Modern.az

İlyas İsmayılov Prezidenti və “Azadlıq” qəzetini təbrik edib

İlyas İsmayılov Prezidenti və “Azadlıq” qəzetini təbrik edib

Təhsil

24 Dekabr 2014, 14:11


Ədalət Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlyas İsmayılov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 53 yaşının tamam olması münasibətilə təbrik edib. Modern.az-ın məlumatına görə, deputatın təbrikində deyilir:  

Sizi - Azərbaycan Respublikasının Prezidentini 53 yaşınızın tamam olması münasibətilə təbrik edirəm, şəxsinizə və ailə üzvlərinizə möhkəm can sağlığı arzulayıram.

Siz, olduqca mürəkkəb və problemlərlə dolu bir şəraitdə, çox həssas bölgədə yerləşən Azərbaycan Respublikasının Prezidenti kimi şərəfli, eyni zamanda, yüksək məsuliyyətli bir vəzifə tutmuş, ölkənin daxilində və beynəlxalq münasibətlərdə müstəqil Azərbaycan dövlətini təmsil edirsiniz.

Sizə çoxsahəli taleyüklü fəaliyyətinizdə - Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılmasında, ərazi bütövlüyünün bərpa edilməsində, Azərbaycan Respublikası Konstitusiyasının Sizə verdiyi çoxsaylı, lakin şərəfli və olduqca gərgin əmək və məsuliyyət tələb edən səlahiyyətlərinizin həyata keçirilməsində uğurlar diləyirəm.

İlyas İsmayılov bu gün həmçinin “Azadlıq” qəzetinin Baş redaktoru Qənimət Zahidə və qəzetin kollektivinə də təbrik məktubu göndərib. Məktubda deyilir ki, “hər bir millətin özünü dərkində, milli dirçəlişində, haqq, ədalət uğrunda mübarizəsində mühüm rol oynayan dəyərləri olub və olacaq. Millətlər məhz bu dəyərlər sayəsində ayaqda qala, mövcudluğunu qoruya bilir. Ölkənin sərvətlərinə göz tikən, istismar edən bütün müstəmləkəçilər milli dirənişi qırmaq üçün ilk növbədə bu dəyərləri hədəfə alırlar.

Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanın da bu cür dəyərləri mövcuddur. Bunlardan biri də yaşı müstəqilliyimizdən qədim olan “Azadlıq” qəzetidir.

Bu gün həmin qəzetin 25 illiyi tamam olur. Keçdiyi 25 illik şərəfli keçmişində bu mətbu orqan həmişə haqqın-ədalətin yanında olmağa çalışmış, demokratik dəyərlər uğrunda mübarizəsiylə böyük həyat səlnaməsi yazmış və yazmaqdadır. Böyük fədakarlıqlar hesabına başa gələn bu səlnamənin davamını arzulayır, bu çətin həyat mübarizəsində sizə uğurlar diləyirəm”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı