Modern.az

Əliyevin təbriki qardaşlıq jestidir - Türkiyəli jurnalistlər DANIŞIR

Əliyevin təbriki qardaşlıq jestidir - Türkiyəli jurnalistlər DANIŞIR

Aktual

31 May 2023, 09:24

Mayın 28-də Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 52.16% səs toplayıb və növbəti müddətə prezident seçilib. Seçkilərdən sonra onu ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub.

 

Prezident bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyələndirib. Dövlət başçısı əmin olduğunu bildirib ki, Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək. Seçkilər dünya mətbuatında manşet mövzuya çevrilib, proses barədə çoxlu sayda xəbərlər, analiz və şərhlər dərc edilib.

 

Bəs Türkiyəli jurnalistlər seçkinin nəticələrini və ilk təbrikin Azərbaycandan gəlməsini necə qiymətləndirir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Jurnalistlər Şurasının Kahramanmaraş üzrə nümayəndəsi Bekir Doğan bildirib ki, təhqir ritorikası müxalifətin məğlubiyyətinə səbəb olub:

 

“15 gün ərzində, yəni 28 maya qədər Cümhuriyyət Xalq Partiyası, İYİ Partiyası Rəcəb Tayyib Ərdoğana, “Cümhur İttifaqı”na səs verənlərə “haqqımız haram olsun” deyə təbliğata başladı. 15 gün ərzində insanları təhqir etdilər. Bunun nəticəsi olaraq, bütün zəlzələ bölgələrində “Cümhur İttifaqı” yüksək səs topladı. Bu, həm də onu göstərdi ki, təhqir ritorikası daha təsirli deyil. İnsanların bir-birini sevməsinə ehtiyac var. Daha yumşaq, şirin dilli olmaq lazımdır. Bunun nəticəsi olaraq cənab Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səs toplayaraq qalib gəldi. Bütün dünyanın marağında olan bir seçki idi. Xalqımız üçün xeyirli-uğurlu olsun”.

 

 

Bekir Doğan ilk təbrikə görə Azərbaycan Prezidentinə və xalqına təşəkkür edib:

 

“Təbii ki, Azərbaycan bizim qardaşımızdır. Biz bir millət, iki dövlətik. Bu baxımdan təbii olaraq qardaşa ilk zəng elə qardaşından gəlir. Tək Azərbaycan Prezidenti təbrik etmədi. Eyni zamanda azərbaycanlı qardaşlarımız türk bayraqları ilə küçələrə çıxıb qələbəni coşqu ilə qeyd etdilər. Azərbaycan xalqına da, Prezidentinə də təşəkkür edirik”.

 

Beynəlxalq Jurnalistlər Şurasının Osmaniyə üzrə nümayəndəsi İsrafil Avcı ikinci turun nəticələrinin gözlənilən olduğunu düşünür:

 

“28 mayda keçirilən seçkilər Türkiyədə demokratiya təntənəsinə çevrildi. Seçkilərdə iştirak yüksək səviyyədə oldu. Seçki qutusunda demokratiya qazandı. Heç bir problem meydana çıxmadı. Vətəndaşlarımız özlərini təmkinli apardılar. Birinci tur seçkinin nəticələrinə uyğun olaraq, indiki nəticə gözlənilirdi. Beləliklə, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildi. O, bu həftə, ya cümə, ya da şənbə günü and içəcək. Daha sonra Nazirlər Kabinetini formalaşdıraraq işə başlayacaq. Türkiyə Cümhuriyyəti hər keçən gün müxtəlif sahələrdə tərəqqiyə nail olur. Qara dənizdə təbii qaz, Qabarda neft tapdıq. Gələcəkdə Rusiya və Qazaxstan qazının Türkiyədən keçməsi gözlənilir. Türkiyənin növbəti 5 il ərzində daha da güclənəcəyinə heç bir şübhə yoxdur”.

 

 

İ.Avcı Ərdoğana zəlzələ bölgəsində daha çox səs verilməsi ilə bağlı suala cavabında bildirib ki, Türkiyə fəlakət zamanı nə qədər böyük dövlət olduğunu bir daha göstərdi.

 

“Mən zəlzələ bölgəsi olan Osmaniyədəyəm. Osmaniyə həm də Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının məmləkətidir. Zəlzələ bölgəsində səslərin yüksək olması heç kəsi çaşdırmasın. Dövlət zəlzələdən zərərçəkmişlərin yaralarını ilk anlardan sarımağa başladı. Heç bir vətəndaşını ac, yaxud çöldə qoymadı. Hər kəs ilk etapda çadırlarda idi. Ardınca konteyner şəhərciklər quruldu. Ona görə də buradakı insanlar dövlətinə minnətdardır. 11 vilayətdə təxminən 15 milyon insana təsir göstərən zəlzələnin, yəni əsrin fəlakətinin baş verməsinə baxmayaraq, görülən işlər Türkiyənin nə qədər böyük dövlət olduğunu göstərdi".

