“Qarabağ torpağı kimi “Qarabağ” klubunun da başı bəlalıdılr”

AvroLiqadakı yeganə təmsilçimiz “Qarabağ” klubunun hakimlərin kobud səhvi ucbatından növbəti mərhələyə adlaya bilməməsi Avropanın hər yerində ciddi müzakirəyə səbəb olub. Tanınmış futbol mütəxəssisləri oyunun son saniyələrində “Qarabağ”ın İtaliyanın dünyaca məşhur “İnter” klubunun qapısına Riçard Almeydanın vurduğu qolu hakimin hesaba almamasını Azərbaycan təmsilçisinə qarşı ən böyük ədalətsizlik kimi dəyərləndirirlər.
“Qarabağ”ın sadiq azarkeşləri və Azərbaycanın tanınmış futbol mütəxəssisləri də dünən Tofiq Bəhramov adın Respublika Stadionunda baş verən və uzun illər unudulmayacaq bu olayla bağlı Modern.az saytına danışıblar.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidın fikrincə, Qarabağ torpağının başı bəlalı olduğu kimi, eyniadlı komandanın da başı bəlalıdır. Onun sözlərinə görə, dünən “Qarabağ” normal oyun göstərib. Bu oyuna görə ürəkdən sevindiklərini deyən Rəşad Məcid hakimin ədalətsizliyi ucbatından halal qələbənin “Qarabağ”ın əlindən alındığını vurğulayıb.
Tanınmış futbol mütəxəssis Ağasəlim Mircavadovun sözlərinə görə, “Qarabağ” məğlub olmayıb: “Sadəcə, “Qarabağ” komandasının Avropa Liqasında oynamasını istəmədilər. Azca vicdanı olan hakim bunu etməzdi. Əslində UEFA-ya müraciət oluna bilər, amma oyunun hakimi ilə bağlı qəbul olunacaq qərar heç nəyə təsir etməyəcək. Nəticə dəyişməz olaraq qalacaq”.
Tanınmış məşqçi Vaqif Sadıqov da “Qarabağ”ın dünən yaxşı oyun göstərdiyini vurğulayıb. O, yaşatdığı sevincə görə komandaya təşəkkür edib. Sadıqovun sözlərinə görə, “Qarabağ” dünənki oyunu ilə futbol tariximizdə yeni bir səhifə açıb:
“Qalib olmağa çox yaxın idik. Heyf ki, hakimin kobud səhvi ucbatından komanda qalib olmadı. Bu haqsız münasibət idi. Komandamız sona qədər mübarizə aparmaqla əsl mənada “Qarabağ”ın səsini Avropaya çatdırdı. Əsas olan odur ki, biz “Qarabağ”ın timsalında Avropa standartlarına uyğun komanda gördük. Hakim idarəçiliyi ilə bağlı bundan sonra şikayət edilsə, cəza tədbirləri görülsə də, bu nəticəni dəyişməyəcək”.
Deputat Aqil Abbas hakimin hansı qərar qəbul etməsinə baxmayaraq, “Qarabağ”ı qalib hesab edir. Onun fikrinə görə, ermənilər, yaxud avropalılar pul verib, çexiyalı baş hakimi ələ alıblar:
“O hakim mütləq cəzalanacaq. Özümüzü qalib sayıram. Axşam dostlarımı da təbrik etdim. Söz verdiyim qonaqlıq olacaq. Gələn həftənin birinci günündən qonaqlıqlara başlayıram”.
Məltəm TALIBZADƏ