Azərbaycan Dillər Universitetində (ADU) universitetin Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynovanın təşkilatçılığı ilə “Beynəlxalq ərəb dili günü”nə həsr olunmuş tədbir keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Ərəb ölkələrinin Azərbaycandakı səfirlərini və səfirliklərin nümayəndələrini tədbirdən əvvəl qəbul edib. Azərbaycan və ərəb ölkələri arasında olan əlaqələrdən söz açan rektor Səməd Seyidov bu münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini iştirakçıların diqqətinə çatdırıb.
Daha sonra keçirlən tədbirə ADU-nun rektoru ərəb diplomatlarını “Beynəlxalq ərəb dili” günü münasibətilə təbrik edib. O, hazırda ADU-da tədris olunan 22-ə yaxın dilin içərisində Ərəb dilinin tədrisinin də tələbələrin marağına səbəb olduğunu bildirib.
Tədbirdə Səməd Seyidov Ərəb dilinin inkişafı və təbliğində göstərdiyi xidmətlərinə görə Misir Ali Təhsil Nazirliyi tərəfindən medalla təltif olunub. Medalı rektor Səməd Seyidova Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi təqdim edib. Mükafatlanmanın xoş sürpriz olduğunu bildirən rektor Səməd Seyidov bu hadisənin gözlənilməz olduğunu söyləyib.
Rektor Səməd Seyidov və tədbirin təşkilatçısı universitetin Xarici dillər kafedrasının baş müəllimi Ülviyyə Hüseynova İraq, Misir, Sudan və Səudiyyə Ərəbistan səfirliklərinin xüsusi təşəkkürnamələri ilə təltif olunub, müxtəlif hədiyyələr təqdim olunub.



Modern.az