Modern.az

120 dövlət Qarabağla bağlı mövqeyini AÇIQLAYIB

120 dövlət Qarabağla bağlı mövqeyini AÇIQLAYIB

Təhsil

30 May 2014, 00:02


Qoşulmama Hərəkatının mayın 28-29-da Əlcəzairdə keçirilən XVII xarici işlər nazirləri iclasında qəbul edilmiş yekun Əlcəzair sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bənd yerləşdirilib. Modern.az bildirir ki, bu barədə AzərTac məlumat yayıb.

Bənddə deyilir: “Nazirlər (Qoşulmama Hərəkatına üzv olan 120 dövlətin xarici işlər nazirləri) BMT Təhlükəsizlik Şurasının qətnamələrinə (S/RES/822, S/RES/853, S/RES/874, S/RES/884) baxmayaraq, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həll edilməməsinə, bu münaqişənin beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməkdə davam etməsinə münasibətdə narahatlıqlarını ifadə etmişlər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha qeyd etmiş və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həllini davam etdirməyə çağırmışlar”.

120 dövlətin üzv olduğu Qoşulmama Hərəkatı BMT-nin Baş Məclisindən sonra dünya miqyasında ən çox dövlətin təmsil olunduğu nüfuzlu beynəlxalq təsisatdır. Bu təsisatın xarici işlər nazirləri tərəfindən qəbul olunan yekun sənəddə münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həllinə çağırış beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair qəti mövqeyinin daha bir tutarlı göstəricisidir.

Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII xarici işlər nazirləri iclasında Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib. Elmar Məmmədyarov Azərbaycan Respublikası və Qoşulmama Hərəkatında ölkəmizin təmsil olunduğu Avropa qrupu adından çıxış edib və Qoşulmama Hərəkatının xarici işlər nazirləri iclasının sessiyasına sədrlik edib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı