Modern.az

İlhamə Quliyevanın həbsdəki köməkçisinin vəkili Zakir Qaralovun qəbuluna gedib

İlhamə Quliyevanın həbsdəki köməkçisinin vəkili Zakir Qaralovun qəbuluna gedib

Aktual

11 Avqust 2016, 17:42

“Mehriban Hüseynovanın işi ilə bağlı ilk məhkəmə prosesi avqustun 15-nə təyin olunub. Deputatlardan bəzilərinin Mehriban Hüseynovanın işi ilə bağlı Baş Prokurorluğa müraciətinin heç bir təsiri olmadı”.

Bu barədə Modern.az-a açıqlamasında mərhum xalq artisti İlhamə Quliyevanın hazırda həbsdə olan keçmiş köməkçisinin hüquqlarını müdafiə edən vəkil Vasif Mirzəyev deyib.

O bildirib ki, Mehriban Hüseynovanın azadlığa buraxılması ilə bağlı deputat Çingiz Qənizadə ilə Baş prokurora etdikləri müraciətlərin heç bir xeyri olmadı:

“Hətta Çingiz Qənizadəyə də biz özümüz rəsmi müraciət etdik. Bildirdik ki, Baş prokurorluğa müraciət etsin ki, Mehriban xanım ən azı ev dustaqlığına buraxılsın.

Sadəcə olaraq Baş Prokurorluq bu məsələdə heç kimin rəylərini nəzərə almadı. Hətta mən özüm Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun qəbuluda oldum. O, da bizə söz verdi ki, rəhbərliyə məruzə edərək, bizə kömək edəcək. Lakin bunun da heç bir xeyri olmadı.

Mehriban Hüseynovanın həyat yoldaşı ilə Baş prokuror Zakir Qaralovun da qəbulunda olduq. Amma bunun da bir müsbət nəticəsi olmadı”.

Vasif Mirzəyev deyib ki, Mehriban Hüseynovaya qarşı irəli sürülən ittihamların hamısı əsassızdır və bunlar müəyyən şəxslərin maraqlarına xidmət edir:

“Mehriban Hüseynovanın əməlində heç bir cinayət tərkibi olmaya-olmaya onun barəsində məhkəmə əsassız olaraq məhkəməyə ittiham verib. Mehriban xanım İlhamə Quliyevaya nə maddi, mənəvi və nə də fiziki zərər verib.

Amma bununla belə, Mehriban xanım bir şəhid bacısı və sadə Azərbaycan xanımı olaraq olaraq 10 aydan artıqdır ki, əsassız və günahsız yerə hələ də həbsdədir”.

Vəkil vurğulayıb ki, avqustun 15-də məhkəmə qarşısında Mehriban Hüseynovanın azadlığa çıxması ilə bağlı vəsatət qaldıracaq:

“Biz avqustun 15-də məhkəmədə Mehriban Hüseynovanın məhkəmə zalından azad olunmasına dair vəsatət qaldıracağıq. Ümid edirəm ki, məhkəmə vəsatətimizi təmin edərək, ədalətli qərar verəcək. Hamıya bəllidir ki, Mehriban Hüseynova bu gün kimlərinsə marağı naminə günahsız yerə həbsdə qalmaqdadır. Mehriban xanımın əməlində ictimai təhlükəli heç nə yoxdur. O, daimi yaşayış yeri olan normal qadındır. Onun həbsdə saxlanılmasına heç bir lüzum yoxdur. Obyektiv və ədalətli məhkəmə Mehriban Hüseynovanı mütləq azad etməlidir”.

Vəkil qeyd edib ki, zərərçəkmiş qismində cinayət işində adı keçən mərhum İlhamə Quliyevanın hüquqi varisi təyin olunan bacısı İradə Quliyevanın bu işə heç bir təsiri yoxdur:

“Zərərçəkmiş şəxsin hüquqi varisi kimi məhkəmə İlhamə Quliyevanın bacısı İradə Quliyevanı tanıyıb. İradə Quliyeva zərərçəkmiş şəxs kimi formal xarakter daşıyır. Onun şikayətdən imtina etmək hüququ yoxdur. Çünki əgər zərərçəkmiş şəxs cinayət işinin gedişi prosesində vəfat edərsə,  ona hüquqi varis təyin olunur və onun da şikayətdən imtina etmək hüququ olmur.
O da formal olaraq məhkəmə prosesində iştirak edir. İradə Quliyevanın şikayətinin olub-olmamasının bizim üçün heç bir əhəmiyyəti yoxdur”.

Vasif Mirzəyev məhkəmə prosesinin bir neçə ay çəkəcəyini deyib:

“Yəqin ki, məhkəmə prosesinin yekunlaşması bir neçə ay çəkəcək. Biz yalnız ona ümid edirik ki, məhkəmə prosesinin gedişində Mehriban Hüseynovaya qarşı irəli sürülən ittihamlar öz əksini tapmayacaq və o, məhkəmə zalındanca azadlığa buraxılacaq”.

 

Ağa AKİFOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı