Modern.az

Xaçaturyanın həbsi ermənilərə dərs olmalıdır - Növbədə kimlər var?

Xaçaturyanın həbsi ermənilərə dərs olmalıdır - Növbədə kimlər var?

31 İyul 2023, 12:28

Xocalının Meşəli kəndində günahsız azərbaycanlılara qarşı dəhşətli cinayətlər törətmiş Vaqif Xaçaturyanın Laçında ələ keçirilməsi erməniləri qorxuya salıb. Artıq bir neçə gündür ki, Ermənistan mediası və sosial şəbəkələr Xocalı qatilinin məsuliyyətə cəlb olunması barədə xəbərlərlə çalxalanır. Təşviş içində olan ermənilər bildirirlər ki, Xaçaturyanın həbsi başlanğıcdır və həbs dalğası digər separatçıları da əhatə edəcək. 

 

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda xüsusilə qeyd olunub ki, xalqımıza qarşı cinayət törədənlərin həbs olunmas prosesi bundan sonra da davam edəcək.

 

Bəs Xaçaturyandan sonra kimlər həbs olunacaq? 

 


Deputat Azər Badamov Modern.az-a bildirib ki, Xocalı canisinin Laçında həbs olunması ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərin unudulmadığını göstərir:


“90-cı illərdə ermənilər Azərbaycanın dinc insanlarına qarşı soyqırımı aktları törətmiş, sakinlərə insanlığa xas olmayan işgəncələr vermişdilər. Azərbaycan Baş Prokurorluğunda ermənilərin törətdikləri bütün cinayət hadisələri barəsində cinayət işləri açılıb və bu cinayətlərin iştirakçılarına qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb. Uzun illər torpaqlarımız işğal altında olduğundan cinayət işləri hələ də başa çatmamış, cinayətkarlar azadlıqda qalmışdılar. 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, icra olunmamış cinayət işlərinin icraatında yeni reallıq yaradıb”.

 

“Laçın nəzarət keçid məntəqəsində Xaçaturyanın saxlanılması erməni cəlladlarının azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən ancaq biridir. Cinayətlərdə əli olan çox sayda erməni cəlladı var ki, onları da həbs gözləyir. Onlar ya sərhəd keçid məntəqələrimizdə müəyyən olunanda dərhal həbs olunacaqlar, ya da beynəlxalq hüququn vicdanı oyanacağı təqdirdə həmin cinayətkarlar saxlanılaraq Azərbaycana təhvil veriləcək. Yəni, cinayətkarların cəzalandırılması prosesi son cinayətkar cəzasını alana qədər aktiv qalır”, - deputat söyləyib.


Digər parlamentari Elşad Mirbəşiroğlunun fikrincə, xalqımıza qarşı soyqırımı törədən heç kim məsuliyyətdən boyun qaçıra bilməyəcək.


“Xaçaturyanın həbs olunması hər şeydən öncə ona dəlalət edir ki, erməniləri, nəhayət, baş verənlərdən dərs çıxarmalıdırlar. Vaqif Xaçaturyan 30 il öncə soydaşlarımıza qarşı soyqırımı aktlarında yaxından iştirak edib. Onlara qarşı qeyri-insani davranışlar həyata keçirib. Lakin o, 30 ildən sonra öz cəzasını aldı. Xaçaturyan artıq həbs olunub. Bu, o deməkdir ki, Azərbaycan xalqına qarşı soyqırımı törədən heç kim cəzadan boyun qaçıra bilməyəcək. Ermənilər Azərbaycan xalqına qarşı törətmiş olduqları cinayətlərə görə mütləq cavab verəcəklər”, - deputat vurğulayıb.

 

 

E.Mirbəşiroğlu qeyd edib ki, Xaçaturyanın həbsi ermənilər üçün dərs olmalıdır:

 

“Ölkəmizin mövqeyi ondan ibarət olub ki, Azərbaycan torpaqlarında yaşayan dinc ermənilər vətəndaşlarımız kimi öz mövcudluqlarını təhlükəsiz şəraitdə davam etdirə bilərlər. Lakin bu, separatçılar və xalqımıza qarşı cinayətlər törətmiş şəxslərə şamil olunmur. Xaçaturyan haqqında cinayət işi açılmışdı. Xocalıda və digər bölgələrimizdə soydaşlarımıza qarşı cinayət törədən ermənilər haqqında Azərbaycanın güc strukturlarının aydın təsəvvürləri mövcuddur. O, Xaçaturyanın 30 ildən sonra xarici görünüşünün dəyişməsinə baxmayaraq, Azərbaycan tərəfinin ayıq-sayıqlığı nəticəsində həbs olundu. Azərbaycan hökumətində xalqımıza qarşı qanlı cinayətlər törətmiş bütün şəxslərin məlumatları var. Əslində Xaçaturyanın həbsi ermənilər üçün təsirli dərs olmalıdır”. 
 

 

Qeyd edək ki, 1991-ci ildə Xocalının Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımda iştirak etmiş ermənilərdən biri - Vaqif Xaçaturyan ötən həftə Laçın sərhəd-keçid məntəqəsindən keçməyə cəhd edərkən saxlanılıb.

 

Xaçaturyan Xankəndidəki 366-cı sovet-rus alayı qüvvələrinin dəstəyi ilə erməni hərbi birləşmələrinin 1991-ci il dekabrın 23-də səhər saat 07:00 radələrində Xocalı rayonunun Meşəli kəndinin yerlə yeksan edilməsində iştirak edib. 

 

Bir neçə saat davam edən qeyri-bərabər atışmadan sonra erməni quldurları kəndə girərək evlərə, tövlələrə, ot tayalarına od vurub, insanları qəddarcasına qətlə yetiriblər.

 

Baş Prokurorluğun məlumatına görə, hücumlar zamanı ermənilər 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qırğınlardan sonra 358 nəfər evindən didərgin düşüb. Prokurorluq orqanları tərəfindən Azərbaycan milliyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhv etmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı