Modern.az

Azərbaycanlı deputatlardan Türkiyədəki seçkilərə REAKSİYA

Azərbaycanlı deputatlardan Türkiyədəki seçkilərə REAKSİYA

15 May 2023, 14:56

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. İndiyədək seçki qutularının təxminən 99.99 faizi açılıb. İlkin nəticələrə əsasən, AKP-nin namizədi, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,35 faiz, CHP lideri Kemal Kılıçdaroğlu 45 faiz, ATA ittifaqının namizədi Sinan Oğan 5,22 faiz səs toplayıb.

 

Parlament seçkilərində isə “Cümhur İttifaqı” 49,31 faiz, “Millət İttifaqı” 35,19 faiz, “Əmək və Azadlıq İttifaqı” 10,51 faiz, “Ata İttifaqı” 2,46 faiz, “Sosialist Güc Birliyi” 0,29 faiz səs qazanıb. 600 deputat mandatı uğrunda seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

 

Dünyanın diqqət mərkəzində olan 14 may seçkilərini izləmək üçün dünyanın müxtəlif ölkələrindən və beynəlxalq təşkilatlardan parlament nümayəndələri Türkiyəyə gəliblər. Onların arasında aktivliyi ilə seçilən Azərbaycan parlamentinin nümayəndələri qardaş ölkədəki seçkilərlə bağlı təəssüratlarını Modern.az-la bölüşüblər.

 

 

Deputat Hikmət Məmmədov bildirib ki, seçicilər öz iradələrini ortaya qoymaqla səsvermədə yüksək səviyyədə iştirak ediblər: 

 

“Türk Dövlətləri Təşkilatının xətti ilə mayın 14-də Türkiyədə keçirilən prezident və parlament seçkilərini İstanbulda müşahidə etdik. Təəssüratlarımız ondan ibarətdir ki, seçkilər demokratik və təhlükəsiz şəraitdə baş tutub. Seçkilərdə xalq tərəfindən fəallıq nümayiş olunub. Kütləvilik nəticələrə də öz təsirini göstərdi. Biz ancaq İstanbulda ola bildik, burada müşahidələr apardıq. Eyni zamanda səslərin sayılmasında iştirak etdik. Artıq ilkin nəticələr bəllidir. Bir daha Türkiyə xalqının demokratiyaya sadiqliyinin şahidi olduq. AKP parlamentdə seçicilərin səs çoxluğunu qazanıb. Prezidentliyə namizədlərə gəldikdə isə orada da ilkin nəticələr bəllidir. Hər şey birinci turda həll oluna bilər, eyni zamanda ikinci tura da qala bilər”.  

 

Türkiyədə seçkiləri izləyən nümayəndə heyətinin üzvü, deputat Jalə Əliyeva da seçki prosesini yüksək qiymətləndirib.  

 

“Ötən gün İstanbulun Beşiktaş bölgəsində 50-dən çox seçki məntəqəsində prosesi izlədik. Bundan əvvəl isə beş gün müddətində seçkiyə hazırlıq prosesi ilə tanış olduq. Qardaş ölkədə seçkilər demokratik şəkildə aparılıb. Seçki prosesinin başlamasından bir müddət əvvəldən müşahidə edirdik ki, insanlar səs vermək üçün böyük coşqu nümayiş etdirdi. Xüsusilə də yaşlı nəslin nümayəndələrinin seçkidə aktiv iştirakı diqqətimizi çəkdi. Hətta əlil arabasında olan, təcili yardım maşınları ilə gətirilən xəstələr də var idi".

 

"İlkin nəticələr demək olar bəllidir. Ümumi nəticə cənab Ərdoğanın seçkidə qalib gəldiyini göstərir. Sadəcə seçki qanununa görə, səsi 50%-dən aşağı olan namizədlər ikinci tura qalır. Son nəticələrdə hər hansı dəyişiklik olmazsa, Türkiyə seçkilərdə ikinci tura gedəcək. İnanırıq ki, seçkilər qardaş Türkiyə üçün uğurlu olacaq. Biz dost və qardaş Türkiyəmizə uğurlar arzulayırıq”,- deyə deputat vurğulayıb.

 

 Qeyd edək ki, Milli Məclisin komitə sədrləri Ziyafət Əsgərov, Hicran Hüseynova, deputatlar Hikmət Məmmədov, Jalə Əliyeva, İmamverdi İsmayılov, Mahir Abbaszadə, Pərvin Kərimzadə, Cavanşir Feyziyev, Sevil Mikayılova, Soltan Məmmədov, Elşən Musayev, Şahin İsmayılov, Vüqar Bayramov, Məzahir Əfəndiyev və Ramin Məmmədov beynəlxalq müşahidəçilər qismində seçkilərə hazırlıqla tanış olub və seçki günü məntəqələrdə prosesin gedişini, vətəndaşların fəallığını izləyiblər. 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı