Modern.az

Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (I SORĞU)

Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (I SORĞU)

Media

29 İyul 2011, 13:14

Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Buna görə də qərara aldıq ki, dövlət qurumlarının mətbu nəşrlərini sizə tanıdaq. Bu işdə Modern.az-a dövlət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri kömək etdilər.

Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Cavadlı bildirib ki, nazirliyin 1 qəzeti, 5 jurnalı və iki məcmuəsi çap olunur: “Bunlar “Azərbaycan müəllimi” qəzeti, “Kurikilum”, “Təhsil”, “Azərbaycan məktəbi”, “Azərbaycan dili və ədəbiyyatı”, “Sənətkar” jurnalları, “Fizika, riyaziyyat və informatika” məcmuəsi, “Məktəbəqədər və ibtidai təhsil” məcmuəsidir”.
Onun sözlərinə görə, “Azərbaycan müəllimi” qəzeti həftədə bir dəfə nəşr olunur, abunə yolu ilə satılır: ““Azərbaycan dili və ədəbiyyatı” jurnalı isə ildə 4 dəfə nəşr olunur, həm abunə yolu, həm də “Qasid” firmasının xəttilə qismən Bakıda yayılır. Qiyməti 2 manatdır. “Azərbaycan məktəbi” jurnalı ildə 6 dəfə, “Kurikilum” və “Təhsil” jurnalları ayda bir dəfə, “Sənətkar” jurnalı ildə 4 dəfə, “Fizika, riyaziyyat və informatika”, eyni zamanda “Məktəbəqədər və ibtidai təhsil” məcmuələri ildə 4 dəfə nəşr olunur, abunə yolu ilə satılır, azad satışları yoxdur”. 

Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən verilən məlumata görə, nazirliyin “Vergilər” adlı həftəlik qəzeti və “Azərbaycan vergi xəbərləri” adlı aylıq dərc olunan elmi jurnalı var. Hər iki mətbu nəşr həm abunə yolu ilə yayılır, həm də köşklərdə satılır. “Vergilər” qəzetinin qiyməti 30 qəpik, “Azərbaycan vergi xəbərləri” elmi jurnalının isə qiyməti 6 manatdır.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Məmmədova bildirib ki, nazirliyin yalnız “Tibb qəzeti” nəşr olunur və rəsmi saytı da fəaliyyət göstərir. Ayda 3 dəfə dərc olunan qəzet həm abunə yolu ilə yayılır, eyni zamanda onu köşklərdən də almaq olar. S.Məmmədova onu da qeyd edib ki, jurnalda dərc olunan bəzi məqalələr çox zaman saytda da yayımlanır. Qəzetin qiyməti 50 qəpikdir.

Tələbə Qəbulu üzrə Dövlət Komi
ssiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə isə bu qurumun ayrıca mətbu nəşrinin olmadığını deyib. Onun sözlərinə görə, “Abituriyent” redaksiyası var ki, orada müxtəlif səpkili vəsaitlər, o cümlədən jurnallar, elektron disklər, test kitabçaları, dərs vəsaitlər və s. çap olunur”. 

Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev qeyd edib ki, “Maliyyə və uçot” jurnalı dərc olunur. Ayda bir dəfə nəşr olunan jurnal həm abunə yolu ilə paylanılır, həm də köşklərdə satılır. Bir aylıq qiyməti 10 manatdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov “aparıcı mətbu nəşrimiz “Mədəniyyət” qəzetidir deyib: “Həftədə 2 dəfə nəşr olunur. Respublika üzrə abunə yolu ilə paylanılır, eyni zamanda köşklərdən də qəzeti almaq mümkündür. Daha sonra “Mədəni maarif”, “Azərbaycan revyu” və “Pəncərə-mədəniyyətə baxış” jurnalları da işıq üzü görür. Jurnallar ildə 4 dəfə nəşr olunur, qiymətləri isə 1-2 manatdır”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirliyin məlumatları yalnız internet saytları vasitəsilə yayılır. Heç bir qəzet və jurnalları yoxdur. “Sadəcə ayrı-ayrı departamentlərin buraxdığı bülletenlər var”.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə bildirib ki, nazirliyin özünün konkret mətbu nəşri yoxdur, amma qurumlarının var: “İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun “İqtisadi inkişaf” jurnalı nəşr olunur. Burada elmi məqalələr dərc olunur. Jurnal institutun əməkdaşlıq etdiyi elmi təşkilatlarda paylanılır. Rübdə bir dəfə nəşr olunur”. 

Daxili İşlər Nazirliyinin Analitik informasiya şöbəsinin rəisi Orxan Mansurzadə nazirliyin  “Mübariz keşikdə” qəzetinin, Daxili Qoşunların “Əsgər” qəzetinin, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin isə “Polis” qəzetinin çap olunduğunu söyləyib. Onun sözlərinə görə, hər üç nəşr həftəlikdir, həm abunə yolu ilə satılır, həm də satışa çıxır. Qiymətləri isə 20-30 qəpikdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov bildirib ki, qurumun rüblük “Ölkəm” jurnalı və komitə ilə əməkdaşlıq edən Ümumrusiya Azərbaycanlıları Konqresinin “Azerbaydjanskiy konqress” adlı həftəlik qəzeti dərc olunur. “Qəzet Moskvada nəşr olunur. Jurnal isə müxtəlif diaspor təşkilatlarına göndərilir və satışda yoxdur. Bundan əlavə, mütəmadi olaraq diasporun fəaliyyəti ilə əlaqədar kitablar çap olunur, sənədli filmlər çəkilir”.

Sırada digər dövlət qurumlarının mətbu nəşrləri barədə xəbərlər olacaq...

Aytən ƏLİYEVA 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir