Modern.az

Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunan xəstə niyə ölüb?

Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunan xəstə niyə ölüb?

Страна

28 Dekabr 2011, 16:35

Suraxanı rayonu Əmircan qəsəbəsinin sakini Mötəbər Sadıqov Modern.az-ın redaksiyasına qohumu Nüşəddin Abbasovun ölümü ilə bağlı müraciət edib. Bu müraciət əsasında əməkdaşımız şikayətçi tərəfi danışdırıb.

Mərhum Nüşəddin Abbasovun atası İsmayıl Abbasov bildirib ki, onun oğlu bir müddət öncə bel ağrısından şikayətlənirmiş.

“Mənə dedilər ki, Mərkəzi Klinik Xəstaxananın (MKX) çox yaxşı həkimləri var. Mən də oğlumu götürüb ora apardım. Xəstəxanada onu ultrasəs müayinəsinə saldılar. Bel sümüyünü yoxlayan həkim Elviz Qasımov dedi ki, uşağınızın belində vərəm görsənir. Sonra da əlavə etdi: “Bir sözlə, oğlunuzun  vəziyyəti çox ağırdır, əməliyyat olunmasa, ayaqları və dili də tutulacaq, iflic olacaq. 10 min manat pul gətirin, əməliyyat edim və oğlunuzu sizə sağ-salamat verim. Əməliyyat olandan sonra oğlunuz 10-15 gün də xəstəxanada qalacaq””.

İ.Abbasov deyir ki, birtəhər 10 min manatı düzədib Mərkəzi Klinik Xəstaxananın kassasına  köçürüb.

“Bundan sonra oğlumu əməliyyata saldılar. Əməliyyat təqribən 6-7 saat çəkdi. Həkim çıxanda uşağı soruşdum, mənə “arxayın olun hər şey yaxşıdır” dedi. Oğlum Nüşəddin üç gün reanimasiyada qaldı. Nüşəddin reanimasiyadan çıxanda ayılmışdı, amma danışmırdı, heç kimi tanımırdı. O bizim üzümüzə baxırdı, biz də onun üzünə.

Əndişələndim, həkimin yanına gedib dedim ki, oğlum danışmır, üzümüzə baxır, amma heç nə demir, çox narahatıq. Həkim bizə dedi ki, narahat olmayın, bu narkozun təsirindəndir. Biz də nədən başımız çıxır, çarəsiz inandıq”.

Şikayətçinin sözlərinə görə, beləcə iki gün keçib. Həmin müddətdə 30 yaşlı Nüşəddinin yanında həyat yoldaşı qalıb. O arada gəlini ona zəng edərək deyib ki, həkimlər xəstəni ayağa qaldırmaq üçün plastik bel qurşağı alınmasını istəyirlər, buna görə 280 manat tələb olunur. 

“Borc-xərc edib getdim xəstəxanaya. Çatan kimi oğlumu əməliyyat edən Elviz həkim dedi ki, xəstədə vərəm olduğu üçün Səhiyyə Nazirliyindən gələn əmrə əsasən, onu dərhal xəstəxanadan çıxmalıdırlar. Məni apardılar baş həkimin müavininin yanına. Müavin mənə bir kağız yazdı, dedi ki, get Ağciyər Xəstəlikləri İnstitutundan Ofeliya həkimi gətir. Mən də getdim Ofeliya həkimin yanına, amma o gəlmədi, başqasını göndərdi. İnstitutdan gələn həkim bunları danladı, dedi ki, niyə vərəmli xəstəni qəbul ediblər. Mərkəzi Klinik Xəstaxananın həkimləri Ağciyər Xəstəlikləri İnstitutundan gələn həkimi apardılar öz otaqlarına, bir saat keçəndən sonra bizi çağırdılar, dedilər ki, xəstəni Ağciyər Xəstəlikləri İnstitutuna aparmalıyıq. Təcili tibbi yardım maşını çağırıb Nüşəddini Ağciyər Xəstəlikləri İnstitutuna göndərdilər. Ora çatan kimi həkimlər baxıb dedilər ki, xəstənin vəziyyəti çox ağırdı, onu nahaqdan  yollayıblar. Ağciyər Xəstəlikləri İnstitutunun həkimləri oğlumu Mərkəzi Kliniki Xəstaxanada əməliyyat edən həkimi ora dəvət etdilər. Elviz Qasımov gələndə ona dedilər ki, xəstəni nahaq əməliyyat edib, vəziyyəti ağırdır”.

Xəstənin atası deyir ki, bundan sonra həkim Elviz Qasımov onun oğlunu MKX-ya qaytarmaq istəyib. MKX-dan isə buna görə, İsmayıl Abbasovdan əlavə 4 min manat pul istəyiblər.

Şikayətçinin sözlərinə görə, Ağciyər Xəstəlikləri İnstitutunda həkim Elviz Qasımova irad tutublar ki, o nə üçün vərəmli xəstəni əməliyyata salıb.

“Ağciyər Xəstəlikləri İnstitutunun bir professoru Mərkəzi Kliniki Xəstəxananın həkimi Elviz Qasımova onu da irad tutdu ki, xəstəyə bir paket müsbət rezuslu qan vurulub, bu isə odun üzərinə bir vedrə benzin tökməyə bənzəyir. Sonra Ağciyər Xəstəlikləri İnstitutunda oğlumu süni nəfər aparatına qoşdular, amma onun vəziyyəti düzəlmədi və bur neçə saatın içərisində, dekabrın 17-də öldü”.

Mərhumun əmisi Ziyad Abbasov: “Nüşəddin dünyasını dəyişəndən sonra mən Elviz həkimlə  görüşdüm. Ona dedim ki, siz oğlanı əməliyyat edəndə onda vərəm olduğunu bilirdinizsə, niyə  çərrahiyyə otağına salırdınız? Elviz Qasımov mənim suallarıma cavab verə bilməyib susdu. 
Artıq bizim uşağımız həyatdan köçüb, belə həkimlər başqalarının da övladlarını bədbəxt etməməlidirlər”.
Z.Abbasovun sözlərinə görə, xəstə öləndən sonra onlar Mərkəzi Klinik Xəstəxanadan ödədikləri pulun heç olmasa yarısının qaytarılmasını tələb ediblər.
“Çünki xəstəxana pulu ödəməzdən öncə zəmanət verilmişdi ki, xəstəni sağ-salamat valideynlərinə qaytaracaqlar. Amma bizim tələbimiz qulaqardına vuruldu”.

Mərhumun anası Bəyaz Abbasova bildirib ki, Mərkəzi Klinik Xəstəxananın savadsız həkimlərinin məsuliyyətsizliyi üzündən oğlu cavan yaşda dünyasını dəyişib. O, aidiyyatı orqanları məsələyə reaksiya verməyə çağırıb.

Mərhumun qohumu Mötəbər Sadıqov deyir ki, həkim Elviz Qasımov əməliyyatdan öncə onları əmin edib ki, xəstə sağ-salamat yaxınlarına təhvil veriləcək. Amma o, əməliyyatdan sonra cəmi 4 gün yaşayıb. Xəstəxanaya ödənilən 10 min manat isə batıb.

Mərhumun ailəsi hadisə ilə bağlı səhiyyə naziri Oqtay Şirəliyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova müraciət edib. Hələlik müraciətlərə cavab verilməyib.

Modern.az qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırdı.





Mail Ağaxanov
  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı