Modern.az

Koreyada təhsil alacaq 117 BMU tələbəsi ilə görüş keçirilib

Koreyada təhsil alacaq 117 BMU tələbəsi ilə görüş keçirilib

Təhsil

Bu gün, 13:16

Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında uğurla icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində təhsilini Koreyada davam etdirəcək 117 tələbə ilə görüş keçirilib. 

Modern.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BMU-nun tədris işləri üzrə prorektoru Həmzağa Orucov tələbələrin əzm, zəhmət və yüksək akademik göstəricilər sayəsində proqramın növbəti mərhələsinə uğurla keçdiklərini vurğulayaraq, qarşıdakı təhsil dövründə də eyni məsuliyyət və intizam nümayiş etdirəcəklərinə əminliyini ifadə edib. Prorektor deyib ki, Koreyada birillik təhsil tələbələrin yalnız peşəkar biliklərinin deyil, həm də şəxsi inkişafları, dünyagörüşləri və beynəlxalq təcrübələrinin formalaşmasına mühüm töhfə verəcək. O, tələbələrə uğurlar arzulayaraq, Azərbaycanı və BMU-nu layiqincə təmsil etmələrinin vacibliyini bildirib.

Sonra çıxış edən BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül proqramın ölkəmizin ali təhsil sistemində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Vurğulayıb ki, BMU-İNHA İDP tələbələrə dünyanın qabaqcıl ali təhsil sistemlərindən biri ilə yaxından tanış olmaq, müasir mühəndislik biliklərinə yiyələnmək, fərqli mədəni mühitdə yaşamaq və beynəlxalq təcrübə qazanmaq üçün geniş imkanlar yaradır. Prorektor tələbələrə xaricdə təhsil aldıqları müddətdə universitetin və Azərbaycanın nüfuzunu yüksək səviyyədə qorumağı, akademik fəaliyyətlə yanaşı, sosial və mədəni tədbirlərdə də fəal iştirak etməyi tövsiyə edib.

Görüş zamanı çıxış edənlər tələbələrin əldə etdikləri uğurun böyük zəhmətin nəticəsi olduğunu deyərək gələcəkdə əmək bazarının tələblərinə cavab verən, yüksək ixtisaslı və rəqabətqabiliyyətli mühəndislər kimi formalaşacaqlarına inandıqlarını bildiriblər. Qeyd olunub ki, proqram çərçivəsində təhsil alan tələbələr müasir texnologiyalar, innovativ yanaşmalar və beynəlxalq təhsil standartları əsasında hazırlıq keçərək həm ölkədə, həm də xaricdə geniş karyera imkanları əldə edirlər.

Görüşdə, həmçinin BMU-İNHA İDP çərçivəsində tələbələr üçün yaradılan üstünlüklər barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, proqram tələbələrə 4 il ərzində həm BMU-nun, həm də İNHA Universitetinin diplomunu əldə etmək, Koreyanın qabaqcıl təhsil və sənaye mühitini yaxından öyrənmək, beynəlxalq dostluq əlaqələri qurmaq və qlobal əmək bazarında rəqabət üstünlüyü qazanmaq imkanı yaradır.

Tədbirin sonunda BMU-İNHA İDP-nin direktoru Humay Cəfərli və proqramın digər əməkdaşları tərəfindən tələbələrə Koreyaya səfər hazırlığı, yaşayış, yataqxana, sığorta, akademik təqvim və İNHA Universitetində təhsil prosesi ilə bağlı ətraflı məlumat təqdim olunub. Eyni zamanda, tələbələri maraqlandıran suallar cavablandırılıb, onların Koreyada təhsil və gündəlik həyatına dair praktiki tövsiyələr və faydalı məsləhətlər bölüşülüb.

Qeyd edək ki, BMU-İNHA İDP-nin 2023/2024-cü tədris ili üzrə qəbul olunmuş 117 tələbəsi avqust ayında Koreya Respublikasına yola düşəcək. Tələbələr proqramın 3+1 modelinə uyğun olaraq ilk üç ili BMU-da, son bir ili isə İNHA Universitetində təhsil alırlar. Onlar üçün hazırlıq dərsləri 18 avqust tarixindən başlayacaq, payız semestri isə 1 sentyabr tarixində start götürəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanı can damarından VURURLAR - Ukraynadan şok zərbələr