
Modern.az saytı xəbər verir ki, Milli Məclisin bugünkü iclasında Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov seçildiyi dairədə yaşayan sakinlərin tez-tez üzləşdiyi problemləri qaldırıb.
"Mən bu günlərdə (mayın 22-si və 23-də) Qazax rayonunun Çaylı, Ağstafa rayonunun Köçəskər və Tovuz rayonunun Hacıallı kəndlərində seçicilərimlə görüşlər keçirdim. Çaylı və Köçəskər kəndlərinin sakinləri içməli və suvarma sularına böyük ehtiyacları olduqlarını bildirdilər. Çaylıda həmçinin kəndin əsas yolunun asfaltlanmasını xahiş etdilər. Həm də dedilər ki, hörmətli nəqliyyat nazirimiz Ziya Məmmədov onlara bu yolu düzəltməyə söz verib. Dedim ki, əgər söz veribsə, yəqin ki, edər. Bütün bu deyilənlər barədə müvafiq orqanlara deputat sorğuları göndərəcəm.
Tovuz rayonunun Hacıallar kənd sakinləri sərhəd bölgəsində Ermənistanla təmas xətti ərazisində yaşayır və davamlı olaraq düşmən atəşinə məruz qaldıqlarını bildirdilər. Elə görüş keçirdiyimiz məktəb binasının güllə-baran edilən yerlərini də mənə göstərdilər. Əhali doğurdan da düşmən atəş zonasında səksəkəli yaşayır, kənddə işsizlik, müharibə vəziyyətindən doğan çətinliklər də var.
Yerli sakinlər torpaqlarından faydalanmaqda çətinlik çəkir, əsas fəaliyyətləri olan əkinçilik və heyvandarlıqla lazımi səviyyədə məşğul ola bilmirlər. Bu isə öz növbəsində onların gəlirlərinin azalmasına səbəb olur və həyat şəraitlərinə mənfi təsir göstərir.
Məhz ona görə görüşə gələnlərin hamısı bir səslə atəş bölgəsində qeyri-normal şəraitdə yaşadıqlarını nəzərə alaraq, sərf etdikləri elektrik enerjisinin və təbii qazın dəyərinin ödənilməsindən qismən azad olunmalarını və ya büdcədən müəyyən kompensasiyanın alınmasını xahiş etmişlər. Düşünürəm ki, onların xahişləri əsasladır və bu cür riskli şəraitdə yaşayan soydaaşlarımıza müəyyən güzəştlərin tətbiq edilməsi dövləti maraqlarımıza tam uyğundur.
Bir analoq kimi, dünyanın digər münaqişəli bölgələrində qarşı tərəflə təmas zolağında yaşayan əhali üçün nəzərdə tutulan güzəşt və stimulları göstərmək olar. Məsələn, Qəzza bölgəsi ilə təmas zolağında yaşayan əhali üçün İsraildə xüsusi “Sderot qanunu” qəbul edilmişdir. Bu qanuna əsasən, təmas xəttindən 7 kilometr məsafəyədək yerləşən yaşayış məntəqələrinin əhalisi vergi, rüsum, investisiya, səhiyyə və təhsil məsələlərində güzəştlərə malikdir.
Məsələnin sistemli həlli üçün təklif edirəm ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş və növbəti beşilliyi əhatə edən Azərbaycan Respublikasi regionlarinin 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramına Ermənistanla sərhəd və cəbhəyanı bölgələrinin inkişafına dair ayrıca bir bənd əlavə edilsin. Bu bölgələrə aid yaşayış məntəqələrində infrastrukturun yaxşılaşdırılması məsələləri ön plana çəkilsin, burada yaşayan vətəndaşlarımızın döğma yurdlarını tərk etməməsi üçün stimul və güşəştlər sisteminə yenidən baxılaraq, tutarlı tədbirlər əlavə edilsin”.
Gültəkin ƏLƏSGƏR