
Bakı Slavyan Universitetinin Azərbaycan multikulturalizmi kafedrasının kollektivi Mədəniyyət və Turizm Nazirliyinin araşdırmaşılar arasında keçirdiyi “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçısı” mövzusunda müsabiqənin qalibi olub.
Müsabiqə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizin müsbət beynəlxalq imicinin formalaşmasında böyük əhəmiyyətə malik olan Bakı Prosesi, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi tədqiqi və təşviqi məqsədi daşıyır. Eyni zamanda, müsabiqənin keçirilməsində niyyət respublikamızın elmi ictimaiyyətinin sözügedən sahəyə diqqətinin artırılması, mədəniyyətlərarası dialoq və multikulturalizm kimi sosial-siyasi məfhumların respublikamızda aparılan elmi araşdırmaların əsas tədqiqat predmetlərindən birinə çevrilməsi və sahənin inkişafına xidmət edə biləcək ekspert rəylərinin toplanmasına xidmət edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, multikulturalizm kafedrasının təqdim etdiyi layihə "Azərbaycan – mədəniyyətlərarası dialoqun və multikuturalizmin məkanı kimi" adlanır. Layihədə müxtəlif mədəniyyətlərin sülh şəraitində yaşamasına və inkişafına yönəlmiş müasir Azərbaycan Respublikasının dövlət siyasəti, millətlərarası münasibətlər siyasətinin hüquqi bazası təhlil olunur və Azərbaycanda məskunlaşan etnik müxtəlifliyin mədəni dəyərlərinin qorunması və inkişafı sahəsində Azərbaycan Respublikası dövlət siyasətinin əsas prinsipləri öz əksini tapır.
Mədəniyyətlərarası dialoq və multikulturalizm kimi dəyərlərin təbliği üzrə dövlət siyasətinin miqyasını və mahiyyətini nəzərə alaraq, qeyd olunan proseslərə ölkəmizin elm müəssisələrinin və ali məktəblərinin potensialının cəlb olunması təqdirəlayiq hadisədir.