Modern.az

“Rusiya Ermənistanı cəzalandırmaq istəyir...” - MÜSAHİBƏ

“Rusiya Ermənistanı cəzalandırmaq istəyir...” - MÜSAHİBƏ

Aktual

8 May 2016, 09:09

Siyasi analitik: “Azərbaycan bu situasiyadan yararlana bilər...”


Hamının həyəcanla Qarabağ cəbhəsindəki hadisələri izlədiyi, ordumuzun nəhayət, zəfər hücumuna keçəcəyi anları gözlədiyi bir məqamda 9 May Faşizm üzərində Qələbə paradına hazırlaşan rəsmi Moskvanın Azərbaycana və Ermənistana münasibətdə ortalığa hansı mövqeni qoyacağı çox ciddi məsələdir. Bununla bağlı suallarımızı həm də siyasi analitik kimi tanınan, “Qarabağ tələsi” kitabının müəllifi, araşdırmaçı-yazar Tahir Cəfərliyə ünvanladıq:

Tahir müəllim, bu gün - Qarabağda vəziyyətin gərginləşdiyi, illərdir susan ağır silahların səsinin yenidən eşidildiyi, Azərbaycan hərbçilərinin şücaət göstərərək az da olsa, irəlilədiyi  və xalda torpaqlarımızın azad edilməsinə böyük ümid yarandığı bir məqamda Azərbaycan ictimaiyyətini bir sual da düşündürür: ruslar yenə də erməninin arxasında duracaqlar?

– Qarabağda münaqişənin yaranmasının geosiyasi səbəblərini bilmədən bu suala cavab vermək mümkün deyil. Əvvəla, onu da qeyd etməliyik ki, Qarabağın alınıb ermənilərə verilməsində və 20 % torpaqlarımızın zəbt olunmasında birbaşa Rusiya qoşunları və xüsusi xidmət orqanlarının rolu olub. Eyni zamanda tam əminliyi ilə deyə bilərik ki,  hakimiyyət davası edən milli satqınlarımızın da torpaqların ermənilərə verilməsində əli vardır. Bu, başqa məsələdir. Ancaq o da var ki, bu gün qondarma “Dağlıq Qarabağ respublikası”nın tanımasının da qarşısını alan Rusiyadır. Bax, burada məntiqsizlik yaranır. Bir tərəfdən, Rusiya Qarabağın ermənilər tərəfindən alımasına şərait yaradır, digər tərəfdən, Ermənistan parlamenti Qarabağın tanınması ilə bağlı qərar qəbul etmək istədikdə, Moskvadan Serjik Sarkisyanı və “şürtvas”(İrəvanda qarabağlı ermənilərə belə deyirlər) komandasını yerində oturdurlar ki, həddini aşmayın…

- Niyə? Səbəbi nədir? Axı bütün parametrlərə görə Ermənistan Rusiyaya daha yaxındır, onun hərbi müttəfiqidir, Rusiyanın Qafqazda siyasətini həyata keçirir və s.

- Əgər bizim analitiklər bunun səbəblərini ciddi şəkildə təhlil etsəydilər, maraqlı faktları üzə çıxarardılar. Və Azərbaycan-Rusiya münasibətlərinin düzgün qurulmasına kömək edərdilər. Fakt faktlığında qalır ki, Qarabağ məsələsində Rusiya heç də Azərbaycanın tərəfində deyil. Ancaq elə situasiya yarana bilər ki, Kreml torpaqlarımızın azad olunmasına yardım göstərsin. Əgər Rusiya ilə məsələlərin geosiyasi həllini düz aparsaq...

- Belə çıxır ki, biz müəyyən məqamları bilmirik və odur ki, bəzi məsələlərdə uduzuruq?..

-Əslində belədir. Azərbaycanda Qarabağ münaqişəsi ilə bağlı yüzlərlə kitab və məqalələr yazılır. Ancaq bu yazılarda həqiqətin harada olduğu işıqlandırılmır. Bütün bu yazıların mahiyyəti sadəcə olaraq bundan ibarətdir: “Rusiya Qarabağın işğalı üçün Ermənistana şərait yaratdı və  bu gün torpaqlarımızın azad olunmasının qarşısını alan da  Rusiyadır”. Bu məntiqlə gərək Rusiya Qarabağı tanısın. Niyə tanımır? Bax, əsas səbəblər bu sualın cavabının arxasında durur. Biz bu səbəbləri ortaya çıxartmalıyıq...

-Fikrinizcə, hansılardır onlar?

- İlk növbədə Rusiyanın Ermənistandakı geosiyasi maraqlarını nəzərə almaq gərəkdir. Bu marağın arxasında çox ciddi məsələlər durur ki, Ermənistanın Rusiyanın maraq dairəsində qalmasını vacib edir. Aydındır ki, Ermənistan  ABŞ və NATO üçün Qafqazın qapısıdır. Bu qapını əldən vermək, rus qoşunlarının Ermənistandan çıxarılmasına və NATO qoşunlarının yerləşdirilməsinə gətirib çıxara bilər. Odur ki, Rusiya Ermənistan üçün Qarabağın işğalını təşkil etməklə onları tələyə saldı ki, Ermənistan heç cürə Qərbə yıxıla bilməsin. Bu gün də Qarabağın tanınmasının qarşısını almaqla, Rusiya Ermənistanı Qarabağ tələsində saxlamağa nail olur...

 -Siz bu haqda hələ 2000-ci ildə “Qarabağ tələsi” kitabında da yazmısınız. Hətta belə iddia edirsiz ki, əgər Azərbaycan Qarabağı Ermənistana hədiyyə versə də, götürməz... Nəyə əsaslanırsız?

- Bu, həqiqətdir. Əgər Qarabağda qarşıdurma bitsə, tərəflər sülhə gəlsə, Rusiya qoşunlarının Ermənistandan çıxarılması problem olmayacaq, bu isə NATO-nun Qafqazın qapısını alması ilə qurtaracaq. Deməli, bunun qarşısı alınmalıdır. Ruslar da bunu edirlər...

-Ermənistan Rusiyanın satellitinə çevrilməkdədir, daha düzünü desək, çevrilib də. Bundan o yana yol yoxdur. Bəs niyə Moskva Qarabağ konfliktinə son qoymur?

-Məntiqi sualdır. Ancaq birtərəflidir. Çünki bütün məsələləri əhatə etmir. Buradan digər maraqlı suallar da ortaya çıxır. Məsələn, niyə Rusiya Ermənistanın iqtisadiyyatını gücləndirmir? Niyə, əksinə, vaxtilə İttifaq miqyaslı hərbi-iqtisadi kompleksə daxil olan Ermənistan zavod və fabriklərini bağlatdırır?.. Səbəb, əlbəttə ki, Rusiyanın Ermənistana inanmamasından irəli gəlir. Çünki bu ölkə yaranan gündən bu və ya digər ölkələrin “5-ci kolonu”, maşası rolunu oynayıb. Və inkişaf etsə, güclənsə, fürsət yaranan kimi Rusiyadan uzaqlaşa bilər. Qərbin siyasətindən fərqli olaraq ruslar çoxşaxəli siyasət yeridirlər və Ermənistanda nə baş verə biləcəyini əvvəlcədən planlaşdırırlar...

-Bunu necə başa düşək?

-Götürək Ermənistanda fəaliyyət göstərən Atom Elektrik Stansiyasını. Bu stansiya ermənilərə atom texnologiyasının yiyələnməsinə və erməni “atomşik”lərinin meydana gəlməsinə gətirib çıxartmışdı. Stansiya işləyir, ancaq görəsən, erməni atom mütəxəssislərindən indi biri qalıb?  Rusiya xüsusi xidmət orqanları onları çoxdan zərərsizləşdirib. Təsəvvür edin ki, ruslar əlini Ermənistandan götürüb. Belə olduğu anda  ABŞ-ın dəstəyi ilə atom texnologiyası da ermənilərin əlinə keçəcək. Və bu elə Rusiyanın özü üçün təhlükə yaradacaq. Daha düzünü desək, regiondakı bütün dövlətlər üçün təhdid olacaq. Odur ki, Rusiyanın Ermənistandakı siyasətinin mahiyyəti –genetik kodu erməni olmayan Qarabağ klanını hakimiyyətdə saxlamaq, Qərbin əliylə anti-rus eyforiyasına uyan erməniləri yerində oturtmaqdır. Yeri gəlmişkən, Qarabağda vəziyyətin gərginləşməsi də elə bununla bağlıdır. Aprel döyüşləri ərəfəsində Ermənistanda dayanmadan anti-rus mitinqləri gedirdi və ermənilər rusların Ermənistanı tərk etməsi tələbi ilə çıxış edirdilər...

-Burada Qərbin rolu üzə çıxır?..

-Elədir. Çünki erməniləri “çölə çıxaran”  özlərinin Qərb diasporudur. Səbəbi sadədir. Qərb diasporu rusları Ermənistandan çıxartmaqla, NATO qoşunlarını Ermənistana yeritmək istəyir. Ermənilər başqa bir yola da əl atıblar - Qarabağda konflikti gücləndirmək, Azərbaycanı torpaqları azad etməsinə təhrik etmək.  Və “Ay aman! Azərbaycanlılar erməniləri qırdı”- deyə NATO qoşunlarını Ermənistana çağırmaq. Bu ssenarini Ermənistan bu saat Qarabağda həyata keçirtməkdədir. Ən əsası odur ki, Ermənistan Rusiyaya arxadan zərbə vurur...



-Dem
əli, biz bu situasiyadan istifadə edə bilərik?

- Edəcəyik də. 1991-ci ilin yazında etdiyimiz kimi. Onda hətta M.Qorbaçov onların qudurduğunu görüb, Azərbaycan rəhbərinə erməni silahlı dəstələrinin tərki-silah edilməsi ilə bağlı fərman vermişdi. Nəticədə Azərbaycanda ermənilərin məskunlaşdığı iki rayon və bütün regionlarda olan erməni kəndləri boşaldıldı. İndi növbə V.Putinindir...

-Axı bu hiss olunmur? Rusiya telekanallarına baxın, anti-Azərbaycan təbliğatı baş alıb gedir...

-Siz V.Solovyovun və s. verilişlərini nəzərdə tutursunuz. Həqiqətən belə verilişlərin sayı azərbaycanlıları çox narahat edir. Ancaq diqqətlə baxsanız, görərsiniz ki, verilişlərdə atılıb-düşən erməniləri aparıcı yerində necə otuzdurur. Məsələn, Kurqanyanın “gəlin Qarabağı Rusiyaya birləşdirək” təklifinə, həmin bu V.Solovyov necə reaksiya verir?  O deyir: “Qarabağ dünya və BMT tərəfindən tanınmış Azərbaycan torpağıdır və biz Azərbaycanın strateji tərəfdaşıyıq...”. Bu jurnalistin dediklərinin isə Rusiya hökumətinin mövqeyi olduğunu heç kim inkar edə bilməz. Biz bir şeyi bilməliyik. Hər hansı ölkənin siyasətini anlamaq üçün  onun rəsmilərinin efirdə səslənən sözlərinə yox, əməlinə fikir verməliyik...

-1991-ci ilin aprel-may aylarında Moskvanın Qarabağdakı yaraqlıları təmizləmək üçün Azərbaycana rəsmi siyasi və hərbi dəstək verməsini yada saldınız. 1992-ci ilin yay-payızında, AXC-nin hakimiyyətə gəldiyi ilk  aylarda da oxşar bir situasiya yarandı... Azərbaycanın yenicə formalaşan təcrübəsiz və kasıb ordusu sürətli hücum əməliyyatları keçirərək Ağdərəni azad etdi və daha sonra Xankəndinə, eyni zamanda həm şimal, həm cənubdan Laçına doğru irəliləməyə başladı. Təəssüf ki, sonradan, qələbəyə lap yaxın olduğumuz bir vaxtda müəmmalı xarici və daxili oyunlar səbəbindən yenidən əvvəlki mövqelərimizə çəkilməyə məcbur olduq. O döyüşlərdə vuruşmuş, yaralanmış, həlak  olmuş oğullarımızın qəhrəmanlığına qətiyyən kölgə salmaq olmaz. Allah şəhidlərimizə rəhmət etsin! Amma o dövrkü müdafiə naziri Rəhim Qazıyev də etiraf edir ki, həmin əməliyyatlar ərəfəsində Azərbaycanda yerləşən Rusiya hərbi hissələrinin komandirlərinə, eləcə də Moskvadakı Müdafiə Nazirliyi rəhbərlərinə külli-miqdarda pul və bəxşiş çatdırmaqla  onların ordumuza güclü dəstək verməsinə nail olublar. Və həmin qələbələr əsasən bunun hesabına baş tutub. Bu gün də belə fikirlər səslənir ki, Rusiyanın ən yuxarı hərbi elitasını pulla ələ almaq mümkündür...

-Rəhim Qazıyevin bunları boynuna alması maraqlı faktdlr. Bu, bir daha  AXC-nin rus generallarının əliylə Azərbaycanın başına hansı oyunları açdığını sübut edir. AXC liderləri dövlət çevrilişi etdikdən sonra , hakimiyyətdə qalmaq üçün hansı axmaqlıqlara və satqınlıqlara əl atmayıblar? Həmin pulları alan rus generalları bir azca geri çəkiliblər. Yəni Azərbaycana dəstək verməklə erməniləri qorxudublar ki, Moskva olmasa, azərbaycanlılar sizi darmadağın edər.  Və sonra  onların da pulunu alıb AXC-yə verdikləri ərazini yenidən ermənilərə qaytarıblar. Yeri gəlmişkən, bu hadisələrlə bağlı maraqlı  bir faktı qeyd etmək istərdik. Onda Sürət Hüseynovun korpus komandiri kimi rəhbərlik etdiyi qoşunlar az qalmışdı ki, Xankəndinə girsin, sonuncu hazirlıq gedirdi. Həmin ərəfədə Sürəti oradan ayırıb Bakıya gətirdilər, Milli Qəhrəman adı verib burada saxladılar. Nəticədə başsız qalan qoşunlar məcbur olub geri çəkildilər. Onların geriyə çəkilmək əmrini verəni isə axmaq yox, hərbi cinayyətkar və yaxud Vətən xaini adlandırmalıyıq...

İndiki dövrdə isə pul verib torpaqların azad edilmə məsələsi yanlışdır. Bu, Azərbaycan ordusunun qələbəsinə kölgə salardı. Azərbaycan güclü iqtisadi inkişaf keçmiş, professional ordusunu yaratmış, müasir silahlarla ordunu təmin etmişdir. Ən əsası, odur ki, Hərbi Sənaye Kompleksi işə düşmüşdür.  Və Azərbaycan BMT-nın 4 qətnaməsini əsas tutub, erməni terrorçularını Qarabağdan çıxara bilər. Belə olduğu halda  isə beynəlxalq hüquq baxımından da heç bir ölkə bizə qarşı gedə bilməz. Rusların əlinə də bəhanə düşüb ki, beləcə erməniləri cəzalandırsınlar. Çünki Rusiya rəhbərləri də hiss etdilər ki, ermənilər qudurublar. Yerevanda gedən mitinqlər buna əyani sibutdur. Sanki 28 aprel 1991-ci il təkrar olunur. İndi bu situasiyadan Azərbaycan Prezidenti istifadə etməli və torpaqlarımızı erməni işğalçılarından azad etməlidir…

-Əgər bu günlər, mayın 8-9-da – Azərbaycanda Şuşanın işğalının 24-cü ildönümü, Moskva və Xankəndidə isə gözlənilən Qələbə paradı ərəfəsində Azərbaycan öz torpaqlarını azad etmək üçün növbəti hücuma keçərsə,  Rusiya rəhbərliyinin konkret reaksiyası necə ola bilər?

-Bu gün ermənilər Rusiya prezidentini -Putini satıblar, ona xəyanət ediblər. Gürcüstana NATO qoşunlarının girməsi də bununla bağlıdır. Qarabağın azad olunması bu saat bizim üçün asanlaşır. Putinin bu  günlərdə Bakıya gəlməsi də gözlənilir. Əgər o boyda dövlətin başçısı Azərbaycana gəlirsə, deməli, regionun taleyi Azərbaycanın əlindədir. Ermənilər  də istəyirlər ki, Azərbaycan qoşunları Qarabağa girsin və onlar NATO qoşunlarını köməyə çağırsınlar. Türkiyədən bu qoşunların girməsi gülünç sayılardı. Ancaq Gürcüstandan girməsi məntiqəuyğundur. Əlbəttə ki, bunu V.Putin bilir və ermənilərin yerində oturtmaq üçün Azərbaycan faktorundan istifadə edəcək. Odur ki, Azərbaycanın hücumunun qarşısını almağa ciddi cəhd etməyəcək. Belə bir məqamda Azərbaycan Prezidenti bir daha qətiyyət göstərməli, mövqeyindən dönməməlidir. Düşünürük ki, belə də olacaq. Çünki president İlham Əliyevin bütün səyləri elə torpaqlarımızın azad olunmasına yönəlmişdir…

Sultan Laçın

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı