Modern.az

İlyas İsmayılov “Elm haqqında” qanun layihəsinin detallarını AÇIQLADI

İlyas İsmayılov “Elm haqqında” qanun layihəsinin detallarını AÇIQLADI

Təhsil

24 Fevral 2015, 16:46


Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov bu gün parlamentdə müzakirəyə çıxarılan “Elm haqqında” qanun layihəsi ilə bağlı münasibətini açıqlayıb.
Modern.az saytı xəbər verir ki, İ.İsmayılovun qənaətincə, "Elm haqqında” qanun layihəsi mükəmməl hazırlanıb və elm sahəsində olan bütün münasibətlər sisteminin hüquqi bazasını yaradan bir sənəd şəklinə gətirilib.

“Gözlədiyim prinsipial məsələlərin, demək olar ki, hamısı layihədə yer alıb. Sənədin strukturu da onun günün tələblərinə cavab verməsini göstərir. Layihədə elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsasları təsbit olunub.

Layihənin hazırlanmasına çox ciddi yanaşılıb. Bu sahədə yüksək inkişaf etmiş ölkələrin qanunverici bazası öyrənilib, müəyyən məqamlar prototip götürülüb və Azərbaycan şəraitinə, qanunvericiliyinə uyğunlaşdırılıb. Bildiyimə görə, hazırlıq mərhələsində qanun layihəsi 40-a yaxın müstəqil ekspertə, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə göndərilib və onların rəy və tövsiyələri öyrənilib. Bir sıra nazirliklər, dövlət komitələri geniş rəy və tövsiyələrini təqdim ediblər.

Mənə elə gəlir ki, “Elm haqqında” qanun layihəsinin ictimai müzakirəyə çıxarılması miqyası digər qanun layihələrinin hazırlanması üçün bir örnək ola bilərdi. Burada bir texniki məsələni də qeyd etmək istəyirəm. Qanun ətrafında ictimai müzakirələrdə daha geniş auditoriya iştirak edə bilərdi, lakin nə Milli Məclisin İnternet saytında, nə müvafiq komitənin saytda olan səhifəsində bu layihəyə rast gəlmədim. Hesab edirəm ki, gələcəkdə müzakirəyə çıxarılan böyük əhəmiyyətli qanun layihələri parlamentin saytında öncədən yer almalıdır.

Qanunda bir müsbət məqamı da qeyd etmək istərdim. Qanun layihəsində Azərbaycan Milli Elmlər Akademiyasının əsas elmi müəssisə olması təsbit olunsa da, elm sahəsində ali məktəblərin üzərinə elmi fəaliyyətlə bağlı ciddi öhdəliklər qoyulur. Yəni, əvvəllər ali təhsil müəssisələrində yalnız təsərrüfat hesablı elmi-tədqiqat işləri yerinə yetiririlirdisə, indi artıq bu iş tamamilə yüksək müstəviyə qaldırılır. Bu gün universitetlərin elmi potensialı böyükdür, amma təəssüf ki, bundan çox az istifadə edilir, çünki universitetin əsas fəaliyyət növü tədris sayılır. Lakin bu gün dünyada güclü tədqiqatçı bölümü olan universitet və institutlar reytinq cədvəlində ilk onluqdadır, bütün elmi tədqiqatların əsas ağırlıq mərkəzi universitet və institutların üzərinə düşür və biz bu təcrübədən mütləq faydalanmalıyıq.

Müsbət haldır ki, Qanunda, həmçinin elmi fəaliyyətlə məşğul olan kadrların həvəsləndirilməsi üçün onlara müəyyən güzəştlərin, imtiyazların verilməsi ilə əlaqədar konkret maddələr var. Elmimizə yeni simaların cəlb olunması üçün Qanunda gənc alimləri stimullaşdırmaq məqsədi ilə onlara sosial, o cümlədən ipoteka güzəştlərinin verilməsi nəzərdə tutulub.

Bununla yanaşı, diqqətinizi, zənnimcə, aktual olan və layihədə əhəmiyyətinə görə yer almayan bir məsələyə yönəltmək istərdim.

38-ci maddənin 11-ci bəndində qeyd olunur: “Elmi təşkilatlarda və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara müəyyən edilmiş qaydada beş ay müddətinə qədər ödənişli elmi-yaradıcılıq məzuniyyəti verilir”. Dünya praktikası əsasında deyə bilərəm ki, bu növ məzuniyyətin müddəti bir çox ölkədə bir ilə qədərdir.

Ümumiyyətlə, bu fikirdən irəli gələrək, hesab edirəm ki, qanuna elmi işçilərin məzuniyyətlərinə, istər əmək, istərsə elmi-yaradıcılıq məzuniyyətlərinə ayrıca bir maddə - “Elmi işçilərin məzuniyyətləri” maddəsi daxil edilməlidir. Bu maddə üç bənddən ibarət olmalıdır:

1.Elmi təşkilatlarda və ali təhsil müəssisələrində çalışan elmi işçilərə və doktorantlara müəyyən edilmiş qaydada altı ay müddətinə qədər ödənişli elmi-yaradıcılıq məzuniyyəti verilir.

2. Dövlət elmi və onlara bərabər tutulan təşkilatların elmi işçilərinə illik ödənən əmək məzuniyyətləri verilir: elmlər doktorları üçün əlli altı təqvim günü, elmlər namizədləri, fəlsəfə doktorları (PhD), profil üzrə doktorlar üçün - qırx iki təqvim günü, başqa elmi işçilər üçün otuz beş təqvim günü müddətinə.

3. İxtisasın artırılması üçün dövlət elmi və onlara bərabər tutulan təşkilatlarda çalışan elmi işçilərə aparıcı ali təhsil müəssisələrində, elmi mərkəzlərdə və laboratoriyalarda, o cümlədən xarici ölkələrin elmi mərkəzlərində təcrübə keçmələri üçün bir il müddətinə qədər ödənişli məzuniyyətlər verilir.

Çıxışımın sonunda həm deputat, həm bir alim kimi qəbul edəcəyimiz Qanunun Azərbaycan elminin inkişafına yeni bir təkan olacağına ümidvar olduğumu bildirirəm”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı