Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva paytaxtın Binəqədi rayonunun ərazisində inşa edilən Heydər məscidində aparılan son tamamlama işlərinin gedişi ilə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintinin başa çatdığını, hazırda burada son tamamlama işlərinin həyata keçirildiyini bildirdi. Dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınıb.
Modern.az xəbər verir ki, artıq məscidin fasadında bütün işlər görülüb, 72 metr hündürlüyündə 4 minarənin inşası başa çatdırılıb.Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən Prezident İlham Əliyevin son illərdə bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar artıq ölkəmizdə mövcud olan milli mənəvi dəyərlər sisteminin ayrılmaz hissəsinə çevrilib. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilib.
Hazırda Prezident İlham Əliyevin tapşırıqlarına əsasən Gəncədəki “İmamzadə” kompleksində təmir-bərpa işləri aparılır.
Artıq Azərbaycan və Şərq memarlığının nadir incilərindən olan Şamaxı “Cümə” məscidi də dindarların istifadəsinə verilib. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tarixi keçmişimizin unudulmasına imkan vermir və çalışır ki, gələcək nəsillər xalqımızın milli mənəvi dünyasına daha çox bağlı olsunlar.
Prezident İlham Əliyev məsciddə son tamamlama işlərinin yüksək keyfiyyətlə yerinə yetirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.







Modern.az