
Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclası öz işinə başlayıb. Modern.az xəbər verir ki, gündəliyin təsdiq olunmasından sonra millət vəkili İqbal Ağazadə çıxış edərək 28 may Respublika günü ilə bağlı Prezidentin verdiyi əfv sərəncamını yüksək qiymətləndirib.
O, spikerə müraciət edərək gözlənilən və əfv olunmayan şəxslərin də əfv olunmasını istəyib. “Prezidentin verdiyi əfv sərəncamını yüksək qiymətləndirirəm. Amma həbs olunan bəzi şəxslər var idi ki, onların əfv olunması gözlənilirdi. İsmayıllı hadisələrinə görə həbs olunan İlqar Məmmədov, Tofiq Yaqublu, “Nida”çı gənclərin və çoxsaylı gənclərin bu əfv fərmanında azadlığa çıxarılacağı gözlənilirdi. Amma onlar budəfəki əfv siyahısına düşmədi. Bu gün Milli Məclisin yaz sessiyasının son iclasıdır. Amma parlament yenidən toplaşacaq. Amnistiya Aktının, ya da yenidən Prezidentin imzası ilə əfv sərəncamının imzalanması və həmin gənclərin əfv olunması xalqda da yüksək əhval-ruhiyyə yaradacaq. Bununla bağlı sizə də müraciət edirəm”.
Gültəkin ƏLƏSGƏR