Modern.az

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Belçikada anıldı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Belçikada anıldı

Aktual

7 İyun 2018, 22:04

Belçikada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbul keçirilib. Azərbaycanın Belçikadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, paytaxt Brüsselin tarixi “Grand Place” meydanında yerləşən Meriyasının binasında təşkil olunan tədbir pianoçu İsfar Sarabskinin konserti ilə davam etdirilib. Tədbir səfirlik tərəfindən Brüssel şəhər Meriyasının dəstəyi ilə təşkil olunub.

Tədbirin əvvəlində Azərbaycan himni səsləndirilib.

Belçika dövlət qurumları, Avropa İttifaqı təsisatları və Brüsseldə akkreditə olunmuş diplomatik korpusun başçıları və əməkdaşları, eləcə də bu ölkənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız da daxil olmaqla 300 qonağın iştirak etdiyi tədbirin açılışında çıxış edən Azərbaycanın Belçikadakı səfiri, Avropa İttifaqı yanında missiyanın rəhbəri Fuad İsgəndərov yaradılmasının 100-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin milli tariximizdə tutduğu mühüm yerdən bəhs edib, cəmi 23 ay yaşamış bu respublikanın demokratik dəyər və prinsiplər əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bu zaman qadınlara səs hüququnun verildiyini, ölkə ərazisində yaşayan azlıqların milli parlamentdə təmsil olunduğunu xatırladıb, müasir Azərbaycan Respublikasının keçdiyi şanlı müstəqillik yolu barədə danışıb.

Daha sonra pianoçu İsfar Sarabskinin konserti keçirilib.

Sonda tədbir iştirakçılarının şərəfinə ziyafət verilib. Ziyafət zamanı Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya sərgisinə (World Expo 2025) ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı, eləcə də Azərbaycanın tarixini, mədəniyyətini, incəsənətini və turizm imkanlarını özündə əks etdirən videoçarxlar nümayiş etdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı