Modern.az

Müəllimlərin yalnız üçdə biri müsabiqə yolu ilə işə qəbul olunub

Müəllimlərin yalnız üçdə biri müsabiqə yolu ilə işə qəbul olunub

Təhsil

Bu gün, 12:36

Azərbaycanda müəllimlərin keyfiyyətinin artırılması istiqamətində son 10 ildə mühüm nəticələr əldə olunsa da, pedaqoqların hamısı müsabiqə yolu ilə təhsil sisteminə cəlb edilməyib. Hazırda müəllimlərin yalnız üçdə biri müsabiqə əsasında işə qəbul olunanlardır.

Modern.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsil işçilərinin sentyabr konfransında bildirib.

Nazirin sözlərinə görə, son 10 il ərzində müəllimlərin keyfiyyətini artırmaq mümkün olub. Eyni zamanda, demək olar, hər bir müəllim haqqında ümumi məlumat bazası formalaşdırılıb və pedaqoqların 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib.

Emin Əmrullayev qeyd edib ki, sertifikatlaşdırmanın və bu istiqamətdə görülən digər işlərin təhsilin keyfiyyətinə təsiri sonrakı illərdə özünü göstərəcək.

Nazir məktəbəqədər təhsilin gələcək nəticələrə təsirini də diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sahədə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin davamlı yaxşılaşdırılması vacibdir:

“Təhsildə görülən işlərin nəticəsi qısa müddətdə görünmür. Dörd-beş yaşlı uşağın təhsil nəticəsinin IX sinifdə, təxminən 15 yaşında ölçülməsi üçün 10 ildən artıq vaxt tələb olunur. Bu nəticələrin əmək bazarına təsiri isə daha uzun müddətdən sonra özünü göstərir”.

Emin Əmrullayev əlavə edib ki, buna görə təhsil siyasətində davamlılığın qorunması və eyni istiqamətdə ardıcıl fəaliyyət xüsusi əhəmiyyət daşıyır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?