövqedə baş vermiş əsgər ölümüdür.
Belə ki, Ermənistan ordusunun sıravi əsgəri Nerses Karapetyan səhər saatlarında döyüş mövqeyində başından güllələnmiş vəziyyətdə tapılıb. Əsgər xəstəxanaya aparılarkən yolda ölüb. Ermənistan Müdafiə Nazirliyi əsgərin kimin gülləsindən öldüyünü açıqlamır.
S.Ohanyan döyüş mövqeyinə baş çəkəndən sonra hərbi polisin İcevan şöbəsində insidenti araşdıran istintaq qrupu ilə müşavirə keçirib, habelə hərbi hissə komandirləri ilə görüşüb.
“Nazir bu insidenti araşdırılmasına nəzarəti öz üzərinə götürüb, tapşırıb ki, araşdırmanın gedişi ilə bağlı ona müntəzəm məruzə edilsin və günahkarlar tapılsın” - deyə Ermənistan Müdafiə Nazirliyi bildirir.
Modern.az