Bu gün Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Saatlı rayonunun Simada kəndi ərazisində yerləşən pambıq tarlasında çalışan və insektisidlərlə kəskin inhalyasion zəhərlənmə diaqnozu ilə Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən Sabirabad rayon sakinləri – 1978-ci il təvəllüdlü Məmmədova Həqiqət Qüdrət qızı, 1982-ci il təvəllüdlü Qardaşova Gülnarə Möhübbət qızı, 1986-cı il təvəllüdlü Həsənova Elnarə Möhübbət qızı və 1990-cı il təvəllüdlü Tarverdiyeva Aybəniz Əlisəməd qızının vəziyyəti ilə tanış olmaq üçün Toksikologiya şöbəsinə gəlib.
Modern.az xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov xəstələrin vəziyyəti ilə bağlı Əhliman Əmiraslanova məlumat verərək xəstələrin vəziyyətinin normallaşdığını və yaxın zamanlarda evə yazılacaqlarını bildirdi. Xəstələr də burada aparılan tibbi yardım nəticəsində şikayətlərinin aradan qalxdığını və hal-hazırda vəziyyətlərinin normal olduğunu bildirdilər. Əhliman Əmiraslanov xəstələrin hər birinin vəziyyəti ilə ayrı-ayrılıqda tanış olaraq onlara şəfa dilədi.