Modern.az

Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (II SORĞU)

Nazirliklərin, komitələrin hansı mətbu orqanı var...? (II SORĞU)

3 Avqust 2011, 13:21

Azərbaycandakı bəzi nazirliklərin və komitələrin sahə mətbuat orqanları oxuculara yaxşı tanış olsa da, bunu dövlət orqanlarının hamısına şamil etmək mümkün deyil. Buna görə də qərara aldıq ki, dövlət qurumlarının mətbu nəşrlərini sizə tanıdaq.
Əvvəlki yazımızda 10 dövlət qurumunun mətbu nəşrlərini təqdim etmişdik. İndi isə sizi digər dövlət orqanlarının mətbu nəşrləri tanış edirik. Bu işdə Modern.az-a dövlət qurumlarının mətbuat xidmətlərinin təmsilçiləri kömək etdilər.

İlk müsahimiz Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu parlamentin iki mətbu nəşri olduğunu bildirib. “Milli Məclis” jurnalı və “Azərbaycan” qəzeti.
“Jurnalımız aylıq nəşr olunur və abunə yolu ilə yayılır. “Azərbaycan” qəzeti isə gündəlik nəşrdir, həm abunə, həm də satışdan qəzeti əldə etmək mümkündür”.

Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyin mətbuat xidmətinin əməkdaşı İlham Məmmədov nazirlikdə ictimaiyyət üçün yalnız “Yeni həyat” qəzetinin nəşr olunduğunu qeyd edib. Onun sözlərinə görə, həftəlik qəzet yalnız abunə yolu ilə yayılır. Bundan əlavə isə nazirlik daxilində bülletenlər də dərc olunur.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə bildirib ki, onların  heç bir mətbu nəşri yoxdur. 

Dövlət Sosial Müdafiə Fondunda yalnız “Pensiyaçı qəzeti çap olunur.  Fondun mətbuat xidmətinin rəhbəri Elman Babayev  bildirib ki, həftəlik qəzet həm bütün ölkə üzrə yayılır, həm də abunə yolu ilə də qəzeti əldə etmək mümkündür.
“Abunə qiyməti çox ucuzdur: 6 aya 12 manat. Bundan əlavə, qəzet Fondun şöbələrinə verilir və pensiyaçılara pulsuz olaraq paylanılır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Saleh Aslanov qeyd edib ki, komitənin iki mətbu nəşri var. “Cəmiyyət və din” həftəlik qəzeti və “Dövlət və din” ictimai fikirlər toplusu. Toplu-jurnal 2 aydan bir çap olunur”.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi mətbuat xidmətinin əməkdaşı Nicat Rüstəmov bildirib ki, komitənin yalnız “Torpaq” adlı qəzeti çap olunur. Ayda bir dəfə nəşr olunan qəzeti həm abunə yolu ilə, həm də satışdan əldə etmək mümkündür. Yalnız elanlardan ibarət qəzetin qiyməti isə 30 qəpikdir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadənin verdiyi məlumata görə, nazırliyin “Qanunçuluq”, “Cəmiyyət və cəza” jurnalı, eyni zamanda “Ədliyyə” qəzeti var. Hər üç mətbu nəşr aylıq dərc olunur və bunlara nazirlik əməkdaşları abunədirlər. Eyni zamanda lazım gələrsə, bu qəzet və jurnalları köşklərdən də əldə etmək mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, nazirliyin “Kənd həyatı” və “Azərbaycan aqrar elmi” adlı iki mətbu nəşri var. “Kənd həyatı” qəzeti ayda iki dəfə, “Azərbaycan aqrar elmi” jurnalı isə materiallar hazır olanda çap olunur. Hər iki mətbu nəşri həm abunə olmaqla, həm də satışdan əldə etmək mümkündür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Lətafət Tağızadə onların əsas nəşrinin “Ailə, Qadın, Uşaq” jurnalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, rüblük çap olunan jurnal satılmır.
“Tədbirlərimizdə, rayona səfərlərimizdə jurnal ailələrə, qadınlara pulsuz olaraq paylanılır. Bundan əlavə, bizdə ayrı-ayrı şöbələr tərəfindən bukletlər də çap olunur. Məsələn, Ailə şöbəsinin xətti ilə “Ailə və iş”, “Müasir Azərbaycanda Ailə və Nigah İnstitutu: sosioloji təhlil” jurnalı, “Ailənin əlifbası”, “Qan qohumları arasında nigah və onun fəsadları”, “Uşaq - valideyn münaibətləri”, “Azərbaycan ailəsi 2009, 2010, 2011” bukletləri, Gender şöbəsinin xətti ilə “Gender bərabərliyi”, “Qadın alveri”, “Məişət zorakılığı” bukletləri, “Müasir Azərbaycan qadınları” katoloqları və s. nəşr olunur.

Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Meri Qardaşxanova komitənin qəzet və jurnalı olmadığını deyib: “Komitədə sadəcə iqtsadiyytaın ayrı-ayrı sahələri üzrə məcmuələr dərc olunur. Bundan əlavə, ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı məruzələr də buraxılır. Bunlar istifadəçilərə pulsuz paylanılır və həmin məlumatlar saytda da yerləşdirilir”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü