
Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı vakant yerlərə ərizə vermiş namizədlərin iştirakı ilə bu gündən test imtahanlarına start verir. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən Modern.az-a verilən məlumata görə imtahanlar avqustun 30-dək davam edəcək.
İyunun 26-dan 30-dək ibtidai sinif müəllimi işləmək istəyənlər imtahan verəcəklər. Avqustun 1-dən 5-dək ingilis dili, avqustun 8-dən 11-dək Azərbaycan dili və ədəbiyyatı, avqustun 12-də kimya, avqustun 15-16-da tarix, avqustun 17-18-də biologiya, avqustun 22-dən 24-dək riyaziyyat, avqustun 25-də informatika, avqustun 26-da coğrafiya, avqustun 29-da gənclərin çağırışaqədərki hazırlığı, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da isə fiziki tərbiyə fənnləri üzrə vakant yerlərə imtahan keçiriləcək.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün 2177 vakant yerə 9342 nəfər ərizə təqdim edib. 2177 vakant yerin 374-ü Bakı, 1803-ü isə digər şəhər və rayonların payına düşür. Elektron ərizə verən 9342 müəllimin 1834-ü ibtidai sinif, 1389-u Azərbaycan dili və ədəbiyyat, 1018-i riyaziyyat, 440-ı informatika, 506-sı fizika, 338-i kimya, 436-sı biologiya, 761-i tarix, 408-i coğrafiya, 1610-u ingilis dili, 307-si fiziki tərbiyə, 68-i gənclərin çağırışaqədərki hazırlığı, 137-si əmək hazırlığı, 47-si musiqi və nəğmə, 43-ü təsviri incəsənət və rəsmxət ixtisasları olanlardır.
Modern.az