Modern.az

Uğursuz çeviriliş cəhdindən sonra Türkiyə daha da gücləndi - AÇIQLAMA

Uğursuz çeviriliş cəhdindən sonra Türkiyə daha da gücləndi - AÇIQLAMA

15 İyul 2024, 14:28

2016-ci ilin 15 iyulda Türkiyədə FETÖ terror təşçkilatının uğursuz dövlət çevrilişi cəhdindən 8 il ötür. Həmin gün Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu 2016-cı il iyulun 15-də Türkiyənin 65-ci hökumətinə və Türkiyə prezidentinə qarşı dövlət çevrilişinə cəhd edib. İyulun 16-da Türkiyə Silahlı Qüvvələri və Təhlükəsizlik Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatlar nəticəsində hərbi çevrilişə cəhdin qarşısı alınıb. Hadisələr nəticəsində 300-dən çox insan həyatını itirib, 1491 nəfər yaralanıb, 8036 müxtəlif rütbəli hərbçi saxlanılıb. Bundan əlavə, çoxlu sayda insan hərbi, inzibati və məhkəmə orqanlarından xaric edilib.

 

Modern.az-a açıqlamasında Türkiyəli təhlükəsizlik eksperti İmbat Muğlu  vurğulayıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həmin gün xalqa müraciəti çevriliş cəhdinin uğrusuz olmasına səbəb olub:

 

"Səkkiz il əvvəl bu gün ölkəmiz tarixində bənzəri görülməmiş xəyanətə, eyni zamanda mükəmməl bir dirənişə şahidlik etdi. 2016-cı ilin 15 iyulunda Türkiyə siyasi tarixinin ən ağır hücumu baş tutdu. Tarix yazan millətimiz min ildir yaşadığı Anadoluda görmədiyi ən alçaq xəyanətlə qarşı-qarşıya qaldı. FETÖ vasitəsilə ölkəmizə hücum edildi. Yarım əsr əvvəl daxildəki xainlər və Qərb kəşfiyyat təşkilatları tərəfindən dövlətin içinə yerləşdirilən FETÖ 15 iyul gecəsi Türkiyə Respublikası dövlətini tamamilə məhv etməyə çalışdı. Əliqanlı xəyanət şəbəkəsinin hədəfi Türkiyənin xalq tərəfindən seçilən ilk prezidenti Rəcəb Tayyib Ərdoğanı və leqal hökuməti devirmək, Türkiyəni bölmək, parçalamaq və daha sonra tarix səhifəsindən silmək idi. Yəni Türkiyə çeviriliş adı altında işğal və vətəndaş müharibəsi senarisi ilə üz-üzə qaldı. Bizi Birinci Dünya Müharibəsində Osmanlı İmperiyasının parçalanmasına bənzər məhvə məhkum etmək istəyirdilər. Xaricdən dəstək alan FETÖ Türkiyəni Suriya kimi modelləşdirərək vətəndaş müharibəsi prosesini başladacaq və milyonlarla günahsız insanın ölümünə səbəb olacaqdı. Həmin gecə kazarmalardan tanklar çıxdı, ordudakı satqınlar küçələrə buraxıldı, körpülər ələ keçirildi, ölkə prezidentinə sui-qəsdçilər göndərildi, minlərlə insanın edam siyahıları hazırlandı, on minlərlə adam üçün həbs düşərgələri təyin olundu. Prezident sarayı, Milli Məclis, Baş Qərargah, Milli Kəşfiyyat Təşkilatı, Xüsusi Hərəkat İdarəsi, Ankara Polis İdarəsi kimi bir çox kritik nöqtələr bombalandı, mülki insanlar tanklar tərəfindən əzildi, küçələrdə insanlar güllə yağışına tutuldu. Amma elə bir möcüzə baş verdi ki, xainlər onu hesablaya bilməmişdi. Millətimiz bir neçə saat ərzində vətən-bayraq anlayışı ətrafında birləşdi. Türkiyənin hər yerində yüz minlərlə insan küçələrə axışıb, tanklara və güllələrə qarşı yürüş etdilər.

 

Qocalar, gənclər, qadınlar güllələrə meydan oxuyaraq tarixi dəyişdirirdilər. Çanaqqala ruhu ilə millət yenidən ayağa qalxdı. Həm çevriliş edənlər, həm də onların ağaları şokda idilər. Prezident Ərdoğanın çağırışı ilə milyonlarla insan Türkiyənin taleyini ələ aldı. Çevriliş və işğala qarşı inqilab baş verir, dastan yazılırdı. Həmin gecə əsrin mübarizəsi bir neçə saata sıxışdırıldı. Bu müqavimət təkcə siyasi hərəkat deyil, həm də bir xalqın müstəqillik və azadlıq əzminin simvoluna çevrilib. Həmin gecə prezident Ərdoğanın çevrilişə müqavimət göstərməsi və xalqı müqavimətə təşviq etməsi sayəsində çevriliş baş tutmadı".

Təhlükəsizlik eksperti vurğulayıb ki, Qərb ölkələri başda olmaqla Türkiyəyə yaxın bəzi ölkələr çevrilişə qarşı qanuni hökumətə lazımi dəstəyi göstərməyib:

 

"Təəssüf ki, hədlərini aşaraq bu qaranlıq gecəyə səssiz qalanlar və ya sevinənlər oldu. Ölkə daxilindəki bəzi qruplar çevrilişə açıq və qəti şəkildə qarşı çıxmadı və çevrilişin uğurlu olacağını ümidlə gözlədilər. Amma əsl vətənpərvərlər çevrilişə cəhddən sonra çevriliş etdilər, o xəyanət şəbəkəsinin və havadarlarının xəyallarını məhv etdilər. Dünya tarixinin səhifələrində qeyd olunacaq bir çox hadisələrin yaşandığı xəyanət gecəsi təkcə Türkiyə üçün deyil, dünya xalqları üçün də mühüm mesajlar və dərslər ehtiva edir.

 

Bir daha görünür ki, dövlətlər daxillərində gizlənən xəyanətkarlara qarşı ayıq olmalı, xalqın iradəsini daim qoruyacaq mexanizmləri gücləndirməlidirlər. Eyni zamanda, xalqın və demokratiyanın iradəsinin nə qədər əhəmiyyətli olduğu, lazım gəldikdə bu iradənin necə bir güc ortaya çıxara biləcəyi aydın görüldü. Bu hekayə xalqımızın demokratiya və müstəqilliyi müdafiə etmək əzmini, milli birlik və həmrəyliyin vacibliyini, dini dəyərlərdən sui-istifadə hallarına qarşı ayıq-sayıq olmağın zəruriliyini bir daha nümayiş etdirdi. Dövlətimiz bu xəyanətkar cəhddən daha da gücləndi, gələcəyə ümidlərini təzələdi. Bu münasibətlə o gecə canını verənləri, qanını tökənləri, şikəst və yetim qalanları ehtiramla xatırlayırıq. Əziz şəhidlərimizə rəhmət diləyirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri