1998-ci ilin elə bu vaxtları idi, mətbuata təzə gəlmişdim. O zaman çayxanada təsadüfən eşitdiyim söhbət mənə uzun illər yuxu kimi gəldi. Əbülfəz Elçibəyin ünvanına “döşəyir”dilər. Bir anlıq donub qalmışdım, partiyasının rəhbər orqanlarında yer alan bir liderin ünvanına hədyanlar yağdırmaq...
Gənc olsam da, AXC-nin ilk özək təmsilçilərindən biri kimi bu fakt mənə çox pis təsir eləmişdi. Düzü, hələ onda doğru-dürüst “Yurd”un mahiyyətini anlaya bilməmişdim. Hətta jurnalistikada ilk addımlarımı atdığın qəzetdə adımın ixtisarlar sırasında görəndə də yeni rəhbərliyin “Yurd”çular olmasına diqqət etməmişdim. Mən Əbülfəz bəyin məhkəməsindən, gözəl insan Vaqif Bayatlının sədrliyi ilə fəaliyyətdə olan Müdafiə Komitəsinin, Bəyin rəhbərlik etdiyi Bütöv Azərbaycan Birliyinin toplantılarndan reportajlar yazırdım o zaman – bunların asi çıxdığı liderin.
Azərbaycanın böyük insanlarından olan, dövlətin prezidenti, yaratdığı təşkilatın rəhbəri olmuş şəxsə xəyanətkar mövqedə olan şəxslər üçün qeyri-“Yurd”çu bir gənci vurmaq nə çətin iş idi ki? O zaman hətta Zahid Oruc rəhbərlik etdiyi qəzetdə mənə iş təklif etmişdi, siyasi mənsubiyyət fərqimiz olduğundan razılaşmamışdım, indiyə qədər də həmin hadisəni xatırlayırıq. Zahid Oruc öz liderinə sədaqətini fəaliyyəti boyu isbatlayıb.
Bunlar isə hətta siyasət elmini əxz etdikləri liderlərinə asi oldular. Onları daim dar çevrədəki maraqları düşündürüb. Partiyadan qopanlar özləri deyir bunu. Yalnız bu qrupla eyni cür düşünməli, eyni addımlamalı, eyni anda geri çəkilməlisən. İndi durub səmimi müttəfiqlikdən danışırlar. Səmimiyyəti Elçibəyə münasibətdə gördük. 2003-cü ildə İsa Qəmbərə qarşı koalisiya qurmağınız da faktdır. Hətta o zaman Rəsul Quliyev münasibətlərdə bunlardan daha səmimi idi. 2005-ci ildə “Qələbə” meydanında “uca xalq”a xitab edib meydanda qalmağa çağırış etməklə əslində demokratik düşərgənin belini qırdıqları da həqiqətdir.
Yadımdadır, həmin aksiyadan bir ay sonra AXCP sədrindən müsahibə almaq istəyəndə qəzetimizdə gedən bir köşədəki fikirləri arqument kimi xatırlayıb “indi mən də uşaqlara deyim İsa Qəmbərinmi haqqında yazsınlar” söylədi. Donub qaldım, “bəy, siz ölkəyə rəhbərlik etmək iddiasında olan partiya sədrisiniz, müttəfiqlik münasibətlərinizi bir köşədəki cümlə üzərindəmi tənzimləyirsiniz” sualını verməkdən özümü saxlaya bilmədim. O gündən gördüm ki, bunların ürəyi nə boydadır. Gördüm ki, o ürəkdə hətta bir köşə yazarının tənqidi fikirləri də qəzəb və nifrətin toplanmasına səbəb ola bilər. Belə ürək sahibi Azərbaycana rəhbərlik edə bilməz, həmçinin də eyni cür düşünən, komanda adlandırdıqları bir qrup. Bunlar iqtidar olsaydı və Əliyevlər hakimiyyəti haqqında illərdir yazılanların yüzdə biri bunlar haqqında yazılsaydı, onu yazanların taleyi necə olardı?
Bunlar hətta dünənə qədər birgə yol gəldikləri fədakar insanların belə tənqidinə, gileyinə dözümlü deyillər. AXCP-ni sonuncu tərk edənlərdən biri Şakir Abbasov oldu, Qarabağ döyüşçüsü, hər zaman mübarizə meydanında olan birisini elə qaraladılar ki, sanki belə bir adam olmayıb. Dünənə qədər müşavir kimi mitinqlərdə söz verdikləri şəxsin indi sıradan birisi olduğunu deyirlər. Belələri ilə “uzun, incə yol” getmək mümkündürmü? Təbii ki, yox.
Sanki Azərbaycanın ayrı dərd-səri yox imiş, neçə gündür İkram İsrafilin oğul toyunu müzakirə edirlər, qonaqlar haqqında diskussiya açıblar. Bunlar düşüncə tərzinə görə hətta bir neçə əsr geridə qalıblar. Anlamaq istəmirlər ki, adət-ənənə və siyasət tam fərqli şeylərdir, bunların qarışdırılması, bir tutulması ölkəni yalnız fəlakətə, qan düşmənçiliyinə aparır. Bunlar qəbilə, tayfa maraqlarından irəli gələn münasibətdir. Necə ki, Orta Şərqdə bu səbəblərdən at izi it izinə qarışıb, qan su yerinə axır.
Hətta erməni şahmatçı Harri Kasparov Azərbaycana Putin təhlükəsindən danışır, xəbərdarlıq edir, narahatlığını bildirir, Qarabağ məsələsində təhlükəli anın yaxınlaşdığı haqda diskussiyalar gedir, bunlar müsavatçının toyuna gələn Aydın Mirzəzadə ilə bağlı müzakirə açıblar. O Mirzəzadəni ki, cəmi 10 gün əvvəl bu adamların mitinqinə təhqiramiz formada yanaşan həmkarını sərt şəkildə qınamışdı.
“Orda bir qrup adamlar var ki, AXCP-ni mənimsəyiblər. Bu gün Əbülfəz Elçibəyin ünvanına ən təhqiramiz sözlər orda gedir. Buna görə də onlarla sözlərim düz gəlmir”. Bunu da 2 il Əli Kərimlinin müşaviri olmuş Şakir Abbasov deyib. Bunlar təhqir maşınına çevriliblər, hər kəsi təhqir edirlər, Elçibəyi də, müsavatçını da, hakimiyyəti də. Normal polemika, normal yanaşma mədəniyyətindən sürətlə uzaqlaşırlar. Görün hansı həddə çatıblar ki, fərqli dünyagörüşə malik adamlarla bir toy məclisində iştirakı ən ağır ifadələrlə aşağılayırlar. Milli-mənəvi dəyərləri bu qədər ayaqaltı ediblər. Guya ki, bunlar YAP-çılarla bir masa arxasında oturmur.
“Mən Əli bəyi həm də ona görə lider sayıram ki, o da fotodakı şəxslər kimi YAP-çılarla duz-çörək kəsməz”-yazıb partiya funksioneri. Məgər doğrudanmı AXCP sədri indiyədək YAP-çılarla bir məclisdə oturmayıb? Bəs, görəsən, Əli Kərimli dəyərli ziyalımız Cəmil bəyin övladının toyunda YAP-çılarla bir məclisdə iştirakı özünə necə rəva görmüşdü? Nədən o vaxt müavini olan professora “YAP-çıları niyə toya çağırmısan” deməmişdi? Təbii ki, bunu desəydi, indiki kimi absurd olardı, məntiqsizlik nümayiş etdirərdilər. Ağıllı adamlar xeyir-şər məsələlərini siyasətə qarışdırmır. Heydər Əliyev bu ölkənin rəhbəri idi, ancaq ziyafət zamanı nimçəsini götürüb qonşu masadakı İsa Qəmbərə yaxınlamaqda, onunla söhbətləşməkdə qüsur görmürdü. Belə nümunələr müxalifətdə də var...
...Sirus Təbrizli ilə söhbətimizi xatırlayıram: Müsavat başqanı İsa Qəmbərin Heydər Əliyevin qardaşı Həsən Əliyevin dəfnində iştirakını bir nümunəvi hadisə kimi qeyd etmişdi. O zaman İsa bəy adət-ənənələrə sadiq qalaraq siyasi baxışları fərqli olsa belə, bu yas mərasimində iştirak edib başsağlığı vermişdi. Azərbaycanı bax, belə münasibətlər sisteminin mövcudluğu bəlalardan hifz edə bilər. Yoxsa...
Az qalır ki, İkram bəyin toy məclisində toplanan nəməri də hesablasınlar, kimin hansı valyuta ilə siyahıya yazıldığını müzakirə etsinlər. Bir də ki, müsavatçılara xitabən “Aydınlanın” deməklə adamları aşağıladıqlarını zənn edirlər. Ancaq unutmasınlar ki, Aydın Mirzəzadə indiyədək öz düşərgəsinə, öz liderinə, prezidentinə xəyanət etməyib, birilərindən fərqli olaraq.
Yeri gəlmişkən, mən Aydın Mirzəzadənin toy fotolarının ictimailəşməsinə görə Rauf Arifoğluna təşəkkür edirəm. Elə toyun gedişində əsl peşəkarlıqla müsavatçı məclisində iştirak edən YAP-çıdan bəhs edən xəbər-fotonu sayta yerləşdirdi, ilk oxucu da İsa bəy oldu. Əgər burda bir qüsur olsaydı, ilk irad İsa Qəmbərdən gələrdi, həm də İkram bəyə. Siz bu hakimiyyətə münasibətdə İsa bəydən çoxmu prinsipial mövqedəsiniz? Rauf bəyə həm də ona görə təşəkkür edirəm ki, bu fotolardan sonra bəzilərinin maskası cırıldı, iqtidarlı-müxalifətli cəmiyyət gördü ki, əslində bu ölkədə milli barışın tərəfdarı olmayan bir çete var və onlarla birgə yürüməyin mənası yoxdur, çətinə düşəndə adamı darda qoyub qaçacaqlar, kürəyindən vuracaqlar. Heyf o təşkilatdakı fədakar adamlara... Bunlar on illərdir bir düşərgədə olanları quyuya salıb kəndirini kəsmək üçün fürsət gəzirlər. Əks təqdirdə bir şəkil ətrafında bu qədər şivən qoparmazdılar...
Elşad PAŞASOY