 

Türkiyəli jurnalist İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür edib:

 

"Biz qardaş ölkəyə hər zaman minnətdarıq. Azərbaycan xalqını çox sevirik. Ürəyimiz onlarladır. Onlar bizim baş tacımızdır. İlham Əliyev ilk zəngi etməklə qardaşlığı daha da möhkəmləndirdi və iki ölkənin nə qədər yaxın, dost ölkə olduğunun mesajını da verdi. Mən təxminən 7-8 dəfə Azərbaycana gəlmişəm. Orada gördüm ki, Türkiyə Cümhuriyyəti vətəndaşları ilə azərbaycanlı qardaşlarımız arasında heç bir fərq yoxdur. Hamımızın məqsədi, hədəfləri məlumdur. Təbii olaraq biz Azərbaycan xalqını və hakimiyyətini çox sevirik".

 

Beynəlxalq Jurnalistlər Şurasının Adana üzrə nümayəndəsi Savaş Çokduygulu 28 mayda xalqın iradəsinin təzahür etdiyini vurğulayıb:

 

"Rəcəb Tayyib Ərdoğanı məğlub etmək üçün böyük səy göstərdilər. Lakin seçim ustadı, seçim professoru olan Ərdoğanı məğlub edə bilmədilər. Millətin iradəsi bu yöndə təcəlli edib. Bütün Türkiyə vətəndaşları bu nəticəyə hörmət etməlidir. Müxalif olan bəzi partiya liderləri papaqlarını qabaqlarına qoyub düşünməlidirlər. Əslində siyasi təmayüllərə görə 5 partiya rəhbəri siyasi cəsəd olmalıdır. Ancaq bizim Türkiyədə kreslo sevgisi önə çıxdığı üçün 13-cü məğlubiyyətlərinə baxmayaraq, “Millət İttifaqı”nın və ana müxalifət partiyasının sədri Kemal Kılıçdaroğlu kresloya yapışıb, elə “mən” deyir. Bu hal düşündürücüdür. Matç bitib. Türkiyə yeni səhifə açmalı, yoluna davam etməlidir. Ərdoğan böyük izdiham önündə çıxış edərək Türkiyəyə səslənib, “Heç kimə küsmədik, əsəbi deyilik, yola davam” dedi. Bundan sonrakı dönəmdə Türkiyəni çətinliklər də gözləyir. Bunlardan biri iqtisadiyyatla bağlı olacaq. Yeni Nazirlər Kabineti qurulduqdan sonra hökumət çox önəmli işlər görməyə başlayacaq. Ərdoğan indiyə kimi girdiyi bütün seçkiləri qazanıb. Bu olduqca böyük zəfərdir".

 

 

S.Çokduyğulu zəlzələ bölgəsində Ərdoğanın yüksək səs toplamasının səbəbsiz olmadığını söyləyib:

 

"Zəlzələ bölgəsi olan Adanadayıq. Hökumət burada çox böyük işlər gördü. “Millət İttifaqı” cəbhəsi siyasətə yönəldi. İqtidara qarşı hücuma girişdi. Orada gördüm ki, "edərsə, Tayyib Ərdoğan edər" şüarı hakim idi. Hatayda, Maraşda, Qaziantepdə, Adanada da bütün xırda sahibkarlar bir ağızdan bunu deyirdi. Beləliklə, nəticə seçki qutusunda özünü göstərdi. Çünki iqtidar zəlzələ ərazisində inanılmaz mücadilə göstərdi. Təkcə Hatayda 17 vali çalışdı. İqtidar zəlzələ ərazisində mükəmməl çalışmasının mükafatını seçki qutularından çıxan nəticədə gördü. Nəticə etibarilə İstanbulda, Ankarada başa-baş nəticə oldu".

 

Jurnalist ilk təbrikin Azərbaycandan gəlməsinə də münasibət bildirib:

 

"Beynəlxalq əlaqələrdə maraq vacibdir. Bizim qardaş Azərbaycanla olan dostluğumuz uzun illərə dayanır. "Tək millət, tək bayraq" şüarımız davam edir. Bunu İlham Əliyevlə Ərdoğan inkişaf etdirdi. İki dövlətin xüsusiyyətləri  bir-birinə çox bənzəyir. İki liderin xüsusiyyətləri də bir-birinə çox yaxındır. İki lider bir-birini hər platformada qoruyur. Bir bayraq, bir dövlət demişik. Azərbaycan bizim qəlbimizdədir. Biz sizi həmişə qardaş bildik. Əliyevin hamıdan əvvəl Ərdoğana zəng edərək təbriklərini çatdırması qardaşlıq jestdir".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya dəhşətli hava hücumu - Ərazilər 5 istiqamətdən vuruldu