İctimai Palata 18 oktyabr Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyi ilə bağlı bayram yürüşünə hazırlaşır.
İP üzvü, Müsavat Partiyası Səbayel rayon təşkilatının sədri Hüseyn Məlikin Musavat.com-a verdiyi məlumata görə, bayram yürüşü oktyabrın 16-da deyil, 18-də keçiriləcək.
“Bir neçə gündür ki, mediada İctimai Palatanın bayram yürüşünün vaxtının oktyabrın 16-na dəyişildiyi barədə yanlış informasiya yayılır. İctimai Palata tədbirin vaxtını dəyişməyib. Bayram yürüşünün bayram günü-oktyabrın 18-də saat 15-dən 17-dən keçirilməsi nəzərdə tutulub. Bayram yürüşünə şərait yaradılması üçün oktyabrın 7-də Bakı Şəhər İcra Hakimiyyətinə göndərilən rəsmi məktuba mən, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Ədalət Yusibov və AXCP sədrinin müavini Asəf Quliyev imza atmışıq. Həmin rəsmi məktubda bayram yürüşünün oktyabrın 18-də saat 15-dən 17-dək keçiriləcəyi qeyd olunub. Məktubda bayram yürüşü üçün 4 marşrutdan birinin ayrılması istənilir: Metronun ”28 May" stansiyasının qarşısından Azadlıq meydanına (Puşkin küçəsi ilə hərəkət etməklə); Təbriz küçəsinin başlanğıcından “Nərimanov” kinoteatrına (Təbriz küçəsi ilə hərəkət etməklə); Bəhramgurun heykəlinin qarşısından Bayraq meydanına; metronun “20 Yanvar” stansiyasının yanından “Qələbə” kinoteatrının qarşısından keçməklə keçmiş Musabəyov parkına (H.Zərdabi küçəsi və Mətbuat prospektini keçməklə). Məktuba hələ cavab verilməyib".
H.Məlik bildirdi ki, bayram yürüşündən əvvəl saat 12.00-da Şəhidlər Xiyabanı və Fəxri Xiyabanda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarı ziyarət ediləcək. Bayram yürüşünə hazırlıq işləri davam edir.
Modern.az