
1992-ci il mayın 19-da Laçın rayonunun altı kəndində hamilə qadınlar üçün dar ağacı qurulmuşdu. Modern.az saytının məlumatına görə, İran jurnalisti Səyyah Hüseyn bu haqda yazır: “...Dar ağacları məni vahiməyə salmışdı... Alxaslı kəndində qurulan qoşa dar ağacında iki qadın asılmışdı... Bəlkə də ana-balaydı, bilmədim... Amma bu mənzərə dünyanı sarsıda, ürəyi olan kəsləri düşündürə biləcək bir mənzərəydi. Xilas üçün əlimiz çatmadığından, Allahdan bağışlanmamızı istədik. İranda bu kadrları heç kəs çap etmədi...”.
Ermənilərin dar ağaclarına çəkdiyi qadınlar, Həcə Ələsgər qızı Əmirova (1948-ci il təvəllüdlü) və Rəbiyyə Aslan qızı Abdulova (1950-ci il təvəllüdlü) olub. Erməni terrorçuları həmin şəkilləri «Zartunk» (Livan), «Ararat» (Türkiyə), «Vestnik» (RF), «Araz» (İran), «Verayeti» (Variety - ABŞ) qəzet və jurnallarında çap etdirərək, sənədli xronikanın faktları kimi öz mövqelərindən (1992-1993-cü illər) şərh ediblər. Guya, həmin qadınlar azərbaycanlılar tərəfindən Xankəndində asılıblar.
1995-ci ildə ermənilər Kaliforniyada keçirilən “Həvəskarların sənədli kadrları” sənədli kinofilmlər festivalında bu kadrların nümayişinə görə gümüş, 1997-ci ildə isə Parisdə eyni adlı festivalda qızıl medala “layiq görülüblər”...
Erməni mətbuatı bu gün də eyni siyasəti yalnız Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı aparmır, bu siyasət ümumiyyətlə bütün Azərbaycan xalqına qarşı atılan hiyləgər addımdır.
Belə ki, ermənilər 17 yaşlı Smbat Tsaqanyanın itkin düşməsini onun Diqəm Əsgərov və Şahbaz Quliyev tərəfindən öldürülməsi kimi göstərməklə yanaşı, fərqli addım da atır. Düşmən işğal edilmiş Kəlbəcərə, öz evinə baş çəkən Dilqəm və Şahbazı artıq diversant kimi deyil, beynəlxalq terrorçu kimi təqdim edir. Erməni mətbuatına müsahibə verən Ermənistan parlamentinin “İrs” fraksiyasından olan deputatı Tevon Poğosyan bildirir: “Vəziyyəti düzgün qiymətləndirmək və düzgün adlar vermək lazımdır. Bu azərbaycanlıların İslam terrorçularından fərqi nədədir? Ərazilərimizə (?) daxil olub, qəbristanlıqların üzərində 17 yaşlı oğlanın başını kəsdilər, öldürdülər, doğradılar. Bundan başqa, onların daha nələr nəzərdə tutduqlarını deyə bilmərik, bəlkə onlar suyu zəhərləmək istəyirdilər. Bütün hallarda onlar diversant deyillər, həmin terrorçular beynəlxalq hüquq tərəfindən cəzalandırılmalıdır”.
Müsahibədə hayassızcasına Tevon Poğosyan doğma el-obasına baş çəkən azərbaycanlıları dünya mediasına radikal terrorçu kimi nümayiş etdirməyə çalışır. Azərbaycanlılara terrorçu damğasını vurmağa çalışan ermənilər vaxtilə Qarabağ müharibəsi zamanı azərbaycanlılara etdikləri vəhşilikləri, dünyada azərbaycanlıların ermənilərə qarşı etdiyi vəhəşiliklər kimi göstərirdi. Lakin erməni mətbuatı anlamalıdır ki, atəşkəs güllələr üçün məhdudiyyət qoya bilər, qələmlər üçün isə deyil...
Şahin Qocayev