Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 12-də Tbilisinin mərkəzindəki Heydər Əliyev abidəsini ziyarət edib, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Komitə sədrini Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
"Azərbaycan-Gurcüstan dostluğu nümunədir. Heç kim bu dostluğu sarsıda bilməz".
"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu fikirlər Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Gürcüstan katolikosu II İlya ilə görüşündə səslənib.
Katolikos II İlya Azərbaycan nümayəndə heyətini salamlayıb, iki ölkə arasındakı əlaqələrin inkişafında dövlət başçılarının rolunu xüsusi qeyd edib. Bildirib ki, gürcü xalqı Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısını daim hiss edir: "Bu gün SOCAR-ın Gürcüstanda həyata keçirdiyi layihələr bizim xalqlarımızın daha da yaxınlaşmasına, rifah halının xidmət edir".
II İlya mədəni əlaqələrin inkişafında Azərbaycanın Birinci vitse-prezident xanım Mehriban Əliyevanın rolunu xüsusi qeyd edib.
Fuad Muradov göstərilən qonaqpərvərliyə və Azərbaycan xalqının, Prezident İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın ünvanına söylədiyi xoş sözlərə görə minnətdarlıq edib.
Bildirib ki, Azərbaycan ilə Gürcüstan arasında əlaqələr çox yüksək səviyyədədir: "Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib".
Dövlət Komitəsinin sədri Azərbaycanın və Gürcüstanın birgə heyata keçirdikləri layihələrin regiondan və dünyada sülhə, tərəqqiyə, sabitliyə xidmət etdiyini xüsusi qeyd edib: "Bizim münasibətlərimiz çox yüksək səviyyədədir və heç kim bu dostluğa zərər yetirə bilməz".
F.Muradov Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib. Hər iki dövlətin ərazi bütövlüyünün pozuasını təəssüf hissi ilə qeyd edib, Azərbaycanla Gürcüstanın bir-birinin ərazi bütövlüyünü dəstəkləndiyini xüsusi vurğulayıb.
Görüşdə iki ölkə arasında əlaqələrin digər sahələr üzrə də inkişaf etdirilməsinin vacibliyi qeyd olunub, münasibətlərin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olunub.
SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Mammədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan nümayəndəliyinin rəhbəri Hacı Əli Əliyev, yepiskop Şio, yepiskop Qerosimo və başqaları çıxış edib, iki ölkə arasında əlaqələrin inkişaf pespektivləri barədə fikirlərini bölüşüblər.
Fuad Muradov Gürcüstana səfəri çərçivəsində iyunun 12-də Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında olub.
Modern.az xəbər verir ki, komitə sədri teatrın rəhbərliyi və aktyorlar ilə görüşüb.
Teatrın bədii rəhbəri Varlam Nikoladze, direktor müavini, Azərbaycanın Əməkdar Mədəniyyət İşçisi Namiq Hacıyev teatrın fəaliyyəti, hazırladığı tamaşalar, Azərbaycan mədəniyyətinin təbliği, ölkələrimiz arasında mədəni əlaqələrin inkişafı ilə bağlı gördükləri işlərdən danışıblar.
Eyni zamanda, komitə sədrinə bu mədəniyyət ocağındakı vəziyyət barədə məlumat verilib.
Fuad Muradov teatrın kollektivini narahat edən məsələlərlə ciddi məşğul olacağını, bununla əlaqədar lazımi qurumların məlumatlandırılacağını bildirib.
Dövlət Komitəsinin sədri, həmçinin Nəriman Nərimanovun ev-muzeyində, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olub, Botanika bağındakı köhnə müsəlman qəbiristanlığında Azərbaycanın tarixi şəxsiyyətlərinin məzarlarını ziyarət edib.