Modern.az

Nemət Pənahlı Surət Hüseynovun məzarından şəkillər YAYDI

Nemət Pənahlı Surət Hüseynovun məzarından şəkillər YAYDI

12 Sentyabr 2023, 09:12

Sentyabırın 10-da Gəncədə sabiq baş nazir Surət Hüseyinovun 40 mərasimi keçirlib.

Modern.az xəbər verir ki, bu barədə siyasi fəal Nemət Pənahlı bildirib.

O, Surət Hüseyinovun başdaşı üzərinə həkk edilmiş yazıdan da söz açıb:

“Surət bəyin başdaşı üzərinə həkk edilmiş sözləri məni daha dərindən düşündürməyə vadar etdi”, - deyən N.Pənahlı keçmiş baş nazirin məzarının şəkillərini paylaşıb.

Azərbaycanın keçmiş Baş naziri, “qiyamçı polkovnik” adı ilə tanınmış Surət Hüseynov bu il iyulun 31-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. 

Surət Hüseynov səhhətindəki problemlərlə əlaqədar iyulun 31-də təyyarə ilə Moskvadan İstanbula uçurmuş. Təyyarədə halı pisləşən S.Hüseynov İstanbul hava limanına yerə enəndən sonra komaya düşüb.

Onu Türkiyədəki xəstəxanalardan birinə yerləşdirsələr də, komaya düşən sabiq baş nazir orada vəfat edib. S.Hüseynovun ölümünə səbəb kimi ürəktutması və infarkt göstərilib.
 



S.Hüseynov 1989-cu ildən Yevlaxdakı yunun ilkin emalı fabrikinin direktoru vəzifələrində işləyib. 1989–1991-ci illərdə XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub.

1992-ci ilin əvvəllərində könüllü batalyon yaradıb və o vaxt Qarabağdakı döyüş əməliyyatlarına maliyyə dəstəyi verib.

Surət Hüseynov 4 iyun 1993-cü ildə prezident Əblüfəz Elçibəyin iqtidarına qarşı qiyam qaldırıb. Bu qiyamın nəticəsində ölkə vətəndaş müharibəsi astanasına çatıb, vəziyyətdən çıxmaq üçün Naxçıvan Ali Məslicinin o vaxtkı sədri Heydər Əliyev Bakıya dəvət edilib, bunun ardınca prezident Elçibəy Kələkiyə gedib. S.Hüseynovun qiyamı Xalq Cəbhəsi hakimiyyətinin devrilməsilə nəticələnib.

Surət Hüseynovun qiyamı onun Baş nazir təyin edilməsi ilə başa çatıb. O, 30 iyun 1993-cü ildə Milli Məclisin sədri və prezident səlahiyyətlərinin icraçısı Heydər Əliyev tərəfindən Baş nazir təyin edilib. 7 oktyabr 1994-cü ildə S.Hüseynov Baş nazir vəzifəsindən azad olunub. O, Heydər Əliyev iqtidarına qarşı dövlət çevrilişinə cəhddə iştirak etməkdə suçlanıb.
1994-cü il oktyabrın 14-də Milli Məclis onun cinayət məsuliyyətinə cəlb olunmasına, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsi barədə qərar qəbul edib.

Bundan sonra o, Azərbaycanı tərk edib. Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Bakıya gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

2004-cü il martın 17-də prezident İlham Əliyevin əfv fərmanı ilə həbsdən azad olunub.

Həbsdən azad olunandan sonra S.Hüseynov xarici ölkələrdə biznes fəaliyyəti ilə məşğul olub.

A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi