“İlk hədiyyəni həyat yoldaşım verir” - Akif Təvəkküloğlunun yubileyidir

“İlk hədiyyəni həyat yoldaşım verir” - Akif Təvəkküloğlunun yubileyidir

Media

1 Dekabr 2022, 10:25

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Milli Məclisinin keçmiş mətbuat katibi Akif Təvəkküloğlunun doğum günüdür.

 

Tanınmış jurnalist 60 illik yubileyini qeyd edir. Həyatının yeni bir mərhələsinə qədəm qoyan Akif Təvəkküloğlu özəl günü ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.

 

- Akif müəllim, doğum gününüzü təbrik edirik. 60 yaşına çatmaq necə hissdir? 

 

- Mən indiyə kimi yaşadığım həyatımdan çox razıyam. Bu yaşıma qədər çox mənalı ömür sürdüyümü düşünürəm. Daim çalışmışam ki, dövlətimizə, vətənimizə xidmət edim, peşəmizi uca tutum. Eyni zamanda övladlarımı vətənə sədaqətli böyütməyə çalışmışam. Təbii ki, mənim həyatımda sevincli günlər olduğu kimi, kədərli günlər də olub. Bu, bütün insanlar üçün belədir. Təbiətdə gecə və gündüz olduğu kimi insan həyatının da şad, eyni zamanda qəmli, kədərli günləri olur.

 

- Yubileyinizi necə qeyd etməyi düşünürsünüz? 

 

- Səmimi desəm, indiyə kimi heç vaxt təmtəraqlı doğum günü keçirməmişəm. Doğum günlərini adətən ailə üzvləri və dostlarımla birlikdə qeyd etmişəm. Təmtəraqlı doğum günü keçirməyin əleyhinəyəm.

 

- Bu gün də ənənəni davam etdirməyi düşünürsünüz? Yəqin ki, yubiley istisnadır...

 

- Bəli, ənənəni davam etdirəcəm. Yenə doğum günümü ailəmlə birlikdə qeyd edəcəm. Təbii ki, qeyd edəcəyim doğum günü bir neçə il öncə qeyd etdiyim doğum günlərimdən fərqli olacaq. Əsas fərq ailə üzvlərimin sayının artmasıdır. Yəni bu dəfə qızım kimi qəbul etdiyim gəlinlərim, nəvələrim ətrafımda olacaq.

 

- Akif müəllim, bu gün ilk hədiyyəni kimdən gözləyirsiniz? 

 

- İndiyə qədər bütün ad günlərimdə ilk hədiyyəni bir qayda olaraq həyat yoldaşımdan almışam. Daha sonra övladlarım mənə hədiyyələrini təqdim ediblər. Düşünürəm ki, bu gün də ənənə təkrarlanacaq.

 

Qeyd edək ki, Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Orta məktəbi 1979-cu ildə bitirib.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaşünaslıq və biblioqrafiya fakültəsinə daxil olub. 1986-cı ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.

Jurnalist karyerasına 1991-ci ildə "Molla Nəsrəddin" jurnalından başlayıb. Daha sonra fəaliyyətini televiziyada davam etdirib və 2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə çalışıb. 

 

Akif Təvəkküloğlu 2006-2020-ci illərdə Milli Məclisin mətbuat katibi vəzifəsində işləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dağıntılar altından dəhşətli səslər - Bizi qurtarın