Modern.az

Müəllimlər arasında maaş fərqi 550 manata çatıb - Nazir müavini

Müəllimlər arasında maaş fərqi 550 manata çatıb - Nazir müavini

Təhsil

Bu gün, 12:28

Müəllimlərin sertifikasiyasında yüksək nəticə göstərənlərin orta aylıq əməkhaqqı 1320 manata çatıb. Sertifikasiyada uğur qazanmayan və ya prosesə cəlb olunmayan müəllimlərdə isə bu göstərici 770 manatdır.

Modern.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin üç komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazir müavini qeyd edib ki, indiyədək 104 min müəllim sertifikasiyanın birinci mərhələsində iştirak edib. Onlardan 60 mini 30-51 bal aralığında nəticə göstərərək əməkhaqqına 10 faiz, təxminən 31 mini isə 35 faiz əlavə almaq hüququ qazanıb. Ümumilikdə 91 min 400 müəllimin əməkhaqqına artım edilib.

K.Kərimzadənin sözlərinə görə, sertifikasiyada 30-51 bal nəticə göstərərək 10 faiz əlavə alan müəllimlərin orta aylıq əməkhaqqı 1010 manat, 51 baldan yüksək nəticə göstərənlərin isə 1320 manat təşkil edir. Sertifikasiyada iştirak etməyən və ya prosesə cəlb olunmayan müəllimlərin orta aylıq əməkhaqqı isə 770 manatdır.

Nazir müavini bildirib ki, müəllimlərin əməkhaqlarına əlavələrin ödənilməsi üçün 2027-ci ilin dövlət büdcəsində 286,4 milyon manat vəsait nəzərdə tutulub.

O, müəllimlərin orta aylıq əməkhaqqının son illərdə əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb. Qeyd edib ki, 2014-cü illə müqayisədə bu göstərici üç dəfədən çox yüksəlib.

K.Kərimzadənin sözlərinə görə, 2026-cı ilin sentyabrına olan məlumatlara əsasən, əvəzçiliklə çalışanlar da daxil olmaqla, müəllimlərin orta aylıq əməkhaqqı 1030 manat təşkil edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada gərginlik yaşanır! Ukraynadan kütləvi PUA hücumu