Yəməndəki husilərin Səudiyyə Ərəbistanına quru müdaxiləyə başlamaq ehtimalı var.
Modern.az ərəb mediasına istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı ilə gərginliyin son günlər kəskinləşməsi fonunda husilərin krallıq ərazisinə daha genişmiqyaslı hücuma hazırlaşdığı barədə iddialar yayılıb. Husilər rəsmi şəkildə Səudiyyə Ərəbistanına quru əməliyyatı üçün hazırlaşdıqlarını açıqlamayıb.
İddialara görə, husilər Səudiyyə Ərəbistanına qarşı mümkün quru əməliyyatı planlaşdırır və ölkə ərazisinin daha dərin hissələrinə doğru irəliləməyə hazırlaşırlar.
Gərginliyin fonunda Səudiyyə Ərəbistanında raket və pilotsuz uçuş aparatları ilə hücumlar artıq qeydə alınıb. Son günlər husilər Ər-Riyad da daxil olmaqla Səudiyyə ərazisində hərbi və enerji infrastrukturu obyektlərini hədəfə aldıqlarını açıqlayıblar. Səudiyyə tərəfi isə bəzi raket və PUA-ların hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu bildirib.
Xüsusi narahatlıq doğuran məqamlardan biri Məkkənin adının son hadisələr fonunda gündəmə gəlməsidir. Səudiyyə rəsmiləri sentyabrın 15-də Məkkə yaxınlığında husilərə aid olduğu bildirilən PUA-nın ələ keçirildiyini açıqlayıb. Husilər isə Məkkəni hədəfə aldıqları barədə ittihamı rədd ediblər.
Məkkə ilə yanaşı, Mədinə və digər müqəddəs ərazilərin təhlükəsizliyi ilə bağlı mümkün risklər də bölgədəki gərginliyin miqyasını artıran əsas narahatlıqlardan biri kimi təqdim olunur.
ABŞ Dövlət Departamenti də Səudiyyə Ərəbistanı və bir sıra Yaxın Şərq ölkələrinə səfərlə bağlı xəbərdarlıq səviyyəsini artırıb. Vaşinqton ölkədə İran və husilər tərəfindən raket və PUA hücumları riskinin mövcud olduğunu bildirir.
Bundan əvvəl Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ Prezidenti Donald Trampla telefon danışığında husilərə qarşı hərbi addımlar məsələsini müzakirə edib. Reuters-in məlumatına görə, Vaşinqton həmin mərhələdə husilərə qarşı birbaşa hərbi əməliyyata qoşulmaq niyyətində olmadığını, lakin kəşfiyyat və hədəflərin müəyyənləşdirilməsi sahəsində dəstək verə biləcəyini bildirib.