Modern.az

2019-cu il rabitəçilər üçün necə yadda qaldı?

2019-cu il rabitəçilər üçün necə yadda qaldı?

Güncel

26 Dekabr 2019, 16:45

Bir neçə gündən sonra 2019-cu ili yola salacağıq.

 

Bəs 2019-cu il Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün necə yadda qalıb?

 

Modern.az ötən bir il ərzində nazirliyin gördüyü işlərə nəzər salmağa çalışıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova yola salacağımız 2019-cu il ərzində nazirlikdə yadda qalan hadisələr haqqında saytımıza geniş məlumat verib.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan və “Made in Azerbaijan” brendi altında təqdim olunan “Danışan kitabxana” layihəsi “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti 2019” çərçivəsində keçirilən mükafatlandırma mərasimində “Çempion layihə” mükafatına layiq görülüb.

 

Eyni zamanda, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkının Akselerassiya proqramının qalibi, “Azercell Telekom” MMC-nin “Barama” İnnovasiya və  Sahibkarlıq  Mərkəzinin İnkubasiyasının rezidenti olan “DataForest” startapı da  “İKT tətbiqləri: e-Biznes” kateqoriyası üzrə “Çempion layihə” adına layiq görülüb.

 

Türkiyənin Bursa şəhərində “Capital” və “Economist” jurnallarının təşkilatçılığı ilə Uludağ İqtisadi Zirvəsinin 8-ci toplantısı və bu tədbir çərçivəsində “Stars of Region” adlı qlobal startap müsabiqəsi keçirilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İnnovativ Biznes Proqramının iştirakçısı olan “Hotel Race” startapı beynəlxalq müsabiqəyə qatılan iki mindən artıq  startap arasından seçilərək final mərhələsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat edib. “Hotel Race” startapının əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə hotellər üçün innovativ idarəetmə həllərinin və digər analitik həllərin hazırlanmasıdır. Azərbaycan startapı beynəlxalq müsabiqədə ikinci yeri qazanıb. Həmçinin ilk dəfə olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi beynəlxalq startap müsabiqəsinin münsiflər heyətində təmsil olunub.

 

2018-ci ildən etibarən icrasına başlanan "İdeyadan Biznesə" layihəsi çərçivəsində 2019-cu ildə də bir sıra tədbirlər keçirilib. Startap hərəkatının genişləndirilməsinə və vətəndaşların innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədi ilə 2019-cu ildə də paytaxt Bakını və respublikanın ayrı-ayrı regionlarını əhatə edən genişmiqyaslı startap turları təşkil edilib.

 

“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində  Heydər Əliyev Mərkəzində təşkil olunan mərasimdə Bakı və region finalçıları arasından 2019-cu il üzrə qaliblər müəyyən edilib. 

Kibertəhlükəsizlik sahəsində əlaqəli fəaliyyətin səmərəliliyinin və maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsi üçün Azərbaycanda ilk dəfə olaraq 11-15 mart 2019-cu il tarixlərində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçirilib.

 

“Kibertəhlükəsizlik həftəsi” çərçivəsində aidiyyəti qurumlarla birgə “Regional İnternet İdarəçilik Forumu”, “Hackathon” müsabiqəsi, “Kibertəhlükəsizlik Həlləri üzrə Seminar”, “Dayanıqlı və Təhlükəsiz Bulud Mühiti”, “ISO 27001” üzrə Sertifikatlaşdırma”, “Azərbaycan Respublikasında CERT xidmətləri: Kibertəhlükələr və onlardan mühafizə üsulları” respublika elmi-praktiki seminarı” və s. bu kimi mövzularda tədbirlər təşkil edilib. Məqsəd informasiya sistemlərinə edilən müdaxilələri aşkar edən unikal monitorinq sisteminə dair həllərin təqdim edilməsi olub.

Bu il Azərbaycanda ilk dəfə olaraq “İnnovasiya Festivalı” (“İnnoFest”) keçirilib.

“İnnovasiya Festivalı” startap hərəkatının formalaşdırılması, gənclərin biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi və yeni innovativ ideyaların reallaşdırılması, eyni zamanda regionlarda biznes inkubasiya mərkəzlərinin yaradılması ənənələrinin formalaşdırılması məqsədilə təşkil edilir.

 

“İnnoFest” çərçivəsində Azərbaycanda Beynəlxalq “Lightest” Forumu, “Şərq Tərəfdaşlığı” ölkələrinin “Rəqəmli bazarların uyğunlaşdırılması” (HDM) təşəbbüsü çərçivəsində 4-cü “ICT innovation and startup ecosystems” istiqaməti üzrə seminar, “EU4 Digital proqramı”nın təqdimatı,“Monex Summit” Gənclər İnternet İdarəçilik Forumu keçirilib. 1-2 iyun tarixlərində Heydər Əliyev Mərkəzinin parkında “İnnoFest Village” təşkil olunub. “İnnoFest Village” -də  “Baku Open Cyber Cup” kiber idman turniri , “TechFest”  sərgisi keçirilib. 3 iyun tarixində “Made in Azerbaijan: İnnovasiyalar və Texnologiyalar” Forumu təşkil olunub. İyunun 4-də III Robot Olimpiadası ilə “İnnovasiyalar Festivalı”na yekun vurulub.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərmarka” MMC tərəfindən keçirilən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Gələcək” mövzusunda rəsm müsabiqəsinin qalibləri də “İnnoFest Village”də elan edilib.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti 2019-cu ildə bir sıra sərgilərdə (“TİBO-2019” sərgi-forumu, Xəzər İnnovasiya Texnologiyaları Sərgisi, “ITU Telecom World 2019” beynəlxalq sərgi və forumu, “TransCaspian” və “Road & Traffic” nəqliyyat sərgiləri) iştirak ediblər.

 

Belarus Respublikasının Minsk şəhərində keçirilən “TİBO-2019” sərgi-forumunda ölkəmizi təmsil edən Milli  Pavilyon “Ən Yaxşı Stend” kimi təltif edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində Azərbaycanda “Əşyaların interneti” laboratoriyasının açılış mərasimi keçirilib.

Məqsəd tədris və tətbiq arasında körpü yaradaraq, perspektivli innovativ layihələrin icrasına gənc mütəxəssislərin və startapçıların cəlb edilməsidir.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi dəstəyi ilə "NETTY 2019" Azərbaycanın milli internet müsabiqəsinin 15-ci mükafatlandırma mərasimi keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə “AZCLOUD Hackathon 2019” müsabiqəsi keçirilib.

 Azərbaycan Respublikasının Nazirlər Kabineti Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib.

 

2019-cu ildə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin nümayəndə heyəti Kanadanın Monreal şəhərində keçirilmiş “Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya”nın imzalanması və Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) yaranmasının 75 illiyinə həsr edilmiş Dünya Forumunda və İKAO Assambleyasının 40-cı sessiyasında iştirak edib.

Azərbaycan uçuşların təhlükəsizliyinə nəzarətin təmin edilməsi sahəsində əldə olunmuş irəliləyişə və beynəlxalq standartların effektiv tətbiqində qazanılmış yüksək nailiyyətlərə görə Beynəlxalq Mülki Aviasiya Təşkilatının Şurasının prezidentinin “Yüksək nailiyyətlərə görə şəhadətnamə”si ilə təltif edilib. 

Azərbaycanda ikinci dəfə  “InnoWeek – İnnovasiya həftəsi” keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunub.

Oktyabrın 28-də Ağdaş Rayon Telekommunikasiya Qovşağının əsaslı təmirdən sonra istifadəyə verilən inzibati binasının və yeni “Şəbəkə” Xidmət Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda bina və mərkəzin fəaliyyəti ilə tanış olub. 

 

Misirin Şarm-əl-Şeyx şəhərində keçirilmiş Ümumdünya Radiorabitə Konfransında ölkəmiz nümayəndə heyəti ilə təmsil olunub. İlk dəfə olaraq Azərbaycan Rabitə Administrasiyasının 3 nümayəndəsinin namizədliyi Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Bürosunun Tədqiqat qruplarında rəhbər vəzifələrə təsdiq edilib.

 

Bakı Ekspo Mərkəzində “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel 2019” ilə tanış olublar.

 

Bu il rekord sayda insan, 25 minə yaxın insan sərgini ziyarət edib. Qeyd edək ki,  bu il ziyarətçilərin dəqiq sayı məhz “Robopark” zonasında quraşdırılmış “SDK Fight Corp.USA” əsasında eksperimental “Madmedia” texnologiyası vasitəsilə müəyyən olunub. Bu texnologiya  hər bir iştirakçını cinsinə, yaşına, əhval-ruhiyyəsinə və sifətinə görə identifikasiya edərək onları məlumat bazasına yerləşdirməyə imkan verir.

 

Bu il həmçinin bir sıra əhəmiyyətli fərmanlar və sərəncamlar imzalanıb. Hökumət buludu konsepsiyası təsdiq edilib. “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Prezidenti İlham Əliyev tərəfindən Fərman imzalanıb. Fərmana əsasən “Hökumət buludu” (G-cloud) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin infrastrukturunda yaradılır. Bu texnologiyanın tətbiqi ilə dövlət informasiya sistemlərinin saxlanılması daha təhlükəsiz, dayanıqlı infrastrukturda mərkəzləşdirilmiş qaydada həyata keçiriləcək. Beynəlxalq standartlara cavab verən data mərkəzi isə hökumətin milli məlumat məkanına çevrilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı