Modern.az

Beynəlxalq hüquq üzrə ekspert Almaniyanın Prezidenti və Kanslerinə müraciət etdi

Beynəlxalq hüquq üzrə ekspert Almaniyanın Prezidenti və Kanslerinə müraciət etdi

Diaspor

23 Fevral 2024, 15:32

Almaniyada yaşayan və fəaliyyət göstərən beynəlxalq hüquq üzrə ekspert Asəf Əsgər Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmeyerə və Kansler Olaf Şolza müraciət ünvanlayıb.

 

Diasporla İş üzrə Dövlət Komitəsindən Modern.az-a bildiriblər ki, müraciətdə Xocalı soyqırımının bəşər tarixinin ən amansız qətliamlarından biri olduğu, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, ümumilikdə 613 nəfərin qəddarlıqla qətlə yetirildiyi, o cümlədən 8 ailənin tamamilə məhv edildiyi,1275 nəfərin əsir götürüldüyü və əsir götürülən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyinin hələ də məlum olmadığı bildirilib.

 

Qeyd edilib ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının mülki əhalisi olan azərbaycanlıların məhv edilməsini “müharibə cinayəti və ya insanlığa qarşı cinayət” kimi qiymətləndirib.

 

Bundan əlavə, Xocalıda törədilənlərin BMT Baş Assambleyasının 2010-cu il 21 dekabr tarixli qərarına, 1949-cu il Cenevrə konvensiyalarına, Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Pakta, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı Konvensiyaya, İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Ləğvi haqqında Beynəlxalq Konvensiyaya, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya, Uşaq hüquqları haqqında Konvensiyaya tamamilə zidd olduğu vurğulanıb.

 

Müraciətin sonunda dünyada sülh və əmin-amanlığın bərpası, soyqırımı və buna bənzər zorakılıqların qarşısının alınması üçün Xocalı soyqırımının tanınmasının vacibliyi vurğulanıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik