“Təhsil” nəşriyyatı tərəfindən “Təhsilin əsasları” dərs vəsaiti nəşr olunub. Yeni vəsaitin müəllifi pedaqojika üzrə fəlsəfə doktoru Afət Süleymanovadır.
Kitab pedaqoji yönümlü ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tələbələri, yenidənhazırlanma və ixtisasartırma təhsilini həyata keçirən təhsil müəssisələrinin rəhbər işçiləri, müəllim və metodistlər, pedaqoji işçilər, dərslik müəllifləri və ümumilikdə geniş ictimaiyyət üçün nəzərdə tutulub.
Vəsaitdə gələcək müəllimlərin tədqiqatçı, təcrübəçi, idarəçi, təsərrüfatçı, vətəndaş, şəxsiyyət kimi formalaşması əsas məqsəd kimi qarşıya qoyulur. Peşə fəaliyyəti zamanı öyrənənlərə lazım olan digər zəruri bacarıqların da inkişafının təşkili ön plana çəkilir.
Kitab həm dərslik və tapşırıqlar məcmuəsi, həm qiymətləndirmə vasitəsi, həm də məlumat kitabçası kimi mühüm xüsusiyyətləri özündə cəmləşdirir.
Vəsaitdən təhsil fəlsəfəsi və təlim prosesi, ümumi təhsilin kurikulumu və təlimin əsasları, təhsilin maliyyələşdırılməsi, məktəbin, sinfin idarəedilməsinin metodologiyası və praktikası haqqında zəngin məlumat əldə etmək mümkündür.
Modern.az