Modern.az

Azərbaycanlılara inanmayan azərbaycanlı

Azərbaycanlılara inanmayan azərbaycanlı

Güncel

5 Yanvar 2016, 10:05

10 dəqiqədən artıq idi avtobusu gözləyirdik. Gəlmək bilmirdi ki, bilmirdi. Tərslikdən də işə tələsirik. Həmişəki kimi mən deyinirəm, həyat yoldaşım isə fikrimi dağıtmağa çalışır. Nəhayət gəlib çıxdı. Qapılar açılar-açılmaz yenə eyni mənzərə ilə qarşılaşdıq, avtobus “ağzına” kimi doludur. Deyinə-deyinə bir təhər ikimizə də  yer etdim. Bir də baxdım kəskin siqaret iyi, tər və yemək qoxusu burnumun xırda dəliklərini “vəhşicəsinə” yararaq sinir sistemimi qıcıqlandırır. “Qara Qarayev” metrostansiyasına kimi 30 dəqiqə bu vəziyyətə dözməli idim. Əsəblərimi tarıma çəkən qoxuya yenicə alışmışdım ki, bu dəfə, sürücü məni cin atına mindirdi. Suraxanı rayonuna bələd olanlar Əmircan-Bülbülə yolunun avtomobil yarışları üçün yararsız və əlverişsiz olduğunu  bilirlər. Hər dəfə bu yol bitəndə sağ qaldığımıza sevinirəm. Nə isə... Movzudan uzaqlaşmayım...


Avtobus iki tərəfli  dar yolda ildrım sürəti ilə şütüyür, daha doğrusu uçurdu. Qorxaq adam olmasam da, yavaş-yavaş içimə vahimə dolmağa başladı. Sanki axırzaman idi.  Sürücü gediş-gəlişin dar olduğu yolda 113 nömrəli avtobusun gah sağına, gah soluna, gah önünə, gah arxasına keçirdi. Üstəlik də siqnalı dayanmadan basırdı. Bu səs isə  daha vahiməli idi. Yüksək sürətin içimdə  baş qaldırdığı vahimədən də vahiməli...

İnsanların üzünə baxıram. Hər kəs öz aləmindədir. Həmişəki kimi donuq üzlər. Elə bil zombilərlə birlikdə eyni avtobusun sərnişinləriyik. İnsanlar, pardon, “zombilər” hər an baş verə biləcək təhlükəni veclərinə də almırdılar. Bu məni bir qədər də özümdən çıxarır. Artıq dözə bilmədim. Hər kəsin eşidəcəyi səs tonu ilə “deyəsən sürücü cənabları, Formula-1 yarışlarına hazırlaşır” dedim. Ətrafın reaksiyası sıfır. Daşdan səs çıxdı, sərnişinlərdən səs çıxmadı. Əslində, bundan artığını gözləmirdim də. Amma əmin idim ki, ürəklərində sürücünü söyürlər...

Hər işdə  beləyik. Üzə söz deməyi ar bilirik, arxada isə ağına-bozuna baxmadan danışırıq. Həyat yoldaşım alovlanmış gərginliyimin üzərinə su səpmək üçün üzümə baxıb  mənalı-mənalı gülümsəyirdi. Dəstək gözlədiyim auditoriyanı mən də ürəyimdə “söyməyə” başladım. İçimə dolan qorxu hissi isə hələ də orda idi...

30 dəqiqə, sürət həddi yüksək olduğu üçün vaxtından əvvəl bitdi. Mənzil başına sağ-salamat çatmağımız əsil möcüzə idi. Tanrıya təşəkkür etdim və “Qara Qarayev” metrostansiyasının çıxışında dayanan 191 nömrəli marşrutun dispetçerinı axtarmağa başladım. İşə geçikirdim. Amma sözümü deməmiş heç hara gedən deyildim. Soraqlaşıb, axtardığımı tapdım. Çox ümidli idim. Dispetçerin timsalında özümə həmdəm tapacaqdım. Əminliklə yaxınlaşdım...

 Qaraşımda, hündürboylu, qarayanız, başında idman papağı, əynində solğun rəngli dəri gödəkçəsi olan biri dayanmışdı. Ədəb-ərkanla salam verib, marşrutun sürücüsündən şikayətçi olduğumu bildirdim. “Sürücünüzə başa salın ki, insanlar evdən ölmək üçün yox, həyatla mübarizə aparmaq üçün çıxırlar” dedim.
“Hə, nə olsun” cavabını verdi. Diksindim... “Sizdən Nəqliyyat Nazirliyinə şikayət edəcəyəm” dedim. Yüksək tonla “edin” cavabını aldım. Mən dirəşdim, o isə son olaraq “heç bir azərbaycanlının sözünə inanmıram” dedi. Bir anlıq duruxdum və dispetçerin əcnəbi olduğu ağlımdan keçdi. Bu fikri o dəqiqə düşüncələrimdən rədd etdim. Çünki, qarşımddakı azərbyacanlı idi. Azərbaycanlılara inamı olmayan azərbaycanlı...

Beləsi ilə mübahisə etmək isə yersizdir. Yaşadığı ölkənin bütün vətəndaşlarını yalançı adlandıran biri, kobud söz işlətməkdən də çəkinməzdi. Onda gərək söhbət polis bölməsində yekunlaşaydı.  Dispetçerin də  zombi çıxmasına üzüldüm. Üzümü həyat yoldaşıma tutub “niyə susursuz, nə vatxa kimi buna dözəcəyik?” dedim.
“Biz artıq alışmışıq”,-deyə cavab verdi.
“Axı mən alışa bilmirəm” deyərək etiraz etdim. Əlini çiynimə qoyub “alışacaqsan bala,  alışacaqsan” söylədi...

30 12 2015
Saat 19:37
Baku Busun 3 nömrəli xəttində

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı