Milli Məclisin üzvü Ceyhun Məmmədov ayrıca Təhsil Məcəlləsinin hazırlanmasını təklif edib. Deputat Milli Məclisin payız sessiyasının ilk iclasında təhsil sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirib.
Modern.az bu mövzu ilə bağlı Ceyhun Məmmədovla həmsöhbət olub. O bildirib ki, bu praktika dünya ölkələrində də tətbiq olunur.
"Bu məcəllə təhsillə bağlı bütün qanunların, hüquqi sənədlərin bir araya gətirilməsidir. Bu qanunlara "Təhsil haqqında", "Ali təhsil haqqında" qanunlar, peşə təhsilinə aid sənədlər və s. aiddir".
Deputat vurğulayıb ki, təhsilin doğru-düzgün idarə olunması üçün birinci növbədə hüquqi baza gücləndirilməlidir.

"Qaydalarla təhsili idarə etmək qeyri-mümkündür. Bu gün müəllimlərin sertifikasiyası, diaqnostik qiymətləndirilməsi keçirilir. Bu proseslərlə bağlı boşluqlar, dövlətin üzərinə düşən məsuliyyət, cəmiyyətin üzərinə düşən məsuliyyət, həmçinin digər bütün məqamlar yeni məcəllədə öz əksini tapmalıdır".
Ceyhun Məmmədov məcəllənin hazırlanmasının qısa müddətdə başa gələcək proses olmadığını qeyd edib.
"Bu proses 2-3 il, hətta daha uzun vaxt ala bilər. Bütün sahələrdə olduğu kimi təhsildə də bir sıra ciddi proseslər getməkdədir. Burada yekun, əsas hədəf və məqsəd ondan ibarətdir ki, təhsilimizin hüquqi bazasını gücləndirək".
Lamiyə Cənnətzadə