Modern.az

NAZİRLİK: “Bakı-Sumqayıt yolunda qəza törədən mikroavtobus partizan üsulu ilə işləyib”

NAZİRLİK: “Bakı-Sumqayıt yolunda qəza törədən mikroavtobus partizan üsulu ilə işləyib”

Təhsil

17 Sentyabr 2015, 16:39


Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov Bakı-Sumqayıt yolunda baş vermiş qəza ilə bağlı daha bir açıqlama verib.

O, Modern.az saytına deyib ki, qəza törədən “Ford” markalı mikroavtobus 2007-2012-ci illərdə lisenziya ilə fəaliyyət göstərib:

“2012-ci ildən bəri bu avtobusa lisenziya verilməyib. Ümumiyyətlə, 2015-ci ilin avqust ayının 10-dan etibarən nazirlik tərəfindən qeyri-müntəzəm reyslərə lisenziya verilmir.

Mikroavtobus “Embawuud” şirkətində çalışan fəhlələri daşıyıb. Necə, nə cür, hansı əsasla, bunu deyə bilməyəcəyəm. Bildiyim budur ki, mikroavtobus qanunsuz, partizan üsulu ilə fəaliyyət göstərib”.

Onun sözlərinə görə, kütləvi informasiya vasitələri yanlış olaraq mikroavtobusun Bakı Beynəlxalq Avtovağzalından çıxdığını yazıblar:

“Beynəlxalq Avtovağzaldan çıxan avtobusların hər biri qanuni fəaliyyət göstərir, onların dəqiq qrafiki, cədvəli var. Nəzərinizə çatdırım ki, sentyabrın 10-da Sumqayıtda qanunsuz daşımaçılıqla bağlı reydimiz olub. Hətta televiziya kanallarında bununla bağlı süjetlər də gedib. Biz qanunsuz fəaliyyət göstərənlərə qarşı mübarizəni davam etdiririk. Təəssüf ki, bu sürücü nəzərdən yayınıb və insan faciəsi ilə nəticələnən qəza törədib”.

Namiq Həsənov qəza zamanı sərnişinlərin ölümünə səbəb olan dəmir arakəsmələrin kəsici materialdan hazırlanması iddialarını əsassız adlandırıb:

“Bizdə adətdir, hadisə baş verən kimi 500 versiya irəli sürülür. Mən bilmədiyim şey barədə fikir yürütmürəm. Məsələdən başı çıxan da danışır, çıxmayan da.

Hər halda, hadisə hüquq-mühafizə orqanları və Nəqliyyat Nazirliyi tərəfindən araşdırılır, qəzanın səbəbləri öyrənilir. Araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək”.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı