Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu 20 yaşlı tələbə qızın qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Modern.az-a verilən məlumatda bildirilib ki, oktyabrın 22-də saat 16-radələrində paytaxtın Xətai rayonu ərazisində yaşayan 1994-cü il təvəllüdlü Nuriyeva Günel Etibar qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri ilə müşayiət olunan meyiti aşkarlanıb. Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq eskpertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun, həmçinin Xətai rayon hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, G.Nuriyeva ilə eyni ünvanda yaşamış kiçik bacısı Pərvanə Nuriyeva tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, 20 yaşlı Günel Etibar qızı Nuriyevanın başı kəsilmiş meyiti tapılıb. G.Nuriyeva Bakıda fəaliyyət göstərən musiqi məktəblərindən birinin ikinci kursunda oxuyurmuş.
Modern.az