Modern.az

230-cu səhifə və Özgəcanın qatilləri

230-cu səhifə və Özgəcanın qatilləri

Təhsil

21 Fevral 2015, 11:47

Aktyorlar deyirlər ki, onların həyatı digər peşə sahiblərinin həyatı kimi deyil. Bu mənada ki, onlar həm də yaratdıqları obrazların taleyini yaşayırlar.

Düz demirlər. Jurnalistlərin bir ömürdə yaşadıqları talelər dəfələrlə çoxdur. Hər bir gerçək müsahib təsəvvür edilən obrazdan qat-qat təsirli və unudulmazdır.

Unutmadığım, söhbətini qəfil xatırladığım müsahiblər az deyil. 20 ildir  hafizəmdə yaşayanlar var.

Unudulmayacaq kitablar da az deyil.  “Ovod”u oxuyanda Arturun zindanda atasına yalvardığı səhnədən çox təsirlənmişdim. Yadımdadır, yorğanın altında yuxuya gedənədək ağlamışdım. Özü də hıçqıra-hıçqıra, uşaq kimi. Əslində, elə uşaq idim, hardasa 85-86-cı illər olardı.

Sonra Arturlar çox oldu. Amma həmin birinci Artur hələ də mənimlədir.

“Cəhənnəmdə böyük çığırtı”nın müəllifi nə çəkib, əla bilirəm. Xocalıların əsirlik həyatından bəhs edən bu kitabın ürəyə saldığı ağırlığı onun hələ silsilə yazı kimi Lent.az-da yayımlandığı vaxtdan hiss etmişdim. Hər yazıdan sonra müəllifin bu söhbətləri dinləyərkən, diktofondan köçürərkən, oxuyub ora-burasını düzəldərkən nələr çəkdiyini təxmin etmişdim. Vüsalə Məmmədova bunu ömrünün axırınadək unuda bilməyəcək – aydın məsələdir. Kitabın sonuna əlavə etdiyi qeyddə bunu özü də deyir. Çöx ümid edirəm ki, depressiyaya düşməyib. Gənc və gözəl simasında iz salan qırışa gəlincə, təəssüf edirəm, nə qədər acı olsa da, bu, artıq ürəyə düşən qırışların surətidir. Keçmiş ola...

Bu kitabda yazılanların hər cümləsi adamın qanını dondurur. Bəri başdan bilirsən ki, oxuduqların çox ağır olacaq. Amma həqiqəti, yaxın tarixi bilmək marağı daha güclüdür. Və oxuyursan.


Necə deyim aydın olsun - bu, elə bir şeydir ki, oxuduqların yadına düşəndə hiss edirsən ki, havan çatmır, nəfəs ala bilmirsən, səni yuxulamağa qoymur, tikən boğazında qalır, gülüşün dodağında donur.

Kitabı əlimə alan kimi qeyri-iradi məni dəhşətə gətirən həmin hissəni axtardım.

230-cu səhifədə idi...

10 yaşında qızım var. Həyatda bütün istəklərim onunla bağlıdır. Təbii, bütün valideynlər kimi... 230-cu səhifədəki analar, atalar da nə vaxtsa oxşar arzularla yaşayıblar...

Həmin səhifəni oxuduqdan  sonra nə baş verir, bilirsizmi? Ən vacib işlər gözündə mənasızlaşır, nə işin varsa atıb, qızının məktəbinə qaçırsan. Bu dəfə onu heç kimə etibar etmirsən. Elə möhkəm qucaqlayırsan ki, uşaq səndən inciyir, amma sənin vecinə deyil. Onun üçün darıxdığını deyirsən. Həmişəkindən fərqli dediyini o da hiss edir, təəccüblə sənə baxır. Sərtliyinin harasa çox uzaqlara uçub getdiyindən duyuq düşüb bundan nəyi var istifadə eləyir. Amma sən təmkinini pozmursan. Çünki 230-cu səhifə və Özgəcan var...

İnsan  yırtıcıdır. Onu digər yırtıcılardan fərqləndirən, yaradıcı yırtıcı olmasıdır. Özgəcanın başına gələnlər göstərdi ki, “Cəhənnəmdə böyük çığırtı”nın baiskarları hələ sağdırlar,  aramızdadırlar. Yaşayır, törəyir və getdikcə azğınlaşırlar.

Onların kökünü kəsməyin yolu varmı - bilmirəm.

Amma əminəm, ürəyində kiməsə qarşı, lap itə-pişiyə olsun, fərq etməz, zərrəcə sevgi olan adam heç vaxt belə amansızlıq edə bilməz. Sevgisizlikdən doğan bu quduzluğun müalicəsi yəqin ki sevgidir. Sevgi görməyəndə insan bax beləcə, idarəolunmaz yırtıcıya çevrilir.

Sevginizi əskik etməyin.

Ürəyinə şəfa, Vüsalə Məmmədova.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı