Modern.az

Nida!.. Sual?.. Nöqtə… - N!DA-çılara

Nida!.. Sual?.. Nöqtə… - N!DA-çılara

Ölkə

5 Aprel 2013, 22:46

Mən universitetin filologiya fakültəsini bitirmişəm. Nə qədər də olsa, qrammatikadan anlayışım, durğu işarələrindən azdan-çoxdan xəbərim var. Amma daha çox nöqtədən xoşum gəlir. Hər şeyə nöqtə nöqtə qoyur. Konkretdir. Lap kişi sözü kimi. Sualdan bir az xoşum gəlmir. Çünki sualda hansısa bilməməzlik, savadsızlıq izləri var. Nidadan isə ümumiyyətlə zəhləm gedir. Həyacan, qorxu, təlqinlik yaradan şüarçılıq. “Sov.İKP-yə eşq olsun!” Eşq hara, nida hara? Yenə sual yaxşıdır. Nə nöqtədir, nə də nida…

İndi deyəcəksiniz ki, yəqin Mahir nala-mıxa vurur, ya da bizə qrammatikadan dərs keçmək istəyir. Əsla. Sadəcə son vaxtlar Nida yaman dəbə düşüb. Nə Molotov kokteylində yanır, nə anaşadan məst olur, nə də su şırnaqlarıyla yuyulur. Nədənsə simvolikası xoşuma gəlmir.Amma haradasa doğmadır mənə. Mən də o yaşda olanda mitinqlərdə baş ağartmışam -Universitet tələbəsi kimi. Sadəcə olaraq bir fərqimiz var. Biz Sovet imperiyasına qarşı meydan oxuyurduq, erməniləri söyürdük, müstəqil Azərbaycan uğrunda vuruşurduq. Elə də bilirdik ki, qalibik, baxmayaraq ki, qələbə qazandıq. Amma sonra məlum oldu ki, bütün bunları təşkil edən KQB imiş. Onu da o vaxt bildik ki, 20 Yanvar hadisələri baş verdi.
Günahsız qurbanların məzarlarını ziyarət etdik. Şəhidlər Xiyabanından birbaşa Universitetə gedib partiya biletlərimizi nifrət əlaməti olaraq atdıq. Sonda nə oldu? 40 gündən sonra dərsə qayıdanda gördük ki, hamı partiya biletlərini geri götürüb. Bircə biz 6 nəfər 5-ci kurs tələbəsindən, bir də üç müəllimdən başqa. Partkomumuz, müəllimimiz və qonşum Ziynət Əlizadə məsləhət gördü ki, “tez get geri götür biletini. Atan da partiyadan imtina edib. Sən də evli, 2 uşağın var, anan da qoca. Heç olmasa ailədə bir başıpapaqlı qalsın”. Elə də etdim. Həmin gün də fakültə partiya iclası keçirdilər. Ziynət xanım haqlıymış. 20 Yanvar şəhidləri qaldı bir yana, kommunist müəllimlərimiz başladılar partiyadan çıxanların ovuna. İclasda kimin iştirak edib-etmədiyini üzə çıxarmaq üçün professor Xalid Əlimirzəyev bizi düz 3 dəfə saydı. Lap çoban qoyunlarını sayan kimi. Axırı nə oldu? Partiyadan çıxanlara bir şey etdilərmi? Yox! Moskvaya tutub apardıqları, Lefertovo həbsxanasında saxlanılanlara heç çırtma da vurmadılar. Əksinə həyata keçirdikləri ssenarilərini onlara da açıb televiziyaya çıxartdılar, Silva Kaputikyana “xanım” da dedirtdilər. Xalq Cəbhəsinin üzvlərinin xətrinə də dəymədilər. Bilirsinizmi niyə? Çünki onlar Moskvanın qurduğu ssenarini özləri də bilmədən çox gözəl oynamışdılar. Necə deyərlər, düşmən dəyirmanına su tökmüşdülər. Moskvaya SSRİ-ni dağıtmaq lazım idi. “Erməni kartı” isə əsas kozır idi.
 
Sən toxuna bilərdin
Leninin heykəlinə?
Moskva dağ basardı
Xalqımızın əlinə.
Dağüstü parkda azca...
Laxladılsaydı Kirov.
Bütün Azərbaycanı
Götürərdilər girov.
Özbaşına hünərin,
Deyildi bu iş, əməl.
Yiyəsinin əliylə
Uçuldu büt-büt heykəl.
Zamanın hökmü açdı,
Əl-qolunu millətin
Çoxları tək nə idi,
Yoxsa sənin cürətin!
Qırmızı zəncirləri,
Qırmızı özü qırdı,
Müstəqilliyi bizə,
Tarixin özü verdi.
 
Şair Xəlil Rzanı təzə buraxmışdılar zindandan. Atamın bir ictimai vəkil kimi çıxışından sonra. Axşam onlara getmişdik. Şam edirdik. Birdən qapı döyüldü. Bir nəfər hündürboy, 40-45 yaşlarında keçəl kişi içəri girdi. Hamıyla mədəni görüşdü. Xəlil Rzaya “keçmiş olsun” dedi. Atamın gözü isə Xəlildə idi. İnsanlara qarşı kimliyindən asılı olmayaraq çox gülərüz, isti, nəzakətli yanaşmağı sevən Xəlil bəy bu qonağa nə otur dedi, nə də süfrəyə dəvət etdi. O da “sağ ol” deyib suyu süzülə-süzülə getdi. Atam soruşanda ki, “Xəlil bu kim idi, niyə belə davrandın evinə səni ziyarətə gələnlə?” Cavab verdi ki, “küçələrdə birlikdə hayqırırdıq, erməniləri işlərindən çıxarıb...”. Bir az fasilə etdi: “DTK-nın adamıymış. Moskvada bildim”.
Sonralar mən həmin adamı Dövlət İdarəçilik Akademiyasında gördüm. Müəllimlik edirdi.

O illərdə atam və İsmayıl Şıxlı televiziyada çıxış etmişdilər. “Bozbaş yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə”, “Məqamdır, qovun erməniləri Bakıdan” sözləri bu verilişdən çoxlarının yaddaşında qalıb.   

Səhərisi gün ermənilərinin Bakıdan köçü başlandı. Amma nə atamı, nə də İsmayıl Şıxlını bu çağırışlara görə DTK-ya çağırdılar. Üstündən 8-9 ay keçdi. Mitinqlərin təşkilatçısı kimi Leytenant Şmidt zavodunun fəhləsi Nemət Pənahlını həbs etmişdilər. Moskvada saxlayırdılar. Günlərin bir günü qapını döydülər. Yekəpər milis nəfəriydi. Əlində də çağırış kağızı:

- Qabil müəllim, Sizi SSRİ prokurorluğunun xüsusi işlər üzrə müstəntiqi istintaqa dəvət edir. Sabah saat 10-da.

Milisin sözü ağzında qaldı: “Nə səhər? Mən səhərəcən gözləyə bilmərəm. İndi gedəcəyik!” Getdilər. İki saatdan sonra geri qayıtdı. Soruşduq ki, nə oldu? Dedi ki:

- Mən də elə bilirdim ki, nəsə ciddi məsələdir? Müstəntiq soruşdu ki, o verilişdə sən demisən ki, “Nemət – mənim balam”. Niyə belə demisən? Mən də onlara öz dillərində cavab verdim. Dedim ki, gedin Nemətə heykəl qoyun. Əgər o meydanı əlində saxlamasaydı, “Otur-dur” demək əvəzinə “Haydı, Qarabağa!” desəydi, indi Azərbaycanda bircə erməniniz də qalmamışdı. Sizin yerinizdə olsaydım ona “sağ ol” deyib həbsdən buraxardım.

O ifadədən 20 gün sonra Neməti azadlığa buraxdılar. Demə bunları erməni köçü-zadı ilgiləndirmirmiş, onlara ziyalı zaminliyini lazımmış, Neməti azadlığa buraxsınlar.   

Gələcək arzularını həyata keçirmək üçün dəliqanlı gənc başlar.

Nə isə. Gör durğu işarələrindən başladım hara getdim. Nöqtə qoymağın vaxtıdır. Çox uzatdım.   

1918-ci ildə Azərbaycanda Demokratik Respublika quruldu. Rus İmperiyasına qarşı mübarizə öz bəhrəsini verdi. 1920-ci ildə isə süquta uğradı. “Çingiz İldırımlar” termini meydana gəldi. 1988-ci ildə isə yenidən Azərbaycanda azadlıq hərəkatı başladı. Biz də tətillərin, mitinqlərin içindəydik. Zəhmətimiz bada getmədi. Müstəqillik qazandıq. O yolda çox qurbanlarımız, çox “nida”larımız oldu. “Topxana!” deyə nidaladıq – itirdik. “Qarabağ!” hayqırdıq – itirdik. “Bütöv Azərbaycan!” qışqırdıq – 20 % torpaqlarımız da getdi. “İstefa!” səslədik “Mustafa” eşitdilər. “Demokratiya!” söylədik...

Nə isə o qədər “nida”lar oldu ki, hamısına da nöqtə qoydular. Elə “nöqtə” qoydular ki, indi də sual verə-verə qalmışıq.
Bayırda 2013-ün baharıdır. Prezident seçkiləri ərəfəsindəyik. Havadan mitinq iyi, dubinka, şırnaq səsi gəlir. Qanım heç qaynamır. 47 yaşım var. Dalağım sancır. Sayıqlığımı itirmirəm. Havanı iyləyirəm. Yox elə bilməyin ki, imam övladı-zadam. Nə olsun ki, familiyam İmamverdiyevdir. Sadəcə qorxuram. “Nida”lardan qorxuram. Sonra yaranacaq “Sual”lardan qorxuram. “Dırnaq” işarəsindən qorxuram. “Mötərizə”dən qorxuram. “Aldanmış kəvakib” Rəsul Quliyevdən, “Bzinaşvili”lərdən qorxuram

Onda mitinqləri təşkil edənlərin SSRİ DTK-sı olmağını 4-5 ildən sonra bildim. Sözüm Nida-çılaradır. Özünüzü “Yeni, azad nəsil” sayırsınız – buna sözüm yox. “Sizi gələcək maraqlandırır” – buna da sözüm yox. Amma hər hansı bir addımı atanda ayıq olun. Bircə “Çingiz İldırım”ların alətinə çevrilməyin. Sonra gec ola bilər. “Nida”yla başladığınız hərakat müstəqilliyimizə “Nöqtə” ilə başa çatar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı