Modern.az

Dərsə görə iş tapa bilmirlər - Tələbələrin əsas PROBLEMİ

Dərsə görə iş tapa bilmirlər - Tələbələrin əsas PROBLEMİ

Təhsil

Bu gün, 15:41

Tələbələrin bir qismi təhsil almaqla yanaşı, gündəlik xərclərini qarşılamaq və maddi ehtiyaclarını ödəmək üçün işləməyə də məcbur olur.

Modern.az-ın apardığı araşdırma zamanı məlum olub ki, bəzi universitetlərdə dərs cədvəlinin dəyişdirilməsi tələbələrin iş tapmasını və mövcud işlərini davam etdirməsini çətinləşdirib.

Bəs təhsillə işi paralel aparmaq tələbələr üçün hansı çətinliklər yaradır? Dərs qrafiki onların iş imkanlarına necə təsir edir?

Bu suallara aydınlıq gətirmək üçün tələbələrlə həmsöhbət olub, onların qarşılaşdıqları çətinlikləri və fikirlərini öyrəndik.

Xəzər Universitetinin 3-cü kurs tələbəsi Fatimə Yusifzadə:

"Digər universitetlərə nisbətən bizim təhsil ocağında dərs saatları fərqlidir. Müəyyən part-time işlərdə çalışmaq bizim üçün çətindir. Çünki dərs saatımız iş saatı ilə heç cür uyğunlaşmır".

UNEC-in 4-cü kurs tələbəsi Zeynəb Talıbova:

"Təbii ki, oxumaq ilə yanaşı, işləməyin müəyyən çətinlikləri var. Part-time işlər məni yorur. Ona görə də, part-time işləmək yerinə evdə repititorluqla məşğulam. Bununla həm özümə vaxt ayırıram, həm qazanıram, həm də oxuyuram".

Azərbaycan Dillər Universitetinin 3-cü kurs tələbəsi Sunay Hüseynquliyeva:

"Mən iş vaxtım ilə dərs vaxtlarımı uyğunlaşdıra bilirəm. Bu məndə heç bir çətinlik yaratmır. Əksinə, əlavə gəlirim olur”.

ADNSU-nun nəzdində Sənaye və Texnologiya kollecinin 3-cü kurs tələbəsi Məryəm Qarayeva:

"Yorucu tərəfləri var, amma bunu etmək o qədər də çətin deyil. Dərs saatlarım işləməyimə mane olmur. Oxuyaraq işləmək özümüzü inkişaf etdirməkdir. Tövsiyə edirəm ki, tələbələr oxumaqla yanaşı, işləsinlər”.

Aparılan müşahidələr göstərir ki, tələbələr üçün işləmək yorğunluq yaratsa da, əlavə gəlir mənbəyi və özünü inkişaf etdirmək onlar üçün vacib məsələdir.

Gülbadam Cümşüdova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimizdə təhlükə! Türkiyəylə Azərbaycana qarşı gizlli plan