Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 11,5 min nəfərə çatıb. Onlar 120 ölkəni təmsil edirlər.
Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, 2018–2019-cu tədris ilində Azərbaycanda 86 ölkədən 6 min əcnəbi tələbə təhsil alırdı. Hazırda həm tələbələrin sayı, həm də təmsil etdikləri ölkələrin coğrafiyası genişlənib.
Nazir müavini qeyd edib ki, gələn il dövlət sifarişi və dövlət hesabına 149 min tələbənin təhsil alması, 159 min tələbəyə isə dövlət təqaüdünün verilməsi nəzərdə tutulub.
2027-ci ildə bu məqsədlər üçün dövlət büdcəsindən 613 milyon manat ayrılması planlaşdırılır.