Modern.az

Qərbi Azərbaycan İcmasından Fransaya ÇAĞIRIŞ

Qərbi Azərbaycan İcmasından Fransaya ÇAĞIRIŞ

16 Mart 2023, 09:43

İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə qayıda bilməməsi, bu ölkədə mono-etnik dövlətçilik, etnik təmizləmə və sistematik irqi ayrı-seçkilik vəziyyətinin davam etməsi böyük ədalətsizlikdir. Ermənistanın insan hüquqlarını kütləvi miqyasda pozan bu addımları beynəlxalq sülh və təhlükəsizliyə təhdid törətdiyi üçün onun aradan qaldırılmasında beynəlxalq ictimaiyyətin üzərinə böyük vəzifə düşür. 

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.

 

"Lakin təəssüflə qeyd etmək lazımdır ki, bir sıra ölkələr vardır ki, onlar öz milli praktikaları, beynəlxalq hüquqa zidd davranışları və ikili standartları ilə Ermənistanı irqi ayrı-seçkilik siyasətinə daha da həvəsləndirirlər. Belə ölkələrdən biri Fransadır. 

 

Fransanın etnik və dini azlıqlara qarşı dözümsüz siyasəti ciddi narahatlıq doğurur. Çoxlu sayda müxtəlif etnik və dini azlıqların yaşadığı Fransanın ümumiyyətlə milli azlıqların hüquqlarını tanımaması, onlara qarşı repressiv aktları, Avropa Şurasının Mili Azlıqlar haqqında Çərçivə Konvensiyasına qoşulmaqdan imtina etməsi kütləvi hüquq pozuntusundan əziyyət çəkmiş olan İcmamızı ciddi narahat edir. 

 

Fransa açıq-aşkar mono-etnik cəmiyyətə nail olmağı hədəfləyib. Bu baxımdan, Fransanın etnik təmizləmə yolu ilə mono-etnik vəziyyətə nail olmuş Ermənistanın insan hüquqlarına zidd bütün davranışlarına dəstək verməsinin səbəbləri aydın olur. Özünü “insan hüquqları ölkəsi” adlandıran Fransanın bizim hüquqlarımız barədə bir dəfə də olsun mövqe bildirməməsi Ermənistanın etnik təmizləmə siyasətinə dəstəkdən başqa bir şey deyil. Eyni şəkildə, Fransa Ermənistan ərazisində Azərbaycan mədəni irsinin dağıdılması, oraya YUNESKO-nun faktaraşdırıcı missiyasının göndərilməsi məsələsi ilə bağlı edilmiş müraciətləri görməzdən gəlir. 

 

Fransa bu azmış kimi, ərazisində çoxlu sayda etnik azlıqların qarşılıqlı anlaşma şəraitində yaşadığı Azərbaycana təzyiq etməyə və Ermənistanın ərazi iddialarına haqq qazandırmağa çalışır. 

 

İcmamız sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdış yanaşması seçib. Bir daha vurğulamaq istərdik ki, beynəlxalq zəmanət və verifikasiya mexanizmləri altında təhlükəsiz və ləyaqətlə geri qayıtmaq bizim əzəli və təməl haqqımızdır. Bizim geri qayıtmaq hüququmuz mütləqdir və müzakirə mövzusu deyil. Biz İcma olaraq bu hüququmuzu sülh və dialoq yolu ilə reallaşdırmaqda qərarlıyıq. Beynəlxalq ictimaiyyət bizim bu hüququmuzun reallaşdırmasına dəstək verməsi insan hüququnun aliliyinin və sülhün bərqərar edilməsi üçün zəruridir.

 

Fransaya çağırış edirik ki, öz ərazisindəki milli və dini azlıqlara qarşı ayrı-seçkilik siyasətinə son versin, dərhal Avropa Şurasının Mili Azlıqların Qorunması haqqında Çərçivə Konvensiyasına qoşulsun və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi öz öhdəliyini yerinə yetirib Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmalarının təmin edilməsinə dəstək versin", - deyə bəyanatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyandan Putinə sərt cavab: Başınıza dəysin!