Türkiyə mediası Suriyanın Kobani şəhərində gedən döyüşlər zamanı terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) Qafqaz üzrə komandiri, əslən azərbaycanlı Rövşən Bədəlovun öldürüldüyü barədə məlumat yayıb.
Modern.az saytı xəbər verir ki, məlumata görə, 50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov 25 döyüşçüsü ilə ilə birlikdə koalisiya qüvvələrinin İŞİD mövqelərini bombaladığı zaman öldürülüb.
Rövşən Bədəlov haqqında verilən məlumatda onun Azərbaycanın Tərtər rayonundan olduğu bildirilir.
Məlumata görə, Rövşən Bədəlov 2000 – 2001-ci illərdə Rusiya – Çeçenistan müharibəsi zamanı Pankisi dərəsi ərazisində “Tabuk” adlı dəstəyə rəhbərlik edib və ruslara qarşı döyüşüb.
2001–2002-ci illərdə dəstəsi ilə birlikdə Azərbaycana qayıdaraq Qarabağda döyüşmək istəyən R.Bədəlovun saxlanılaraq 10 il həbsə məhkum olunduğu bildirilir.
Daha sonra qeyd edilir ki, 2013-cü ildə azadlığa buraxılan Rövşən Bədəlov Suriyaya gedib. O, vaxtilə “Tabuk” adlandırdığı dəstəsini bərpa edərək İŞİD-ə qoşulub. Bu dəstədə daha çox azərbaycanlı döyüşçülərin olduğu bildirilir. İŞİD sıralarında nüfuza malik olan Rövşən Bədəlova Qafqaz əmiri titulu da verilib.

Modern.az