
Rusiyanın Kanadadakı səfiri Georgi Məmmədov rəsmi Ottavanın “antirus ritorikası” ilə çıxış etdiyini vurğulayıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Kanadada 11 illik səfir xidmətini iyun ayında başa vuracaq Məmmədov iki ölkənin münasibətlərindəki gərginliyə görə Kanadanı ittiham edib.
Azərbaycan mənşəli səfir Kanadanın Arktikanın gələcək statusu və təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşlərdən imtina etdiyini, Ukraynadakı hadisələrə görə bir neçə rus diplomatını ölkədən çıxartdığını və Rusiya biznesmenlərinə vizanın verilməsində süni əngəllər yaratdığını xatırladıb.
Sonda Georgi Məmmədov Kanada hakimiyyətini sovet dövrünə xas olan təbliğat kompaniyasından imtina etməyə səsləyib.
Xatırladaq ki, Rusiyanın Kanadadakı səfiri Georgi Məmmədovun atası Ənvər Məmmədov 1923-cü ildə Bakıda anadan olub. O 1946-cı ildə faşistlərin liderlərini mühakimə edən Nürnberq tribunalında sovet nümayəndə heyətinin tərkibində olub. 1962-ci ildə Sovet Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunan soydaşımız 1985-ci ilə qədər bu vəzifədə qalıb. 5 dil bilən Əinvər Məmmədov indi də Moskva şəhərində yaşayır. Ənvər Məmmədovun nəvəsi və Georgi Məmmədovun oğlu, “Volqaburmaş” şirkətinin sahibi Sergey Məmmədov tanınmış rus tennisçisi Anastasiya Mıskinanın həyat yoldaşıdır. Cütlüyün 3 oğlu var.
Vüqar İsmayılov