Millət vəkili Vahid Əhmədov Quba rayonundakı ofisində seçiciləri ilə görüşərək qəbul üçün qeydiyyata alınmış sakinləri qəbul edib.
Modern.az xəbər verir ki, Keçən qəbuldan sonrakı dövrdə görülmüş işlər barədə məlumatlandırılan tədbir iştirakçıları deputatın fəaliyyəti barədə öz fikir və mülahizələrini söyləmiş, onları maraqlandıran bir çox sualları millət vəkilinə ünvanlayaraq müvafiq cavablar alıblar.
Görüşdən sonra 106 nəfər Quba və qonşu rayonlardan olan vətəndaşlar deputat tərəfindən təkbətək qəbul ediliblər. Əhaliyə torpaq sahələrinin verilməsi, onların mənzillə təmin edilməsi, yeni iş yerlərinin təşkili, əlillik və qocalıq pensiyalarının təyini, yerli idarələrdə vətəndaşların müraciətlərinə baxılarkən süründürməçilik hallarına yol verilməsi, aztəminatlı ailələrə diqqətin artırılması və bu kimi digər suallar qəbul zamanı qaldırılan məsələlərdən olub.
Bütün qoyulan sual və problemlərə diqqət və qayğı ilə yanaşılmış, bəziləri yerindəcə öz həllini tapmış, qalanları isə nəzarətə götürülərək müvafiq orqanlarla birgə baxılacaqdır. Qəbuldan sonra millət vəkili Quba şəhərində aparılan abadlıq işləri ilə tanış olmuş, tikintisi bitməkdə olan regional ASAN mərkəzində aparılan son tamamlama işləri ilə tanış olub. Vətəndaşların qaldırdıqları bir çox məsələlər rayon icra hakimiyyətinin və digər rayon təşkilatları rəhbərlərinin diqqətinə çatdırılın, tədbir görülməsi və icra yolları barəsində razılığa gəlinib. Növbəti qəbul dekabr ayına planlaşdırılıb.