Modern.az

Çingiz xanın əsas qalasının xarabalığı AŞKARLANDI

Çingiz xanın əsas qalasının xarabalığı AŞKARLANDI

Mədəni̇yyət

2 İyun 2023, 17:52

Yapon və monqol arxeoloqlarından ibarət ekspedisiya tarixdə ən böyük hökmdar və sərkərdələrdən biri olmuş Çingiz xanın əsas qalasının xarabalığını aşkar edib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, imperiyasının sərhədlərini Çindən Polşaya qədər uzatmış Çingiz xan öz vəsiyyətinə əsasən gizli bir yerdə dəfn edildiyindən, onun məzarı naməlumdur. Lakin həmin məzarı axtaran arxeoloqlar Monqolustan ərazisində XIII əsrə aid qalanın xarabalığını aşkar ediblər. Bu kəşf tarixçilərə monqolların Avropaya yürüşləri ilə bağlı daha çox məlumat əldə etməyə imkan verəcək. Belə ki, həmin qala əkin yerlərinin və bazarların yaxınlığında yerləşib və Çingiz xanın sərkərdələri ərzaq və geyim tədarükünü burada həyata keçiriblər.


Ekspedisiyanın rəhbəri, Osaka Beynəlxalq Universitetinin professoru Koiçi Matsuda bildirib ki, Monqolustanın paytaxtı Ulan-Batorun 880 kilometr qərbində yerləşən bu qala haqqında məlumatlar hələ orta əsrlərdə bir Tao təriqətinin ruhani liderinin əlyazmasında verilib. Onun sözlərinə görə, xarabalıqdan heyvan sümükləri, Çin saxsı qabları və yun parça qalıqları tapılıb. Ümumilikdə 200 metr uzunluğunda olan qala divarlarının 1212-ci ildə tikildiyi güman edilir. “Çinkay sarayı” adlanan bu istehkam İpək yolunun üzərində yerləşir.


Monqol imperiyasının süqutundan sonra bu qala əhəmiyyətini itirib və XIV əsrdə xarabalığa çevrilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi