“Vətən nəğməsi” - Azərbaycan Televiziyası ilə Milli Konservatoriyanın 15 iyun – Milli Qurtuluş gününə həsr etdiyi yeni müştərək layihəsi belə adlanır.
Çəkilişi iyunun 11-də Milli Konservatoriyanın ərazisində baş tutan əzəmətli layihədə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri və Cahangir Cahangirov adına xoru, Dövlət Filarmoniyasının nəzdindəki dövlət rəqs ansamblı, “Natiq” ritm qrupu, tanınmış incəsənət xadimləri, Milli Konservatoriyanın professor-müəllim heyəti, eləcə də müxtəlif orta məktəblərin müəllim və şagirdləri iştirak etdilər.
Müəllifliyi unudulmaz bəstəkar Tofiq Quliyevə və şair Vaqif Nəsibə məxsus olan “Vətən nəğməsi” əməkdar artist Ramil Qasımovun ifasında səsləndi.
Layihənin ideya müəllifi – “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanov, musiqi rəhbəri – xalq artisti, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi, quruluşçu rejissoru – əməkdar incəsənət xadimi Etibar Babayev, səs rejissoru – Faiq Babayevdir.
Xatırladaq ki, bu, son aylarda AzTV-nin gerçəkləşdirdiyi 3-cü layihədir. Aprelin 12-də “Zəfərə doğru”, iyunun 1-də isə “Körpələrin səsi” klipləri tamaşaçılara təqdim olunmuşdu.