Süni intellektin tədrisə təsiri, tələbələrin elmi fəaliyyətə cəlbi və məzunların əmək bazarına hazırlığı universitetlərin gündəliyində əsas yer tutur. Sumqayıt Dövlət Universitetinin rektoru Nurəli Yusifbəyli AzEdu.az-a müsahibəsinin ikinci hissəsində bu mövzularla yanaşı, tələbə hüquqları, təhsildə keyfiyyət və universitetin gələcək hədəfləri barədə danışıb.
Modern.az AzEdu.az-a istinadən rektorla müsahibənin ikinci hissəsini təqdim edir: (əvvəli burada- link)
-Universitetdə tələbələrin elmi fəaliyyətə cəlb olunması üçün hansı imkanlar yaradılıb? Tələbə startaplarının, innovativ layihələrin və tədqiqatların maliyyələşdirilməsi, eləcə də praktikaya tətbiqi üçün xüsusi mexanizmlər mövcuddurmu?
-Tələbələrin elmi fəaliyyətə cəlb edilməsi sənayeyönümlü universitet modelinin əsas şərtlərindəndir. Biz bunu tələbənin akademik inkişafının ayrılmaz hissəsi kimi qiymətləndiririk. SDU-nun 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planında tələbələrin praktik və rəqəmsal səriştələrinin, gənc tədqiqatçıların isə elmi potensialının gücləndirilməsi prioritet istiqamətlərdəndir.
Tələbə Elmi Cəmiyyəti bakalavriat və magistratura tələbələrinin tədqiqat qruplarında iştirakına, elmi məqalə hazırlamasına, ölkədaxili və beynəlxalq konfranslarda çıxış etməsinə şərait yaradır. Məqsədimiz tələbəni hazır biliklərin mənimsənilməsindən yeni biliklərin yaradılmasına doğru istiqamətləndirməkdir. Bunun üçün elmi rəhbərlik, tədqiqat metodologiyası və akademik yazı bacarıqları da sistemli şəkildə inkişaf etdirilir.
Hesab edirəm ki, tələbələr bakalavriatura səviyyəsinin yuxarı kurslarından etibarən real problemlər üzərində işləməli, magistratura və doktorantura mərhələlərində isə daha müstəqil tədqiqat aparmaq təcrübəsi qazanmalıdırlar. Startapların inkişafı üçün universitetimizdə mövcud olan, ideyanın ilkin ekspertizasından mentorluğa, prototipləşdirmədən sənaye tərəfdaşları ilə sınaq və maliyyələşdirməyə qədər ardıcıl dəstək mexanizmi təkmilləşdirmə mərhələsini yaşayır.
Digər tərəfdən, növbəti ildən başlayaraq tələbə innovasiyalarına ilkin mərhələdə dəstək verilməsi məqsədilə sənaye tərəfdaşlarımızın iştirakı ilə daxili qrant mexanizminin yaradılmasını nəzərdən keçiririk. Burada əsas meyar layihələrin elmi cəhətdən əsaslandırılması, tətbiq potensialı və gözlənilən nəticələrin ölçülə bilən olmasıdır. İstəyirik ki, perspektivli tələbə ideyaları tədricən tədqiqat layihəsinə, daha sonra isə istehsalatda və ya sosial sahədə istifadə oluna bilən həllə çevrilsin.
-Biz “SDU-da bir gün” reportajı hazırlayarkən auditoriyalarda, kitabxanada, bufetdə, yataqxanada və müxtəlif mərkəzlərdə olduq, universitetin gündəlik həyatını yaxından müşahidə etdik. Sizcə, tələbələrin özlərini rahat və təhlükəsiz hiss etməsi üçün fiziki şəraitdən başqa hansı amillər vacibdir?
-Kampusumuzun gündəlik həyatını yaxından müşahidə etməyiniz bizə çox xoşdur. Müasir auditoriya, kitabxana, yataqxana və digər infrastruktur tələbə rifahının vacib şərtləridir. Ancaq keyfiyyətli universitet mühiti, ilk növbədə, ədalətli münasibət, qarşılıqlı etimad və tələbənin özünü akademik icmanın tamhüquqlu üzvü kimi hiss etməsi üzərində qurulur. Tələbə bilməlidir ki, biliyi şəffaf meyarlarla qiymətləndiriləcək, akademik hüquqları qorunacaq və ayrı-seçkiliyə yol verilməyəcək. İmtahan və gündəlik tədris proseslərində obyektivliyin təmin edilməsi və aydın prosedurlar institusional etimadın əsasını təşkil edir.
Eyni zamanda, tələbənin rəyi qərarların qəbuluna təsir göstərməlidir. SDU-da formalaşdırılan müraciətlərin rəqəmsal və onlayn idarə olunması mexanizmləri vasitəsilə təklif və şikayətlərin anonim və ya açıq formada təqdim edilməsi, onların vaxtında araşdırılması və nəticələr barədə geribildirim sistemi fəaliyyət göstərir. Psixoloji Xidmət Mərkəzi, uyğunlaşma tədbirləri və inklüziv yanaşma tələbələrin sosial və psixoloji rifahını dəstəkləyən mühüm vasitələrdir.
Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Elmi Cəmiyyəti vasitəsilə gənclərin elmi, sosial, mədəni və idman təşəbbüslərini təşviq edirik. Bizim üçün sağlam universitet mühiti tələbənin fikrini sərbəst ifadə etdiyi, səhv etməkdən çəkinmədən öyrəndiyi, akademik dürüstlüyə əməl etdiyi və ehtiyac duyduqda dəstək ala bildiyi mühitdir. Bu yanaşma tələbə məmnuniyyəti ilə yanaşı, təhsilin nəticələrinə də müsbət təsir göstərir.
“Süni intellektin tətbiqində əsas prinsip akademik dürüstlük və insan məsuliyyətidir”
-Bu gün süni intellekt ali təhsilin məzmununa və tədris prosesinə ciddi təsir göstərir. SDU-da süni intellekt alətlərinin tədrisə inteqrasiyası istiqamətində hansı işlər görülür?
-2012-ci ildən dərin öyrənmə (Deep Learning) texnologiyalarının inkişafı, 2022-ci ilin sonundan isə generativ süni intellekt sistemlərinin geniş ictimaiyyət üçün əlçatan olması ali təhsildə də bilik əldə etməyin, öyrətməyin və qiymətləndirməyin üsullarını dəyişdirir. Bu texnologiyanın imkanlarını düzgün dəyərləndirmək üçün onu həm tədrisin səmərəliliyini artıran vasitə, həm də yeni akademik və etik tələblər yaradan amil kimi nəzərdən keçirmək lazımdır.
SDU-da fəaliyyətə başladığım dövrdən etibarən əməkdaşlarımız üçün süni intellektin təhsildə istifadəsi və akademik yazı bacarıqlarının inkişafı mövzusunda azı üç təlim təşkil etmişik. Bu təlimlərin məqsədi müəllimlərin rəqəmsal səriştələrini gücləndirmək və texnologiyadan tədris məqsədlərinə uyğun istifadə mədəniyyəti formalaşdırmaqdır. Professor-müəllim heyətimizin 100 nəfərdən çox üzvü “Imperial School England” tədris mərkəzi tərəfindən təşkil olunmuş süni intellektin akademik yazıda tətbiqinə dair kurslarında iştirak edərək müvafiq bacarıqlar əldə edib. Mən müəllimlərə və tələbələrə müraciətlərimdə də vurğulamışam ki, texnologiyadan istifadə ilə akademik məsuliyyət bir-birindən ayrılmamalıdır.
Əsas risk süni intellektin hazırladığı məlumatın yoxlanılmadan yekun nəticə kimi təqdim edilməsidir. Belə yanaşma analitik düşünmə, müstəqil mühakimə və akademik yazı bacarıqlarının inkişafını zəiflədə bilər. Üstəlik, generativ sistemlər bəzən faktiki səhvlər edir, mövcud olmayan mənbələr göstərir və qərəzli nəticələr yaradır. Buna görə məlumatın mənbə üzrə yoxlanılması və istifadə olunan alətin rolunun şəffaf göstərilməsi vacibdir.
Digər həssas məsələ şəxsi məlumatların qorunması, müəlliflik hüquqları və qiymətləndirmədə bərabər imkanların təmin edilməsidir. Universitetlər süni intellektdən istifadənin hansı hallarda məqbul olduğunu, hansı işlərin müstəqil yerinə yetirilməli olduğunu və akademik dürüstlük tələblərini aydın müəyyənləşdirməlidirlər. Biz süni intellekti tələbənin əvəzinə düşünən sistem kimi yox, onun araşdırma, müqayisə, ilkin təhlil və öyrənmə imkanlarını genişləndirən köməkçi vasitə kimi görürük. Müəllimin metodoloji rəhbərliyi, tələbənin tənqidi təfəkkürü və nəticənin məsuliyyətli qiymətləndirilməsi burada həlledici rol oynayır.
Yaxın perspektivdə bu texnologiyalar daha funksional olacaq. Bununla belə, alətlərin təkmilləşməsi akademik məsuliyyəti azaltmır. Məqsədimiz SDU-da süni intellekt savadlılığını inkişaf etdirmək, onun imkanlarından səmərəli istifadə etmək və yekun akademik qərarlarda insanın peşəkar mühakiməsini qorumaqdır.
-Son dövrlərdə “Ali təhsil haqqında” qanun layihəsi ətrafında müzakirələr ali təhsilin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. Mövcud normativ baza sistemin inkişaf tələblərinə nə dərəcədə cavab verir? Siz hansı dəyişiklikləri prioritet sayırsınız?
-Azərbaycan ali təhsili müxtəlif qanunlar, dövlət standartları və normativ qaydalar əsasında fəaliyyət göstərir. Bu sənədlərin bir-biri ilə uzlaşdırılması, terminoloji aydınlığın təmin edilməsi və tətbiq mexanizmlərinin sadələşdirilməsi ali təhsil müəssisələri üçün əhəmiyyətlidir. “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsini də universitetlərin məsuliyyətini və akademik imkanlarını daha aydın müəyyənləşdirmək baxımından faydalı hesab edirəm. “Elm haqqında” qanunun və əlaqəli normativ aktların inkişaf edən tədqiqat mühiti ilə uyğunlaşdırılması da diqqətdə saxlanılmalıdır.
Məncə, əsas məsələlərdən biri akademik muxtariyyətlə hesabatlılıq arasında düzgün tarazlığın qurulmasıdır. Universitetlər əmək bazarının və elmin dəyişən tələblərinə uyğun proqramları çevik yeniləyə bilməli, eyni zamanda, təhsil nəticələri üzrə şəffaf keyfiyyət təminatı mexanizmlərinə malik olmalıdırlar. Kredit sisteminin və dövlət təhsil standartlarının verdiyi imkanlardan səmərəli istifadə, fənlərin nəticəyönümlü planlaşdırılması və xarici keyfiyyət qiymətləndirməsinin gücləndirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.
-Təsəvvür edək ki, mən SDU-ya qəbul olunur və dörd ildən sonra məzun oluram. İstərdiniz ki, universitetdən hansı bilik, bacarıq və düşüncə tərzi ilə ayrılım? SDU tələbənin həyatında hansı fərqi yaratmalıdır?
-Universitetin uğurunu qiymətləndirərkən ilk növbədə məzunların sonrakı inkişafına baxıram. Çünki məzunun peşəkar nailiyyətləri, cəmiyyətə faydası və universitetlə davam edən əlaqəsi verilən təhsilin uzunmüddətli nəticəsini göstərir. Mənim üçün SDU-nun əsas dəyəri məhz yetişdirdiyi insanlardır. Sumqayıt Dövlət Universitetinin mühüm üstünlüklərindən biri sənaye potensialı güclü olan şəhərdə fəaliyyət göstərməsidir. Sumqayıt Kimya Sənaye Parkı, Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya İstehsalat Birliyi, Azərtexnoline, Azərsun və digər müəssisələrlə əməkdaşlıq imkanları nəzəri biliklərin istehsalat mühiti ilə əlaqələndirilməsi üçün əlverişli zəmin yaradır. “Polimer Materialları Elmi-Tədqiqat İnstitunu”nun unversitetimizin tabeliyində fəaliyyət göstərməsi bizim elmi potensialımızı daha da artırıb. Bu imkanlardan istifadə edərək tətbiqyönümlü təhsili, tədqiqatları və rəqəmsal həlləri inkişaf etdirməyə çalışırıq.
Lakin universitetin kimliyi yalnız yerləşdiyi coğrafiya ilə müəyyənləşmir. Tədrisin keyfiyyəti, müəllim-tələbə münasibətləri, elmi mühit və fərdi inkişaf imkanları da onun nüfuzunu formalaşdırır. Biz sənaye ilə əməkdaşlığı universitetin institusional dəyərləri və tələbəyönümlü təhsil modeli ilə tamamlamalıyıq.İstəyirəm ki, SDU məzunu üç əsas nəticə qazansın: ixtisası üzrə möhkəm fundamental bilik və praktik bacarıqlar; müstəqil düşünmək, problemi təhlil etmək, öyrənməyə davam etmək və dəyişikliklərə uyğunlaşmaq qabiliyyəti; nəhayət, peşə etikası, sosial məsuliyyət və vətəndaş mövqeyi. Bu keyfiyyətlərin vəhdəti məzunun həm əmək bazarında rəqabətliliyini, həm də cəmiyyətə töhfəsini müəyyən edir. Ən böyük istəyim odur ki, məzunlarımız illər sonra qazandıqları peşəkar uğurlara nəzər salarkən SDU-da aldıqları təhsilin, müəllimlərinin və universitet mühitinin onların inkişafında mühüm rol oynadığını desinlər. Bu, hər hansı reytinq göstəricisi qədər dəyərli nəticədir.
“Universitetin ən böyük dəyəri onun məzunlarıdır”
Bəs tələbəyə nə öyrətməliyik? Məncə, ali təhsilin müasir fəlsəfəsi fundamental biliklə onun tətbiqini birləşdirməyə əsaslanır. Buna görə SDU-da layihəəsaslı, problemyönümlü və təcrübə ilə zənginləşdirilən tədris yanaşmalarını inkişaf etdirməyi vacib sayırıq.
Təlim nəticələrini bilik, bacarıq və səriştə müstəvisində qiymətləndirmək lazımdır. Bu komponentlərin nisbəti ixtisasın xüsusiyyətindən asılı olaraq dəyişir: mühəndislikdə laboratoriya və istehsalat bacarıqları, humanitar istiqamətlərdə analitik oxu, mətn təhlili və arqumentasiya, idarəetmədə isə qərarvermə və ünsiyyət səriştələri xüsusi əhəmiyyət daşıya bilər. Hər bir halda məqsəd tələbənin öyrəndiyini real vəziyyətlərdə əsaslandırılmış şəkildə tətbiq etməsidir.
Diplom ilkin peşə imkanlarına çıxışı asanlaşdırır. Uzunmüddətli karyera uğurunu isə məzunun biliklərini yeniləmək, komanda ilə işləmək, problemləri həll etmək və məsuliyyətli qərarlar vermək bacarığı müəyyən edir. Buna görə universitetin vəzifəsi tələbəyə yalnız ixtisas bilikləri verməkdən daha genişdir - onu ömürboyu öyrənməyə hazırlamaqdır.
-Regional universitetlər arasında SDU-nu fərqləndirən əsas cəhətlər hansılardır? Universitet özünü hansı ali təhsil müəssisələri ilə müqayisə edir?
-SDU regional universitetdir və biz bunu inkişaf üçün mühüm imkan kimi dəyərləndiririk. Sumqayıtın sənaye, əmək bazarı və insan kapitalı potensialı bizə təhsil proqramlarını real regional ehtiyaclarla əlaqələndirməyə şərait yaradır. Müqayisə apararkən universitetləri yalnız coğrafi yerləşməsinə və statusuna görə ayırmaq düzgün olmaz. Bizim üçün əsas meyarlar tədrisin keyfiyyəti, tədqiqat nəticələri, işəgötürənlərlə əməkdaşlıq, beynəlxalq əlaqələr və məzunların uğurudur. Rəqabətə qarşılıqlı öyrənmə və institusional inkişaf üçün stimul kimi yanaşırıq.
-Azərbaycanda magistratura təhsilinə müxtəlif münasibətlər var; bəzi gənclər onun praktik dəyərini sual altına alırlar. Siz magistratura təhsilinin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz? Hansı boşluqlar və inkişaf imkanları mövcuddur?
-Magistratura ali təhsilin ikinci səviyyəsi kimi ixtisas biliklərinin dərinləşdirilməsi, tədqiqat səriştələrinin formalaşdırılması və bəzi sahələrdə peşəkar ixtisaslaşma baxımından mühüm rol oynayır. Onun dəyəri proqramın məzmunundan və məzunun hədəflərindən asılıdır. Akademik karyera seçən gənc üçün tədqiqat hazırlığı, əmək bazarında irəliləmək istəyən mütəxəssis üçün isə ixtisaslaşmış bilik və tətbiqi bacarıqlar ön plana çıxır.
Ölkəmizdə magistratura proqramlarının hazırlanması və tədrisin təşkili sahəsində ali təhsil müəssisələrinin müəyyən çevikliyi var. Kredit yükünün və təhsil müddətinin proqramın xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməsi də bu imkanların bir hissəsidir; mövcud qaydalar bir sıra magistratura proqramlarında 90 və ya 120 kreditlik təhsil yükünü nəzərdə tutur. Ancaq normativ imkanların mövcudluğu özlüyündə yüksək keyfiyyətin təminatı sayılmır. Proqramların elmi məzmunu, akademik rəhbərlik, praktik komponent və məzun nəticələri ardıcıl qiymətləndirilməlidir.
Xüsusilə MBA kimi tətbiqyönümlü proqramların sürətlə genişlənməsi keyfiyyət və fərdiləşdirilmiş təhsil məsələsini aktuallaşdırır. Çoxsaylı qəbul şəraitində tələbələrə keyfiyyətli akademik məsləhət verilməsi, real biznes problemləri üzrə layihələrin təşkili və qiymətləndirmənin obyektivliyi necə təmin edilir? Məncə, diqqəti yalnız qəbul göstəricilərinə yönəltmək əvəzinə, proqramların nəticələrinə, müəllim heyətinin potensialına və işəgötürənlərin rəyinə əsaslanan idarəetmə modeli gücləndirilməlidir. Magistratura təhsilinin gələcək inkişafı məhz bu keyfiyyət meyarlarından asılıdır.
-Universitetdə yeni ixtisasların açılması ilə bağlı hansı planlar var? Regionun iqtisadi və sosial potensialı nəzərə alındıqda daha çox hansı sahələr üzrə kadr hazırlığına ehtiyac görürsünüz?
-Yeni ixtisaslarla bağlı qərarları universitetin akademik potensialını, regionun tələbatını və kadr hazırlığının keyfiyyətini birlikdə nəzərə alaraq vermək istəyirik. Növbəti illərdə hüquqşünaslıq və tibb istiqamətlərində kadr hazırlığı imkanlarının araşdırılması, müvafiq əsaslandırmalar hazır olduqdan sonra Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılması planlaşdırılır. İlkin mərhələdə hüquqşünaslıq ixtisasına üstünlük verilməsini nəzərdən keçiririk.
Hər bir yeni ixtisas üçün yalnız auditoriya və bina imkanları kifayət etmir; ixtisaslı akademik heyət, tədris-təcürbə bazası, praktik hazırlıq mühiti və dayanıqlı keyfiyyət təminatı mexanizmləri də tələb olunur. Sumqayıt və ətraf iqtisadi rayonların ehtiyaclarını nəzərə alaraq kənd təsərrüfatı ilə bağlı istiqamətlərin perspektivlərini də qiymətləndiririk. Bu məsələlər müvafiq təhlillər və səlahiyyətli qurumların qərarları əsasında mərhələli şəkildə həll edilməlidir.
Cari ildə “Data analitikası” və “Proqram mühəndisliyi” üzrə kadr hazırlığına başlamaq məqsədilə müvafiq sənədləri Nazirliyə təqdim etmişik. Gözləntimiz odur ki, lazımi təsdiqlər alındıqdan sonra növbəti tədris ilində bu ixtisaslar üzrə tələbə qəbulu mümkün olsun. Bu istiqamətlər rəqəmsal iqtisadiyyatın inkişafı və sənayenin texnoloji transformasiyası baxımından xüsusi aktuallıq daşıyır.
-Deməli, yeni ixtisasların açılması ilə yanaşı, SDU-nun akademik və infrastruktur imkanlarının genişləndirilməsi də inkişaf planlarındadır?
-Bəli. Lakin bizim üçün əsas məqsəd infrastrukturun özlüyündə böyüməsi yox, onun tədrisin keyfiyyətinə və tədqiqat nəticələrinə xidmət etməsidir. Laboratoriya və rəqəmsal imkanların yenilənməsi, akademik heyətin inkişafı və sənaye tərəfdaşları ilə birgə layihələr üzrə konkret fəaliyyət planlarımız var. Bunları prioritetlər və mövcud resurslar əsasında mərhələli şəkildə həyata keçirəcəyik.
-Universitetdə beynəlxalq standartlara əsaslanan keyfiyyət təminatı sisteminin tətbiqi diqqət çəkir. Bu yanaşma tələbənin gündəlik tədris təcrübəsində nəyi dəyişir və nəticələri hansı göstəricilərlə ölçürsünüz?
-Keyfiyyət təminatı mənim üçün universitet idarəçiliyinin mərkəzi prinsipidir. SDU-da ISO 21001 təhsil təşkilatlarının menecmenti sistemi, ISO 10002:2018 müraciətlərin menecmenti və ISO 37001 korrupsiyaya qarşı menecment sistemi standartlarının tətbiqi istiqamətində iş aparılır. Bu sahədə 2025-ci ildə yenilənmiş ISO 21001 və ISO 37001 redaksiyalarının tələblərini də nəzərə alırıq. Avropa Ali Təhsil Məkanının Keyfiyyət Təminatı Standartları və Təlimatları (ESG) isə daxili və xarici keyfiyyət təminatına yanaşmamız üçün mühüm istinad çərçivəsidir.
Tələbə üçün bunun praktik mənası aydındır: semestrin əvvəlində fənnin məqsədləri, gözlənilən təlim nəticələri, qiymətləndirmə meyarları və əsas ədəbiyyat barədə məlumat almalıdır. Qiymətləndirmə meyarlarının əvvəlcədən elan edilməsi, tapşırıqların təlim nəticələri ilə uyğunluğu və şəffaf geribildirim akademik etimadı gücləndirir. Keyfiyyətin ölçülməsi də məhz tələbənin öyrənmə nəticələrindən başlanmalıdır.
Rəqəmsal öyrənmə mühiti və tədrisin menecmenti sistemi (LMS) tələbələrin materiallara çıxışını, tapşırıqların izlənməsini və müəllimlə ünsiyyəti asanlaşdırır. Müəllimlər üçün davamlı peşəkar inkişaf təlimləri interaktiv, müzakirəəsaslı və tətbiqyönümlü tədrisin genişlənməsinə kömək edir. Bu sistemlərin məqsədi texnologiyanın tətbiqini göstərməkdən daha çox, təlim nəticələrinin yaxşılaşmasını təmin etməkdir.
Digər istiqamət tələbə rəylərinin idarəetmə qərarlarına daxil edilməsidir. Dərs, laboratoriya və rəqəmsal xidmətlərlə bağlı müraciətlərin qeydə alınması, cavablandırılması və təhlili proseslərin təkmilləşdirilməsi üçün informasiya verir. Keyfiyyət Təminatı və Strategiya Şöbəsi tərəfindən tələbə və müəllim məmnuniyyəti sorğuları, dərslərin monitorinqi, təhsil nəticələrinin və resurs təminatının təhlili bu baxımdan əsas daxili qiymətləndirmə vasitələrindəndir.
Universitetin Strateji İnkişaf Planı üzrə müəyyənləşdirilmiş 57 performans indikatorunun icra vəziyyətini dövri izləmək, aşkar olunan kənarlaşmaları təhlil etmək və nəticələri rəhbərliklə Elmi Şurada müzakirə etmək nəzərdə tutulur. Burada əhəmiyyətli olan göstəricilərin sadəcə hesabatda əks etdirilməsi yox, onların əsasında əsaslandırılmış qərar qəbul edilməsi və təkmilləşdirmə tədbirlərinin nəticəsinin yenidən qiymətləndirilməsidir.
-Bu gün universitetlərdən mütəxəssis hazırlığı ilə yanaşı, yeni bilik və texnologiyalar yaratmaq da gözlənilir. SDU-da hansı tədqiqat istiqamətlərinin istehsalata, iqtisadiyyata və cəmiyyətə daha çox fayda verəcəyini düşünürsünüz?
-SDU-nun elmi potensialı və Sumqayıtın sənaye profili tətbiqi tədqiqatlar üçün əlverişli zəmin yaradır. Universitetin 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planında tətbiqi innovasiyalar və sənaye inteqrasiyası prioritet istiqamət kimi müəyyənləşdirilib. İlk növbədə enerji effektivliyi və yaşıl texnologiyaları qeyd edərdim. Sənayedə enerji itkilərinin azaldılması, bərpaolunan enerji mənbələrinin inteqrasiyası və emissiyaların aşağı salınması həm iqtisadi səmərəlilik, həm də ekoloji dayanıqlılıq baxımından vacibdir.
İkinci istiqamət materialşünaslıq və yeni texnoloji materiallardır. Materialların davamlılığının artırılması, istismar xüsusiyyətlərinin yaxşılaşdırılması və onların konkret sənaye proseslərinə uyğunlaşdırılması müəssisələrlə birgə tədqiqatlar üçün geniş imkanlar açır.
Üçüncü istiqamət robototexnika, istehsalat proseslərinin avtomatlaşdırılması və süni intellektin tətbiqidir. Avadanlıqların nasazlığının əvvəlcədən proqnozlaşdırılması, enerji istehlakının optimallaşdırılması, proseslərin monitorinqi və istehsalat risklərinin təhlili kimi məsələlərdə data analitikası mühüm nəticələr verə bilər. Dördüncü istiqamət ekoloji təhlükəsizlik, sənaye tullantılarının idarə olunması və dairəvi iqtisadiyyat prinsipləridir. Sosial-iqtisadi tədqiqatlar, təhsil texnologiyaları və regional inkişaf da diqqətimizdədir. Ümumən, uğurlu tətbiqi tədqiqatın meyarı yalnız elmi nəşr sayı yox, həll etdiyi problem, tərəfdaşlar üçün yaratdığı dəyər və əldə olunan nəticənin ölçülə bilməsidir.
-Universitetin əvvəlki illərin məzunları ilə əlaqələri hansı səviyyədədir? Uğurlu məzunların tələbələrə mentorluq etməsi, təcrübə proqramlarında iştirakı və universitetə yeni imkanlar qazandırması üçün hansı mexanizmlər var?
-Məzunlarla əlaqə universitetin institusional inkişafının mühüm hissəsidir. Məzunların peşəkar uğurları təhsil proqramlarının əmək bazarı ilə uyğunluğu barədə dəyərli məlumat verir; onların təcrübəsi isə indiki tələbələrin inkişafı üçün əlavə resurs yaradır. SDU-nun 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planında bu fəaliyyət sosial cavabdehlik və universitetin nüfuzunun gücləndirilməsi istiqaməti ilə əlaqələndirilir. Karyera və Məzunlarla İş Mərkəzi məzun məlumatlarının sistemləşdirilməsi, karyera inkişafının izlənməsi və əmək bazarı ilə əlaqələrin qurulması üzrə işi əlaqələndirir. Məqsədimiz bu məlumatlardan məzunların məşğulluq dinamikasını və təhsil proqramlarının nəticələrini təhlil etmək üçün istifadə etməkdir.
Müxtəlif dövlət qurumlarında, sənaye müəssisələrində və özəl sektorda çalışan məzunları tələbələrlə görüşlərə, ustad dərslərinə və mentorluq proqramlarına dəvət edirik. Belə görüşlər gənclərə yalnız peşə seçimində istiqamət vermir, eyni zamanda, iş mühitində tələb olunan səriştələri daha yaxından anlamağa kömək edir.
Məzunlarımız çalışdıqları təşkilatlarla universitet arasında əlaqələrin inkişafına da töhfə verirlər. Onların iştirakı ilə təcrübə və karyera imkanlarının genişləndirilməsi, real iş mühitindən layihə mövzularının müəyyənləşdirilməsi və tələbələrin potensial işəgötürənlərlə tanışlığı mümkün olur.
Strateji İnkişaf Planının hazırlanması və təhsil proqramlarının yenilənməsi prosesində məzun rəylərinin nəzərə alınması bizim üçün vacibdir. İşəgötürənlərlə və məzunlarla aparılan sorğular təlim nəticələrinin aktuallığını qiymətləndirməyə və ehtiyac olduqda proqramlarda dəyişiklik etməyə imkan verir. Bu əlaqələr universitetin akademik reputasiyasını və tərəfdaşlıq potensialını da gücləndirir.
İstəyirik ki, məzunların SDU ilə əlaqəsi diplom aldıqları gün başa çatmasın. Onları universitetin inkişafında iştirak edən, yeni nəslə bilik və təcrübə ötürən, ömürboyu öyrənmə imkanlarından faydalanan akademik icmanın fəal üzvləri kimi görürük.
-Gələcəkdə SDU-nun hansı nəticələri ilə xüsusilə qürur duymaq istərdiniz? Beynəlxalq tanınma, elmi potensial və məzunların uğurları baxımından qarşıya hansı hədəfləri qoymusunuz?
-Universitetin uğurunu onun cəmiyyətə və iqtisadiyyata verdiyi real töhfə ilə ölçürəm. Beynəlxalq reytinqlər, nüfuzlu elmi nəşrlər, müasir laboratoriyalar və tərəfdaşlıqlar bu uğurun mühüm göstəriciləridir. Ancaq onlar məzun keyfiyyəti, tədqiqatın faydası və institusional etimad kimi əsas nəticələrə xidmət etməlidir.
SDU-nun 2026–2030-cu illər üzrə Strateji İnkişaf Planında altı strateji məqsəd müəyyənləşdirilib. Bu çərçivədə ilk hədəfimiz akademik və işəgötürən reputasiyasını gücləndirmək, beynəlxalq əməkdaşlığı daha məzmunlu və nəticəyönümlü etməkdir. Beynəlxalq reytinqlərdə irəliləyiş də bu keyfiyyət dəyişikliklərinin nəticəsi kimi formalaşmalıdır.
İkinci istiqamət elmi tədqiqat potensialıdır: daha keyfiyyətli nəşrlər, birgə beynəlxalq layihələr və sənayenin konkret problemlərinə tətbiq edilən nəticələr görmək istəyirik. Üçüncü istiqamət məzunların əmək bazarına hazırlığıdır. Onların peşəkar fəaliyyəti və işəgötürənlərin rəyi təhsilin real keyfiyyətini qiymətləndirmək üçün mühüm meyardır.
Dördüncü istiqamət şəffaf, hesabatlı və dayanıqlı universitet idarəçiliyinin qurulmasıdır. Keyfiyyət təminatı, rəqəmsal transformasiya, akademik dürüstlük və insan kapitalının inkişafı burada əsas prinsiplərdir. İstəyirəm ki, 2030-cu ildə SDU ölkənin elmi, texnoloji və intellektual inkişafına ölçülə bilən töhfə verən, sənaye ilə səmərəli əməkdaşlıq quran, beynəlxalq akademik mühitdə tanınan və məzunları ilə seçilən universitet kimi qiymətləndirilsin. Bizim üçün strateji planın dəyəri məhz bu nəticələrin əldə edilməsindədir.